BDU-da “Abay Kunanbayev-175” adlı onlayn tədbir

Bakı Dövlət Universitetinin (BDU) Rus Mərkəzi Əl-Farabi Qazaxıstan Milli Universitetinin Rus Dili və Mədəniyyəti Mərkəzi ilə birlikdə türk dünyasının ortaq tarixi şəxsiyyəti Abay Kunanbayevin anadan olmasının 175 illik yubileyi ilə bağlı onlayn tədbir keçirib.

 

BDU-dan verilən məlumata görə, tədbirdə Abay Kunanbayevin həyat və yaradıcılığından, qazax və türk dünyası ədəbiyyatındakı rolundan bəhs edilib, ədibin irsinin təbliği istiqamətində görülən işlərdən danışılıb. Qeyd olunub ki, TÜRKSOY tərəfindən türkdilli xalqların ortaq mədəniyyətinin, ədəbiyyatının, eləcə də tarixi şəxsiyyətlərinin tanıdılmasına xidmət  məqsədilə 2020-ci il Türk dünyasında “Abay Kunanbayev ili” elan edilib, həmçinin Beynəlxalq Türk Akademiyasının və UNESCO-nun birgə tədbirlər planı çərçivəsində ədibin yubileyinin beynəlxalq miqyasda qeyd edilməsi nəzərdə tutulub.

 

BDU-nun Rus Mərkəzinin rəhbəri Arzu Məmmədova COVID-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, bu tip görüşlərin keçirilməsinin gənc nəslin maariflənməsində böyük rol oynadığını vurğulayıb.

 

Tədbirin tərəfdaşları qismində BDU ilə yanaşı,  Rusiya Mədəniyyət və İnformasiya Mərkəzinin Qazaxıstandakı nümayəndəliyi, Rusiya Federasiyasının Almatıdakı Baş Konsulluğu və Namangan Dövlət Universiteti də iştirak edib.

 

Qeyd edək ki, BDU-nun Qazax dili, tarixi və mədəniyyəti Mərkəzi A.Kunanbayevin "Düzəliş sözləri", "İskəndər", "Masqut", "Əzim əfsanəsi" əsərlərini qazax dilindən Azərbaycan dilinə tərcümə edib.

 



15.08.2020 | 10:32