“Biz sizdən öyrəndik qəhrəmanlığı”

Mayın 25-də Bakı Slavyan Universitetində (BSU) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Biz sizdən öyrəndik qəhrəmanlığı” adlı təntənəli yubiley tədbiri keçirilib.

 

Tədbir Dövlət himninin səsləndirilməsi ilə bağlayıb. Sonra BSU-nun tələbələri Cümhuriyyət bayramı münasibətilə təbrik nitqi oxuyublar. Onun ardınca Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti ilə bağlı  “Gizli istiqlalçılar” adlı  tarixi-sənədli film nümayiş olunub.

 

Tədbiri açan Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva əlamətdar tarixi gün münasibətilə iştirakçıları təbrik edib. O, Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd edilməsi haqqında 16 may 2017 –ci il tarixli Sərəncamını qədim və zəngin dövlətçilik ənənələrinə malik Azərbaycanın öz dövlətçilik tarixinə yüksək sədaqət və ehtiramı kimi dəyərləndirib. Azərbaycan Xalq Cümhuriyyətini tariximizin ən parlaq səhifəsi adlandıran  rektor müsəlman aləmində ilk parlamentli respublikanın Yaxın Şərqdə gedən proseslərə ciddi təsir göstərdiyini, demokratiya, insan haqları kimi vacib məsələləri gündəmə gətirdiyini xatırladıb.

 

Nurlana Əliyeva AXC-nin tarixindən söhbət açaraq 100 il əvvəl cümhuriyyətin elan edilməsini imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış xalqımızın milli azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrinin davamı olduğunu qeyd edib. O deyib ki, AXC mövcud olduğu iki ilə yaxın müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsində tərəqqisinə böyük töhfələr verilib.  1990-cı illərin əvvəllində Azərbaycanda baş verən hadisələri xatırladan N.Əliyeva xalqımızın xilaskar oğlu Heydər Əliyevin müdrik siyasəti sayəsində dövlət müstəqilliyimizin qorunub saxlanıldığını, ölkəmizin inkişaf strategiyası müəyyən edildiyini, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikamızın bugünkü uğurları üçün hər cür şərait yaratdığını diqqətə çatdırıb.

 

AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Azərbaycan Xalq Cümhuriyyəti ilə bugünkü Azərbaycan Respublikası arasındakı varislik bağlılığından danışıb, Azərbaycan Xalq Cümhuriyyətinin irsinin öyrənilməsi ilə bağlı görülən işlərdən söz açıb.

 

Tədbir konsert proqramı ilə davam edib.

 



29.05.2018 | 14:11