Milli mətbuatımızın banisi, böyük maarifçi-ziyalı

Bu yaxınlarda “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında”  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən sərəncam imzalanmış, həmin tarixi yubileyin dövlət səviyyəsində keçirilməsi məqsədi ilə müvafiq dövlət qurumlarına tapşırıqlar verilmiş, koronavirus pandemiyası ilə əlaqədar Azərbaycan Respublikasının ərazisində tətbiq edilən karantin rejiminin tələbləri və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri nəzərə alınmaqla ölkə miqyasında yubiley tədbirlərinin yüksək səviyyədə keçirilməsi tapşırılmışdır. Sərəncamda deyildiyi kimi, 145 il əvvəl - 1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüş, sonrakı illərdə çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl milli ideyaların təbliğində böyük xidmətlər göstərmişdir.

 

Klassik mədəni irsə, milli-mənəvi dəyərlərə dövlətin və dövlət başçısının daimi diqqət və qayğısının parlaq təzahürü olan bu tarixi Sərəncamın Həsən bəy Zərdabinin Azərbaycanın mətbuat, məktəb və pedaqoji fikir tarixinin öyrənilməsində, bu böyük ictimai- siyasi xadimin xalqımızın milli oyanışı, özünüdərki və dirçəlişində, milli maarifçilik hərəkatının formalaşmasında, mətbuat və bütövlükdə mədəniyyətimizin tərəqqisi yolunda təmənnasız xidmətlərinin müstəqil milli dövlətçilik təfəkkürü kontekstində yenidən dəyərləndirilməsində, bu böyük fikir və əməl adamının zəngin irsinini dərindən tədqiqi, təbliği və müasir gəncliyə çatdırılmasında müstəsna rolu vardır. Bu tarixi yubileydən söz düşəndə, ilk növbədə, milli mətbuatımızın təməlini qoyan Həsən bəy Zərdabi fenomeni yada düşür.

 

Azərbaycan xalqının intellektual və mədəni inkişafında müstəsna xidmətlər göstərmiş Həsən bəy Zərdabi fenomeninin özəyində o dövr üçün nadir hadisə sayılan ensiklopedizm və universalizmi özündə birləşdirən həqiqi ziyalılıq - xalq arasında maarif işığını, nurunu, ziyasını yaymaq kimi müqəddəs amallar dururdu...

 

Müasirləri böyük Azərbaycan ziyalısı və yeni dövrün ilk  müəllimi, milli mətbuat və teatr sənətinin banisi, Vətənimizdə qadın təhsilinin ilk carçılarından biri olan Həsən bəy Zərdabinin (1842-1907) millət yolundakı tarixi xidmətlərini yüksək qiymətləndirərək onu “Qafqaz müsəlmanlarının atası”, “Zaqafqaziya müsəlman ziyalılarının müəllimi və mənəvi atası”, “Azərbaycanın yolgöstərəni”, “Azərbaycan xalqının birinci universiteti”, “Zaqafqaziya müsəlmanlarının milli oyanışının ilk bələdçisi”, “həqiqi qəhrəman”, “Azərbaycan mətbuatının piri”, “mətbuatımızın patriarxı”,  “jurnalistlərin atası”, “millət mücahidi”, “ürəfa (ziyalı) və danışməndlərimizin ( alim ) sərkərdəsi”, “müsəlman ziyalılarının ağsaqqalı”, “maarif əkinçisi”, “mədəni həyatımızın pioneri”, “müsəlmanlar arasında Avropa təhsili alan ilk azərbaycanlı” kimi yüksək epitetlərlə təqdir edirdilər.

Bu, səbəbsiz deyildi. Çünki bu böyük İNSAN şüurlu həyatının 40 ildən çoxunu dayanmadan, usanmadan, yorulmadan doğma xalqının maariflənməsi, mədəni xalqlar səviyyəsinə yüksəlməsi, ana dilində çağdaş dünyəvi təhsil ocaqlarının yaradılması, milli ziyalıların yetişdirilməsi işinə həsr etmişdi. “Maarifdən, elmdən məhrum olan xalq işıqdan məhrumdur”, -  deyən böyük maarifçi-ziyalı inkişaf etmiş millətlər arasında doğma millətinin də imzasını görmək arzusu ilə ürəyini əfsanəvi Danko kimi məşəl edib, xalqının elm, maarif, təhsil yolunu işıqlandırmışdı. Yandırdığı maarif məşəlini ömrünün sonunadək əlindən yerə qoymamışdı. Qəlbinin hərarətini, gözünün nurunu bu müqəddəs amalın gerçəkləşməsinə həsr etmiş, bu yolda ömrünü şam kimi əritməkdən çəkinməmişdi. Hələ sağlığında özünün maarifçilik ideyalarının gerçəkləşməsinin simvolu olan çağdaş Azərbaycan ziyalılarının böyük ordusunu görmək sevincini də yaşamaq şərəfinə nail olmuşdu. Ömrünün son günlərində - ağır iflic xəstəliyindən dili söz, əli qələm tutmayan anlarında belə uğrunda çalışdığı müqəddəs amalı - millətinin maariflənməsi işini öz şəxsi həyatından uca tutaraq belə bir vəsiyyət də etmişdi:

