“İlk və mükəmməl təcrübə idi”

Koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə çərçivəsində xüsusi karantin rejimi və məcburi sosial təcrid tədbirləri səbəbilə bir neçə ay ərzində, dünyanın əksər ölkələrində olduğu kimi, ölkəmizdə də təhsilin davamlılığında bəzi  çətinliklər yarandı. Bu müddət ərzində tədris imkanlarından səmərəli istifadə və planlaşdırılmış strategiya ilə tədrisin davamlılığının təmin olunması təhsilalanları böyük itkilərdən qoruya bildi. Pandemiya dövründə onlayn tədris tətbiq edilməyə başlandı, bununla da istər orta, istərsə də ali təhsil ocaqlarında tədrisin davamlılığı uğurla həyata keçirildi.

 

Bakı Dövlət Universiteti (BDU) də  mövcüd vəziyyətə uyğun məqsədyönlü addımlar ataraq məsafədən təhsilin təşkili işində uğurlu fəaliyyət göstərdi. Pandemiya şəraitində təhsilin fasiləsizliyini təmin etmək ilk baxışda nə qədər çətin görünsə də, BDU ailəsi bu çətinlikdən də üzüağ çıxdı.

 

Aparılan sistemli təşkilatçılıq sayəsində, ilk olaraq Youtube kanalı vasitəsilə videodərslərin yayımı, daha sonra Zoom platforması üzərindən onlayn dərslərin təşkilinə dair tapşırıqlar verildi və Təhsil Nazirliyinin tövsiyəsi ilə Microsoft Teams proqramı üzərindən dərslərin və imtahanların təşkili müvəffəqiyyətlə baş tutdu.

 

BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi pandemiya şəraitində aparılan işlər, görülən tədbirlər, keçirilən dərslər və imtahanların təşkili haqqında tələbələrin təəssüratlarını təqdim edib.

 

Hüquq fakültəsinin III kurs tələbəsi Mədinə Bağırova imtahanlara hazırlıq prosesinin yazılı imtahan sessiyasına hazırlıq prosesindən ciddi fərqlənmədiyini, ilk dəfə üçün mükəmməl təcrübə olduğunu deyib. Bildirib ki, ənənəvi imtahandan fərqli olaraq  müəllimlə üz-üzə şifahi imtahan zamanı müəllimin hansı cavabı istədiyini daha konkret, daha dəqiq təyin etmək mümkün oldu.  Azərbaycanda onlayn imtahanların ilk dəfə keçirilməsinə baxmayaraq,  Bakı Dövlət Universitetinin bu işin öhdəsindən uğurla gəldiyini söyləyib. BDU Elmi Şurasının tələbələr üçün böyük güzəştlər nəzərdə tutan qərarlar qəbul etməsini isə sevindirici hal kimi dəyərləndirib.

 

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin III kurs tələbəsi İbrahim Seyfullayevin fikrinə görə, sessiyanın uğurla yekunlaşması, imtahanların yüksək təşkili BDU rəhbərliyi və kollektivinin birgə əməyinin sayəsində həyata keçdi. Onlayn təhsil sisteminə adaptasiya dönəmində həm müəllimlərin, həm də universitetdə fəaliyyət göstərən Psixoloji Yardım Sektorunun fəaliyyətinə toxunan İ.Seyfullayev Bakı Dövlət Universitetinin kollektivinə səmərəli fəaliyyətinə görə təşəkkür edib.

 

Fizika fakültəsinin I kurs tələbəsi Nəzrin Musayeva pandemiyanın gətirdiyi problemlərin təhsilalanlardan da yan keçmədiyini bildirib. Universitet tərəfindən qəbul edilən qərarların, problemə verilən cəld reaksiyaların tələbələrin narahatlığını aradan qaldırdığını deyib. İmtahanların şəffaf keçirildiyini vurğulayan tələbə qiymətləndirmədə obyektivliyin maksimum qorunduğunu, bütün qərarların ədalətli və tələbəyönümlü olduğuna diqqət çəkib. İmtahan sessiyası boyunca  başda rektor olmaqla, bütün professor-müəllim heyətinin tələbələrin təhsilinin doğru istiqamətdə inkişafına göstərdikləri səylərdən danışıb. Rektor Elçin Babayevin “Əziz tələbələr, biz daim sizin yanınızdayıq” ifadəsinin tələbələrdə ruh yüksəkliyi yaratdığını xüsusi vurğulayıb.

 

Şərqşünaslıq fakültəsinin IV kurs tələbəsi Nigar Vəliyeva tələbələr üçün ilk dəfə şifahi və onlayn keçirilən  sessiyanın fəaliyyətini uğurlu qiymətləndirib. İmtahan sessiyasında bütün fənlərdən 100(A) alaraq bu semestri də “əlaçı” olaraq başa vurduğunu deyən N.Vəliyeva onlayn imtahanların onun üçün maraqlı təcrübə olduğunu bildirib. Müəllimlərinin imtahanda tələbələrini dəstəklədiyini, əsl motivasiya mənbəyi olduqlarını dilə gətirib, onların hər birinə təşəkkürünü çatdırıb.

 

Jurnalistika fakültəsinin I kurs tələbəsi Əsgər İsmayılov universitetdən kənarda olmalarına baxmayaraq, müəllimlərin nəzarətini, xüsusi qayğısını hiss etdiklərini deyib. Bildirib ki, jurnalistin işi həm də texnologiya ilə bağlı olduğu üçün onlayn imtahanlar jurnalistika fakültəsinin tələbələri üçün bir növ yaxşı fürsət və təcrübə oldu. Ə.İsmayılov hər imtahan öncəsi professor Cahangir Məmmədlinin "Uşaqlar, bütün müəllimləriniz həmişə sizin yanınızdadır"- deməsini dəstəyin nümunəsi adlandırıb. O, qiymətləndirmənin hər bir tələbəni qane etdiyini, tələbələrin əksəriyyətinin imtahanlarda yüksək nəticələr qazandığını söyləyib. Tarix fakültəsinin III kurs tələbəsi Günel Əbdürrəhmənova bu semestrin hər bir tələbə üçün  yeni təcrübə olduğunu bildirib. Universitet rəhbərliyinin, fakültə dekanının, dekan müavinlərinin imtahanlara qoşulduqlarını, daima imtahanların gedişi ilə maraqlandıqlarını müəllim-tələbə həmrəyliyi kimi qiymətləndirib. Yaradılan şəraitə, aparılan uğurlu təhsil prosesinə görə BDU kollektivinə təşəkkür edib.

 

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin IV kurs tələbəsi Mirməhəmməd Hüseynov bildirib ki, imtahanlara hazırlaşarkən, müəllimlər müəyyən dərslərdən əlavə seminarlar, imtahan sualları üzərində və çətinlik yaranan bölmələr üzrə əlavə mühazirələr, məsləhət saatları təşkil ediblər. İmtahan prosesində universitet rəhbərliyi, dekanlığın nümayəndələri və Tələbə Nəzarət Qrupunun üzvləri daim tələbələrlə maraqlanıb. O, pandemiya dövründə universitet rəhbərliyinin qəbul etdiyi qərarların tələbələrin yaxşı nəticələr əldə etməsinə stimul verdiyini, BDU-nun isə onlayn təhsil sisteminə hazır olduğunu deyib.  

 



28.07.2020 | 15:08