Bakı Ali Neft Məktəbi “Virtual Məzun Günü”nə hazırlaşır

Bakı Ali Neft Məktəbi (BANM) bu il “Məzun Günü” tədbirini virtual formada keçirəcək. Tədbir 28 iyul tarixində saat 17:00-da ali məktəbin sosial şəbəkələrdəki (“Facebook”, “Youtube” və “Instagram”) səhifələrində yayımlanacaq.

 

Təhsil müəssisəsindən bildirilib ki, tədbir ənənəvi formatdan fərqlənsə də, proqram və kompozisiya cəhətdən zəngin tərtib olunub. Tədbirin aparıcısı qismində məşhur aparıcı Leyla Quliyeva  çıxış edəcək.

 

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, BANM-in akademik partnyoru olan Böyük Britaniyanın Heriot-Vatt Universitetinin rektoru Riçard Viliyam məzunları təbrik edəcəklər. Valideynlər adından “İlin tələbəsi” Cavid Məmmədlinin anası çıxış edəcək.

 

Tədbirdə BANM-in ötən ilki məzunlarının dünyanın müxtəlif universitetlərindən və transmilli şirkətlərdən builki məzunlara göndərdiyi təbrik videosu nümayiş olunacaq. Eyni zamanda, bu il təhsildə fərqlənən məzunlar da öz ürək sözlərini bölüşəcəklər.

 

Tədbirin bədii hissəsində musiqi nömrələri, rəqslər, təqdimatlar, əvvəlki Məzun günlərindən maraqlı fraqmentlər nümayiş olunacaq.

 

 

 



22.07.2020 | 15:21