 

“Sizdən xahiş edirəm ki, mənim üçün təntənəli dəfn mərasimi düzəltməyin. Məni çox sadə dəfn edin. Dəfn üçün xərclənməsi lazım gələn vəsaiti müsəlmanlar (azərbaycanlılar) arasında savad yayan cəmiyyətə verin. Bu, mənim başı bəlalar çəkmiş xalqım üçün daha faydalı olardı...” (“Kaspi” qəz., Bakı, noyabr 1907).

 

Həsən bəy Zərdabi XIX əsrin 2-ci yarısı - XX əsrin əvvəllərində Azərbaycan ictimai-siyasi və mədəni fikir tarixinin təkrarolunmaz simalarından olub, milli maarifçilik, milli oyanış, milli dirçəliş ideyalarının gerçəkləşməsi yolunda misilsiz xidmətlər göstərmişdi. O, maarif və mədəniyyətimizin inkişafına böyük töhfələr vermiş, adını milli mədəniyyət tariximizə əbədi həkk etmiş böyük fikir və əməl adamlarından biri idi. Bu mütəfəkkir alim, görkəmli maarifçi, Böyük Qəzetçinin həyat və fəaliyyəti haqda filosoflar, bioloqlar, pedaqoqlar, tarixçilər, ədəbiyyatşünaslar tərəfindən qiymətli araşdırmalar aparılsa da, bu görkəmli fikir adamının zəngin bioqrafiyasında və ömür yolunda öyrənilməli məsələlər kifayət qədər çoxdur...

 

Ancaq bir həqiqəti etiraf etməliyik ki, H.Zərdabinin çoxcəhətli fəaliyyətində mərkəzi yeri maarifçilik, ana dilində təhsil, qadın təhsili, xalqın maariflənməsi, milli özünütanıma və özünüdərketmə ideyaları təşkil edir. Lakin bu ideyaların o zaman gerçəkləşməsi elə də asan məsələ deyildi. Çünki H.Zərdabinin qızğın fəaliyyət göstərdiyi XIX əsrin 2-ci yarısında bölünmüş Vətənimizin “Azərbaycan” adı xəritələrdən didərgin salınmışdı. Millətin tarixi “türk” adı unutdurulmuş, qurama “tatar” adı da çox hallarda “müsəlman” sözü ilə əvəzlənərək milli mənsubiyyət göstəricisinə çevrilmişdi. Xalq arasında sünni-şiə dini ayrı-seçkiliyi salınmışdı. Belə bir mürəkkəb tarixi şəraitdə xalqa kimliyini anlatmaq, xalqı vahid milli ideya ətrafında toplamaq həyati zərurətə çevrilmişdi...

 

Bu məsələnin tarixindən bəhs edən böyük türk alimi Ziya Göyalp özünün məşhur “Türkçülüyün əsasları” (İstanbul, 1921) əsərində yazırdı ki, bu zamanlarda Əli bəy Hüseynzadə İstanbuldan, Əhməd bəy Ağayev Parisdən, Əlimərdan bəy Topçubaşov Peterburqdan ali təhsil alaraq Bakıya gəldilər. Onlar əl-ələ verərək azərbaycanlılar arasında hakim olan sünni-şiə çəkişmələrini aradan qaldıraraq, bütün azərbaycanlıları milli ideya (türkçülük, müasirlik və islamçılıq) ətrafında birləşdirməyə çalışırdılar. Məhz həmin fikir adamlarının gərgin fəaliyyəti nəticəsində Azərbaycan xalqı islam ümmətçiliyi ilə vidalaşıb türk millətçiliyinə, oradan da milli azadlıq ideyasına tarixi keçid etdi ki, bu tarix keçidin baş ideoloqu,  həmin gənclərin fikir babası Həsən bəy Zərdabi idi.

