“COVİD-19 və onun təhsildə yaratdığı problemlərin həlli yolları” mövzusunda beynəlxalq video-konfrans

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU)  tarix və coğrafiya fakültəsinin  təşkilatçılığı ilə Amerika Birləşmiş Ştatlarındakı Azərbaycan Diaspora nümayəndələri ilə birgə “COVİD-19 və onun təhsildə yaratdığı problemlərin həlli yolları” mövzusunda beynəlxalq video-konfrans keçirilib.

 

Zoom proqramı vasitəsilə təşkil olunan konfransda 100-ə qədər tələbə və professor-müəllim heyəti iştirak edib.

 

Tədbirin moderatoru  fakültənin  dekan müavini, dosent  Mətanət Əsgərova konfransın məqsədinin dünyada, Azərbaycanda və ADPU-da distant təhsil sahəsində həyata keçirilən tədbirlər haqqında fikir və təcrübə mübadiləsi olduğunu bildirib.

 

ADPU-nun tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov universitet rəhbərliyi adından qonaqları salamlayıb, ADPU-nun bu çətin dönəmdə öz imkanları daxilində onlayn təhsil prosesinə çevik reaksiya verdiyini, bu sahədə  ABŞ və digər ölkələrin təcrübəsinin öyrənilməsinin vacib olduğunu qeyd edib.

 

Konfransda iştirak edən Corc Vaşinqton Universitetinin Proqram direktoru, doktorant Sevinc Məmmədova “Pandemiya dövründə Corc Vaşinqton Universitetində onlayn tədrisin təşkili",   Şimali Dakota Dövlət Universitetinin maliyyə professoru Fariz Hüseynov “Şimali Dakota Dövlət Universitetində  Covid-19-la bağlı tətbiq olunan tədbirlər sistemi”,  Deloitte şirkətinin Vaşinqton ofisinin İnformasiya Texnologiyaları üzrә baş mütәxәssisi Aytәn Әliyeva “Onlayn təhsildə proqram təminatları və onların təhlükəsizliyi məsələləri” mövzularında çıxış edib, bu sahədə ABŞ universitetlərinin təcrübələrini bölüşüblər.

 

Məruzəçilər qlobal pandemiya dövründə onlayn tədrisin təşkilinin üsul və vasitələri, informasiya təhlükəsizliyi məsələləri ilə bağlı beynəlxalq və yerli təcrübədən, bu məsələnin həlli yollarının gələcək perspektivlərindən söz açıblar.

 



09.08.2020 | 12:44