Bakı Ali Neft Məktəbində “Virtual Məzun Günü” keçirilib

Bakı Ali Neft Məktəbi (BANM) bu il “Məzun Günü” tədbirini virtual formada keçirib. Ali məktəbin sosial şəbəkələrdəki (“Facebook”, “Youtube” və “Instagram”) səhifələrində yayımlanan tədbirə aparıcılığı tanınmış aparıcı Leyla Quliyeva  edib.

 

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və BANM-in akademik partnyoru olan Böyük Britaniyanın Heriot-Vatt Universitetinin rektoru Riçard Viliyam məzunları təbrik ediblər.

 

Rektor E.Qasımov bildirib ki, təhsil tarixində ilk dəfə olaraq dünya universitetlərində, o cümlədən Azərbaycan ali təhsil müəssisələrində “Məzun Günü” tədbiri keçirilmir:” Bakı Ali Neft Məktəbi olaraq məzunlarımızı virtual şəkildə təbrik etmək qərarına gəldik. Ötən 5 il ərzində müəllimlərimiz üzərlərinə düşən müqəddəs vəzifəni – öyrətmək işini ləyaqətlə yerinə yetirib, valideynlər öz övladları ilə birgə imtahan həyəcanı yaşayıb, onların  uğurlarına sevinib, həmçinin uğursuzluqlarına kədərləniblər. Mən məzunlarımızın valideynlərinə  belə gözəl - bilikli, bacarıqlı, əxlaqlı, vətənpərvər övladlar yetişdirdikləri üçün təşəkkür edirəm”.

 

E.Qasımov Vətən qarşısında borclarını yerinə yetirmək üçün Azərbaycan ordusuna xidmətə yollanan, xarici ölkə universitetlərində təhsillərinə davam edəcək, eləcə də yerli və transmilli şirkətlərdə işə başlayan məzunlara uğurlar arzu edib.

 

“BANM məzunları möhtərəm Prezidentimiz İlham Əliyevin “Biz neft kapitalını insan  kapitalına çevirməliyik” - çağırışının bariz yetirmələridirlər. Əminəm ki, onlar Vətənimiz Azərbaycanın, ailələrinin, ali məktəbimizin şərəfli adını həmişə uca tutacaqlar”- deyə rektor vurğulayıb.

 

Valideynlər adından çıxış edən, bu il ali məktəbdə “İlin tələbəsi”  seçilən Cavid Məmmədlinin anası Gülər Məmmədova  tələbələrin peşəkar ixtisaslı kadr kimi yetişməsində  zəhmət çəkən pedaqoji heyətə təşəkkür edib.

 

Tədbirdə BANM-in ötənilki məzunlarının dünyanın müxtəlif universitetlərindən və transmilli şirkətlərdən builki məzunlara göndərdiyi təbrik videosu nümayiş olunub.

 

Daha sonra bu il bakalavr səviyyəsi üzrə  “İlin tələbəsi” seçilən Cavid Məmmədli, magistratura səviyyəsi üzrə  “İlin tələbəsi” Ramil Şükürov, Prezident təqaüdçüsü, Neft-qaz mühəndisliyi ixtisasının birincisi Nihad Abbasov, Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının birincisi İsmət Ağayev, Yatağın qiymətləndirilməsi və idarəolunması ixtisaslaşmasının birincisi Niyaz Əhmədzadə, Neft-qaz texnologiyası ixtisaslaşmasının birincisi Nizam Zahidli, Biznesin idarəolunması ixtisasının birincisi Güldənə Hidayətli təhsil aldıqları müddətdə əldə etdikləri uğurlar, yiyələndikləri akademik və sosial bacarıqlar barədə təəssüratlarını və xatirələrini bölüşüblər.

 

Tədbirin bədii hissəsində musiqi nömrələri, rəqslər, təqdimatlar, əvvəlki məzun günlərindən maraqlı fraqmentlər nümayiş olunub.

 

Sonda 2019/2020 buraxılış ili üzrə  ali məktəb üzrə birinci olan Cavid Məmmədli adını simvolik kötüyə həkk edib. Virtual tədbir ənənəvi papaqatma ritualı ilə yekunlaşıb.

 



29.07.2020 | 13:30