 

Mətləb aydınlığı üçün bir tarixi faktı yada salmaq yerinə düşər ki, həmin Azərbaycan ziyalıları məhz Həsən bəyin məsləhəti və böyük mesenat Hacı Zeynalabdin Tağıyevin dəvəti ilə Bakıda bir araya gəlmişdilər. Məhz Hacının maddi dəstəyi ilə çap olunan mətbuat orqanlarında (“Kaspi”, “Həyat”, “Füyuzat”, “İrşad” və b.) və digər sahələrdə Böyük Maarifçi ilə çiyin-çiyinə çalışmışdılar...

 

Bu illərdə Həsən bəy Zərdabi Bakıda yaşayıb - yaradan Ə.Topçubaşov, Ə.Ağaoğlu, Ə.Hüseynzadə kimi tanınmış ziyalılarla birgə böyük mesenat, maarifçi-xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin maliyyə dəstəyi ilə millətin oyanışında, insan hüquqlarının qorunmasında, xalqın maariflənməsində və nəhayət milli ideyanın formalaşmasında əvəzsiz vasitə olan mətbuat vasitəsi ilə milli mücadilədə silahdaşları olan həmin ziyalılarla fəal iştirak etmiş, milli istiqlal məfkurəsinin formalaşmasına öz böyük töhfələrini vermişdi. Çünki o dövrün ziyalıları hesab edirdilər ki, “Mətbuat bir millətin lisanı (dili), samiəsi (qulağı), nəzəri (gözü), beyni deməkdir. Mətbuatsız millət söyləyəməz, eşidəməz, görəməz...” (Füyuzat j., Bakı, 1907, N29).

 

Həqiqətən, Həsən bəy Zərdabi  sonralar “milli dövlətçilik tarixinin qızıl mərhələsi” sayılan Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə nəticələnən milli-siyasi dirçəliş ideologiyasının-türkçülük, müasirlik, islamçılıq ideyalarının formalaşmasında müstəsna rol oynamış ictimai xadim idi. Gələcəkdə Cümhuriyyəti quran ziyalıları-ideya yetirmələrini və məsləkdaşlarını ətrafına toplayan böyük ideoloji rəhbər idi...

 

Görünür, Azərbaycan Xalq Cümhuriyyəti rəhbərlərinin dövlət quruculuğunda mənəvi ataları hesab etdikləri Həsən bəy Zərdabinin maarifçilik ideyalarındakı anadilli təhsilə, xüsusən, qadın təhsilinə üstünlük vermələrinin nəticəsi idi ki, bu dövrü tədqiq edən müasir Qərb tarixçiləri bu dövləti düzgün olaraq “ziyalıların hökuməti” adlandırırlar...

 

Azərbaycanın milli təhsil və pedaqoji fikir tarixinə dəyərli töhfələr vermiş, milli maarifçilik hərəkatının böyük carçısı H. Zərdabinin pedaqoji görüşlərində millətin mənəvi tərəqqisi və mədəni yüksəlişində maarifin, elmin, mədəniyyətin, mətbuatın, dilin, dinin müstəsna roluna dair XIX əsrin sonları - XX əsrin əvvəllərində müxtəlif mətbuat orqanlarında dərc edilmiş məqalələrindən iqtibas olunmuş müdrik fikirlərindən bir neçəsini hörmətli oxucuların diqqətinə çatdırmaq istərdik:

 

  • * “ ... Maarifdən, elmdən məhrum olan xalq işıqdan məhrumdur...” ;
  • * “ ... Bizim zəmanəmiz elm zamanıdır və elm təhsil etmək hər tayfaya (millətə, xalqa) vacibdir ki, zindəganlıq davasında (milli mövcudluq mübarizəsində) heç olmasa özünü saxlaya bilsin və elm təhsil etmək ilə tərəqqi edib irəli gedən vaxtda hər tayfa gərək iki şeyi bərk saxlasın ki, bu şeylər hər tayfanın dirəkləri hesab olunurlar və onların tayfa olmağına səbəbdirlər. Bu şeylərin birisi dil və birisi din və məzhəbdir. Elə ki, bunların birisi əldən getdi, tayfanın beli sınan kimidir. İkisi də gedəndə tayfa qeyri tayfalara qarışır, mürur (zaman keçdikcə) ilə yox olur.
  •  
  • * “ ...Qardaşlar oxuyun, elm təhsil edin. Ələlxsus elm təhsil etmək biz Qafqaz müsəlmanlarına vacibdir...”;
  • * “... Doğrudur, bizim də məktəbxanalarımız var, amma onlardan ümdə mətləb, elmi - ədyan (dini elmlər) oxutmaqdır. Elmi-əbdan (dünyəvi elmlər) ya heç oxumuruq, ya oxutsaq da ona elə səy etmirik. Amma təzaqayi- zəmanəyə (dövrün tələbinə) görə  biz də qeyri millətlər kimi elmi-əbdanı elmi-ədyandan ayırıb, onun üçün qeyri məktəbxana bina edib, qeyri müəllimlər təyin edək. Belədə həm mollamız molla , həm də hükəmamız hükəma olub hər bir elm tərəqqi edər, yoxsa bu halda olan kimi hər iki elmin dalınca birdən düşdüyümüzə görə onların hər ikisindən avara oluruq...” ;
  • * “... Əql və elmi ilə insan tamam dünyanı təsəvvür edə bilər. Əql və qanacağın artıq olmağı elm təhsil etmək ilədir... Elm gərək sel kimi axsın, hər istəyən ondan içib doya bilsin..”;
  • * “... Hər bir vilayətin qəzeti gərək o vilayətin aynası olsun. O vilayətin sakinləri elədiyi işlər, onlara lazım olan şeylər, xülasə onların hər bir dərdi və xahişi ol qəzetdə çap olunsun ki, ol qəzetə baxan xalqı aynada görən kimi görsün...” və i.a.

