Təhsil naziri İƏT-in Təhsil İnstitutunun Himayəçilər Şurasının iclasında iştirak edib

Avqustun 12-də Təhsil naziri Emin Əmrullayev İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təhsil İnstitutunun Himayəçilər Şurasının videokonfrans formatında keçirilən üçüncü iclasında iştirak edib. Tədbirdə Türkiyənin Milli Təhsil naziri Ziya Selçuk, İƏT-in Baş katibi Hadi Suleymanpur, İranın Təhsil naziri Mohsen Hacı Mirzae, Pakistanın Federal Təhsil və Peşə Təlimi naziri Şəfqət Mahmud və digər yüksək səviyyəli nümayəndələr iştirak ediblər.

 

İclas zamanı çıxış edən Emin Əmrullayev “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq aparılan islahatlar və onların müsbət nəticələri barədə məlumat verib. Nazir həmçinin koronovirus pandemiyası ilə mübarizə çərçivəsində ölkəmizdə təhsilin davamiyyətinin təmin edilməsi məqsədilə atılan addımlar haqqında tədbir iştirakçılarını məlumatlandırıb. Emin Əmrullayev İƏT-ə üzv dövlətlərlə təhsil sahəsində əməkdaşlığın cari vəziyyətinə və perspektivlərinə də toxunub.

 

Tədbirdə Təhsil İnstitutunun fəaliyyətinin gücləndirilməsi məqsədilə 2020-2022-ci illər üçün İş planı qəbul olunub.

 

 



13.08.2020 | 11:13