“Aquahack” yarışmasının qalibi olan AzTU komandası mükafatlandırıldı

“Aquahack” ilk virtual hakaton yarışmasının əsas qalibi olan Azərbaycan Texniki Universitetinin (AzTU) “Arducoman” komandasının üzvlərinə fəxri fərman, sertifikat və mükafat təqdim olunub.

 

Universitetdən bildirilib ki, mükafatlandırma mərasimində rektor Vilayət Vəliyev və “Hackathon Azerbaijan” layihəsinin rəhbəri Rəşad Əliyev iştirak edib. Onlar komandanın üzvlərini təbrik edib, qaliblərə yeni-yeni uğurlar arzulayıb.

 

Xatırladılıb ki, “Aquahack” Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin İnkişaf Proqramının (BMTİP) “Hackathon Azerbaijan” komandası ilə mövcud su problemlərinə texnoloji həllər tapmaq və suyun həyati əhəmiyyəti ilə bağlı maarifləndirmə işinə dəstək vermək məqsədilə keçirdiyi su mövzusunda ilk virtual hakatondur.

 

Yarışma suyun kəmiyyət və keyfiyyətinin qorunması və su ehtiyatlarına təzyiqlərin azaldılması üçün texnoloji ideyalar və həllər təklif etmək məqsədilə keçirilib.

 

AzTU-nun  “Arducoman” komandası münsiflər heyətinin qarşısında virtual formada öz layihəsini təqdim edərək 30-dan çox komanda arasından ən yüksək bal toplayıb və yarışmanın qalibi olub. Qalib komanda 5 min manat mükafat qazanıb. Bundan başqa AzTU-nun Elmi Şurasının qərarı ilə tələbələr universitet tərəfindən də mükafatlandırılıb. 

 

 



29.07.2020 | 16:17