 

Hörmətli oxucu!  Diqqətlə fikir verdinizsə, Həzən bəy Zərdabinin XIX əsrin sonlarında -XX əsrin əvvələrində söylədiyi bu müdrik kəlamlardakı nurlu, işıqlı ideyalar nəinki köhnəlməyib, əksinə günümüzdə də aktuallığını qoruyub saxlamışdır. “Bizim zəmanəmiz elm zamanıdır”, - deyən bu böyük mütəfəkkir millətin milli mövcudluğunun elmlə, maariflə, mədəniyyətlə, dillə və digər milli mənəvi dəyərlərlə inkişaf edəcəyinə, xalqın varlığının həmin dəyərlərlə qorunub saxlanacağına inanır, bu yolda dini və dünyəvi elmlərin məktəbdə ayrılıqda tədrisinin vacibliyini dönə-dönə qeyd edir, mətbuatı xalqın maariflənməsinin təməl vasitələrindən biri hesab edirdi.

 

Əziz oxucu! Gəlin, birlikdə bu böyük maarif fədaisinin, milli mətbuatımızın qurucusunun, millət mücahidinin ömür yoluna nəzər salaq:

 

Həsən bəy Səlim bəy oğlu Məlikzadə (Məlikov) - Zərdabi 1842-ci ildə Şamaxı quberniyası Göyçay qəzasının Zərdab kəndində ziyalı bəy ailəsində dünyaya göz açmışdı. Atası Səlim bəy, babası Rəhim bəy dövrünün açıq fikirli, müasir düşüncəli ziyalılarından olub dünyəvi elmlərin öyrədilməsinə üstünlük verirdilər. Həsən bəy 7-8 yaşlarından bir müddət mədrəsədə oxusa da, ilahiyyətə o qədər də maraq göstərmirdi. Atası balaca Həsəni 1852-ci ildə Şamaxıdakı ibtidai rus məktəbinə qoyur, öz bilik və bacarığı ilə hamının diqqətini cəlb edir. Həmin məktəbin buraxılış imtahanında öz istedadı ilə Qafqaz Təhsil İdarəsi müdirini heyran qoyan Həsən bəy onun təqdimatı ilə dövlət vəsaiti hesabına 1-ci Tiflis gimnaziyasına qəbul edilir. 1861-ci ildə oranı qızıl medalla bitirən Həsən bəyin adı  o zaman gimnaziyada mövcud olan mərmər lövhəyə həkk edilmişdi. H. Zərdabi həmin il Moskva Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin təbiət elmləri şöbəsinə daxil olur. Tezliklə təlimdəki uğurlarına görə  dövlət təqaüdçüsü statusuna yiyələnir. 1865-ci ildə oranı elmlər namizədi diplomu (bu diplom təhsildə ən yüksək müvəffəqiyyətə və əxlaqa görə verilirdi) ilə bitirən ilk azərbaycanlı olur. Tələbəlik illərində o, şərq-islam tarixi üzrə dərin biliyi ilə tarixçi rektor Sergey Mixayloviç Solovyovun diqqətini cəlb edir, bu sahə üzrə onun məsləhətçisinə, dostuna çevrilir. Nəticədə ailə ilə daha da yaxınlaşan Həsən bəy rektorun qızına vurulur. Onunla evlənmək qərarına gəlir. Moskvada qalıb işləmək təklifi alır. Lakin Həsən bəydəki Vətən sevgisi şəxsi məhəbbətinə üstün gəlir. Xalqı qarşısında xristian qızına evləndiyinə görə müsəlman mühafizəkarlarının tənələrindən qorunmaq üçün ilk məhəbbətindən imtina etməli olur. Böyük arzularla Vətənə dönən Həsən bəy bir müddət Tiflisdə torpaq palatası, Bakıda quberniya idarəsi və Qubada məhkəmədə çalışsa da, ciddi çətinliklərlə, hətta həyatına sui-qəsdlə üzləşir, yenidən  Bakıya dönür.

