"Nitratlarla çirklənmiş torpaq və suyun bimetal nanohissəciklərlə təmizlənmə metodikasının hazırlanması"

Bakı Dövlət Universitetinin (BDU) ekologiya və torpaqşünaslıq fakültəsinin təşkilatçılığı ilə "Nitratlarla çirklənmiş torpaq və suyun bimetal nanohissəciklərlə təmizlənmə metodikasının hazırlanması" mövzusunda onlayn elmi seminar keçirilib.

 

BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Məmməd Rəcəbov karantin döründə keçirilən bu tip onlayn tədbirlərin əsas məqsədinin fakültə əməkdaşlarının, gənc tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsindən ibarət olduğunu bildirib.

 

Seminarın moderatoru, BDU-nun Ekologiya və torpaqşünaslıq fakültəsinin dekanı Nazim Şəmilov fakültənin əldə etdiyi elmi uğurlardan danışıb.  O, koronavirus (COVID-19) pandemiyası səbəbilə BDU-da onlayn formatda uğurla baş tutan konfranslar, elmi seminarlar, ustad dərsləri, müzakirələr, iclasların artıq ənənə halı aldığına diqqət çəkib.

 

Daha sonra ekolji kimya kafedrasının dissertantı Günay Vəliyeva "Nitratlarla çirklənmiş torpaq və suyun bimetal nanohissəciklərlə təmizlənmə metodikasının hazırlanması" mövzusunda təqdimatla çıxış edib.

 

Çıxışda bimetal nanohissəciklərin sintezi, atom mikroskopiyası metodu, elektron dispers spektroskopiya metodu, nanohissəciklərin köməyi ilə nitratların reduksiyası, çirklənmiş tоrpaqlar və su hövzələrinin genetik xüsusiyyətləri, ətraf mühitin qоrunmasının mahiyyəti kimi məsələlərə aydınlıq gətirilib.

 

Tədbirdə çıxış edən digər alimlər məruzə ilə bağlı öz fikirlərini səsləndirərək elmi seminarın çox aktual və əhəmiyyətli bir məsələnin müzakirəsinə həsr olunduğunu nəzərə çatdırıblar.

 

Microsoft Teams platforması üzərindən təşkil olunan elmi seminar çoxsaylı sualların cavablandırılması ilə yekunlaşıb.

 



25.07.2020 | 13:20