Mərkəzi Elmi Kitabxanada akademiklərin fondu yaradılır

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxananın (MEK) rəhbərliyi  daha səmərəli innovativ xidmət üsulları tətbiq etməklə, kitabxana-informasiya fəaliyyətində əsaslı islahatlar aparmaqdadır. Eyni zamanda, kitabxananın  fondlarının strukturunda da yenidənqurma işləri görülür, yeni fondların təşkili nəzərdə tutulur. 

 

MEK-dən bildirilib ki,  elmin davamlı və sistemli inkişafının təmin edilməsi məqsədi ilə Akademik fondların yaradılması  məqsədəuyğun sayılıb.  

 

Akademik fondlar dedikdə, ayrı-ayrı görkəmli akademiklərin MEK-ə hədiyyə etdiyi və edəcəyi şəxsi  sənəd kolleksiyaları nəzərdə tutulur. Diqqətə çatdırılıb ki, hazırda kitabxanada bu qəbildən Yevgeniy Eduardoviç Bertels, Boris Nikolayeviç Zaxoder,  Y.A.Paxomov,  Mikayıl Useynov, Mirzə İbrahimov, Mahmud Kərimov və Akif Əlizadənin şəxsi kitab kolleksiyaları saxlanılır.

 

MEK Akademik fondların yaradılması üçün AMEA-nın rəhbərliyi və hörmətli akademiklərə müraciət edib. Bildirilib ki, Akademik fondların təşkili elmi biliklərin əldə edilməsinə, tətbiqinə və təbliğinə yönəlmiş innovativ bir prosesdir və MEK-də aparılan islahatların əsas tərkib hissələrindən birini təşkil edir. 

 

Akademik fondlara AMEA-nın  Rəyasət Heyətində, elmi-sahəvi institutlarında çalışan və ya çalışmış, eyni zamanda, elmi dünya miqyasında tanıdan, Azərbaycanın digər elmi qurumlarında müxtəlif elm sahələrini təmsil edən akademiklərin MEK-ə  hədiyyə etdiyi sənədlər, nəşrlər (ənənəvi çap və elektron) və s. ibarət kolleksiyalar daxildir. 

 

Akademik  kolleksiyaların tərkibinə:

  • Elmi əsərləri: elmi yaradıcılıq məhsulları: kitablar, elmi toplular, konfrans materialları, e-nəşrlər, digər yaradıcılıq məhsulları;
  • Hədiyyə olunmuş avtoqraflı nəşrlər;
  • Şəxsi kitab kolleksiyası;
  • Fotosurətlər, reprint nəşrlər,albomlar və s.; 
  • Dövri mətbuat nümunələri və s. daxil ola bilər.

 

Bildirilib ki, fond beynəlxalq aləmdə qəbul edimiş  biblioqrafik standartlara görə kataloqlaşdırılacaq.  Kolleksiyaya daxil olan hər bir sənəd şəxsi möhürlə imzalanacaq, xüsusi  inventar  ştrix-kodu ilə (abbreviatura) qeydiyyata alınacaq. Həmçinin Biobiblioqrafik Elektron Məlumat Bazaları yaradılaraq MEK-in saytında istifadəçilərə təqdim olunacaq. Biblioqrafik göstəricisi də hazırlanacaq. Kolleksiyaların vaxtaşırı, əlamətdar  və tarixi günlərdə müvafiq qaydada  sərgiləri, təqdimat-mərasimləri keçiriləcək. Xüsusi Akademik zalda kolleksiyalara daxil olan sənədlərin istifadəsi açıq rəf üsulunda təşkil ediləcək. Kolleksiyaların mühafizəsi, fiziki və bioloji təsirlərdən qorunması üçün  zəruri şərait təmin olunacaq. Beynəlxalq elmi əlaqələrdə  kolleksiyaların biblioqrafik təsvirlərinin informativ mübadiləsi də  aparılacaqdır. 

 



05.08.2020 | 13:52