Türkdilli əlyazma və çap kitabları kataloqu

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin Əlyazmalar Fondu tərəfindən hazırlanan “Türkdilli əlyazma və çap kitabları” kataloqu işıq üzü görüb.

 

Bölmədən bildirilib ki, iki hissədən ibarət kataloqda fondda qorunan türkdilli əlyazma və çap kitablarının qısa biblioqrafik təsviri verilib. Birinci hissəyə daxil edilən kitablar “Bədii ədəbiyyat”, “Dilçilik və ədəbiyyatşünaslıq”, “Tarix və ictimaiyyət”, “İlahiyyat və fəlsəfə”, “Pedaqogika, dərslik və dərs vəsaitləri” başlıqları altında qruplaşdırılıb.

 

Yazılma və çap edilmə tarixi 1930-cu ilədək olan bu hissəyə daxil  əlyazma və çap kitablarının hamısı ərəb əlifbasındadır.  Kataloqda onların adı, müəllifi, katibi, yazılma və çap olunma tarixi, xətti, ölçüsü və həcminə aid məlumatlar verilib.

 

Kitabın ikinci hissəsinə isə latın əlifbasında olan kitablar daxil edilib. Ərəb əlifbasında olan kitabların müəllifi və kitabların adı həm ərəb, həm də latın qrafikalı müasir Azərbaycan əlifbasında göstərilib. Əlyazma və kitabların adları yazılma və çap olunma tarixlərinə görə xronoloji ardıcıllıqla verilib. Hər iki hissənin sonunda oxucuların kataloqdan istifadəsinə kömək məqsədi ilə “Göstəricilər” başlıqlı xüsusi bir bölmə də əlavə edilib.

 

Qeyd edilib  ki, fondda türkdilli qədim əlyazma və daşbasma üsulu ilə çap olunan kitablarla yanaşı, XIX əsrin sonlarından etibarən elektrik mətbəəsində çapdan çıxan kitablar da mühafizə olunur. Ümumilikdə sayı 200-ə çatan, elm və mədəniyyətin, tarix və ədəbiyyatın müxtəlif sahələrinə aid həmin əlyazma və çap kitablarının əksəriyyəti muxtar respublikanın müxtəlif ərazilərindən toplanılıb. Fondda qorunan ən qədim türkdilli əlyazma kitabı 1857-ci ildə Əsgər ibn-Hüseyn bəy Ordubadinin sifarişi ilə Məşədi Hacıağa Təbrizi tərəfindən üzü köçürülən Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasıdır. Azərbaycan dilində olan həmin əlyazmaya 22 rəngli miniatür də daxil edilib.

 



08.08.2020 | 14:31