MDU-ya universitet statusu verilməsinin 5 illliyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində (MDU) struktur bölmə rəhbərlərinin, professor-müəllim heyəti üzvlərinin və tələbələrin iştirakı ilə online tədbir keçirilib. Tədbir MDU-nun universitet statusu almaqla yenidən formalaşdırılmasının beşinci ildönümünə həsr olunub.

 

Universitetdən bildirilib ki, əlamətdar gün münasibətilə MDU ailəsinin bütün üzvlərini təbrik edən rektor Şahin Bayramov  Prezident İlham Əliyevin 24 iyul 2015-ci il tarixli sərəncamı haqqında danışıb. Rektor həmin sənədlə Təhsil Nazirliyinin tabeliyində olan Mingəçevir Politexnik İnstitutunun bazasında ali təhsilin bütün səviyyələri üzrə kadr hazırlığını həyata keçirən Mingəçevir Dövlət Universitetinin yaradıldığını diqqətə çatdırıb.

 

Ölkə başçısının təhsilə və təhsil işçilərinə daim yüksək diqqət və qayğı göstərdiyini vurğulayan Ş.Bayramov  MDU-ya universitet statusunun verilməsinin məhz həmin diqqətin bariz nümunələrindən biri olduğunu bildirib. Rektor bu statusun  MDU-nun Mingəçevir şəhəri və ətraf rayonların sosial-iqtisadi inkiafında mühüm rol oynayacaq ali təhsilli mütəxəssis hazırlığındakı imkanlarını əhəmiyyətli dərəcədə artırmış olduğunu qeyd edib.

 

Ş.Bayramov sərəncamın imzalanmasından keçən 5 il ərzində MDU-nun yeni dövrün tələblərinə uyğunlaşdırılmasına və milli ali təhsilimizdəki mövqeyinin gücləndirilməsinə dövlətimiz tərəfindən daimi diqqət və dəstək göstərildiyini xüsusi vurğulayıb. O, sözügeən sərəncama və davamlı dəstəyə görə 30 ilə yaxın müddətdə fəaliyyət göstərən ali təhsil müəssisəsinin kollektivi, tələbələri və məzunları adından Prezident İlham Əliyevə  dərin təşəkkürünü və böyük ehtiramını bildirib.

 

Daha sonra, tədbirdə çıxış edən əməkdaşlar universitet statusunun verilməsi tarixinə göstərilən diqqətin önəmindən, regionda yerləşən MDU-nun hazırda sürətlə modernləşməsindən və müasir təhsil, doğru seçim, uğurlu karyera arzu edən gənclər arasında populyarlığının artmasından bəhs ediblər. Çıxışlarda tədrisin təkmilləşdirilməsi, elmi fəaliyyətin səmərəliliyinin artırılması və çevik idarəetmə texnologiyalarının tətbiqi istiqamətində atılan addımlar sayəsində ali məktəbin  daha böyük uğurlara imza atacağına əminlik ifadə olunub.

 

Qeyd edək ki, 2015-ci ildə universitet statusu əldə edən MDU-nun əsası 1991-ci ildə qoyulub.

 



24.07.2020 | 20:11