 

Həsən bəyin həyatında onun gələcək ömür yolunu müəyyən edən tarixi hadisə baş verir. Belə ki, 1869-cu ildə böyük çətinliklə Bakı realnı gimnaziyasına təbiət tarixi müəllimi təyin olunur. Bununla da onun həyatında yeni dövr-maarifçilik, xalqın savadlanması, ana dilində təhsil uğrunda mübarizə mərhələsi başlayır. Lakin problemin çətinliyi onda idi ki, Həsən bəy Qafqazda o zaman fəaliyyət göstərən 10 gimnaziyada çalışan müəllimlər içərisində ali təhsilli yeganə azərbaycanlı idi. Azərbaycanlı şagirdlər də yox dərəcəsində idi.Həsən bəy azərbaycanlı uşaqları məktəbə cəlb etmək üçün xalq içərisində təbliğat aparmaqdan yorulmazdı. Günlərin birində bir dəmirçi uşağını məktəbə verməyə razı salan Həsən bəy onu gimnaziyaya düzəldir. Lakin uşağa dəftər-qələm almaqda çətinlik çəkən həmin dəmirçi Həsən bəyə şikayət edərək bu işə görə onu məzəmmət edir. O, dəmirçiyə məsləhət verərək “Çəkic-zindanını, palaz-paltarını sat, amma oğlunu oxut” demişdi. Əslində o, bununla azərbaycanlılara övladının təhsili üçün pul xərcləməyi öyrətmək istəyirdi... Həsən bəy uzun ayrılıqdan sonra Bakıya dönəndə həmin dəmirçinin oğlu ali təhsilli məşhur həkim olmuşdu. Fərhad Ağazadə 1925-ci ildə Azərbaycan mətbuatının 50 illiyinə həsr etdiyi “Həsən bəy Məlikov - Zərdabinin tərcümeyi- halı” kitabçasında həmin həkimin  o zaman ahıl yaşlarında olduğunu yazırdı...

 

Digər bir oxşar maraqlı əhvalatı Həsən bəyin qızı Qəribsoltanın xatirələrindən öyrənirik. Belə ki, günlərin bir günü Qubadan Seyidov soyadlı bir oğlan uşağı “Kaspi” redaksiyasına Həsən bəyin yanına gələrək oxumaqda ona yardımçı olmasını xahiş edir. Uşaqla söhbət edən Həsən bəy zarafatla onu “Azərbaycanın Lomonosovu” adlandırır və evinə gətirir. 10 ildən artıq Həsən bəyin evində yaşayan və məktəbdə təhsil alan həmin uşaq sonralar ali təhsilli tanınmış hüquqşünas kimi yetişir...

 

Belə faktlar yüzlərlədir. Ümumiyyətlə, Həsən bəyi yoxsul və kimsəsiz uşaqların təhsilə cəlb olunması, onların təhsilinə yardım göstərilməsi məsələsi hər zaman narahat edirdi. O, bu məqsədlə müsəlmanlar arasında ilk dəfə 1872-ci ildə Bakıda “Cəmiyyəti-xeyriyyə” də yaratmışdı. Həmin ilin bütün yayını Həsən bəy Zərdabi gimnaziyada təhsil alan şagirdləri - gələcəyin məşhur ziyalıları olmuş Nəcəf bəy Vəzirov və Əsgərağa Adıgözəlov (Gorani) ilə birlikdə Azərbaycanın şəhər və kəndlərini dolanaraq rəsmi dəftərə - “Cəmiyyəti-xeyriyyə”yə üzv yazdırmaqla məşğul olmuşdu. Səfər zamanı toplanan 1600 rubl banka yatırılmış və onun gəliri ilə 2 yoxsul və kimsəsiz şagirdin təhsil haqqının ödənilməsi təmin edilmişdi. Həmin dövrdə subay olan Həsən bəy evində həmin cəmiyyətin pansionunu təşkil edir. Lakin yoxsul və kimsəsiz uşaqların tərbiyəsi və məktəbə hazırlığı ilə məşğul olmaq üçün savadlı türk (azərbaycanlı) qadın müəllim tapmaq zərurəti yaranır...

 

(Ardı var)

 

Əsgər QULİYEV,

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin müdir müavini,  filologiya üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim

 



17.07.2020 | 12:28