Elm Tarixi İnstitutu əməkdaşlarının 2020-ci ilin birinci yarımilinə dair hesabatları

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunda (ETİ) 2020-ci ilin birinci yarımilinə dair onlayn hesabat iclası keçirilib.

 

Tədbirdə institutun əməkdaşları pandemiya dövrü də daxil olmaqla, yarımillik fəaliyyətləri ilə bağlı hesabatlarını rəhbərliyə təqdim ediblər.

 

İclasda bildirilib ki, karantin səbəbindən verilmiş məzuniyyət dövründə tədqiqat işlərini ev şəraitində davam etdirən institut əməkdaşları müxtəlif mövzularda kitab və məqalələr hazırlamaqla yanaşı, onlayn seminar və konfranslara da qatılıblar. Bu müddət ərzində əməkdaşların məqalələri yerli və xarici impakt faktorlu jurnallarda dərc edilib.

 

Tədbirdə institut əməkdaşları tərəfindən ayrı-ayrı mövzularda aparılan tədqiqat işləri, o cümlədən hazırlanıb çapa təqdim olunacaq  kitabların məzmunu müzakirə edilib. Bildirilib ki, ETİ-nin yazıçı-dramaturq   Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyinə həsr etdiyi onlayn elmi konfransa təqdim olunan materiallar da toplanaraq çapa təqdim ediləcək.

 

Tədbirdə oktyabr ayında elmşünaslıqla bağlı keçirilməsi nəzərdə tutulan beynəlxalq seminarın, habelə ictimai-siyasi xadim Nəriman Nərimanovun 150 illik yubileyinə həsr olunan elmi konfransın hazırlıq işləri də müzakirə olunub. İnstitut əməkdaşları bu istiqamətdə topladıqları materiallar və hazırladıqları elmi məqalələrin ümumi məzmunu haqqında məlumat veriblər.

 

Tədbirin sonunda institutun qarşıdakı 6 ayda görəcəyi işlərə dair  plan qəbul edilib.

 

 



21.07.2020 | 17:22