6061 nəfər öz peşəsini seçdi

2020-2021-ci tədris ili üzrə tələbə qəbulu prosesində 8263 şəxs elektron qeydiyyatdan keçib.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən verilən məlumata görə, qeydiyyatdan keçənlərin 6061 nəfəri ixtisasını artıq seçib.

 

Xatırladaq ki, peşə təhsili almaq istəyənlər avqustun 24-dək https://qebul.vet.edu.az/ platforması üzərindən ödənişsiz qaydada qeydiyyatdan keçirlər. Qeydiyyat iki mərhələdə olur. Belə ki, qeydiyyatdan keçənlər ixtisas seçimini də yekunlaşdırmalıdırlar. İxtisasları seçdikdən və təsdiq etdikdən sonra, şəxsi kabinetinə daxil olaraq müraciətlərinin statusunu izləyə bilərlər.

 

Qeyd edək ki, buraxılış imtahanında iştirak etməyən şagirdlər də ümumtəhsil müəssisələri tərəfindən şagirdin bitirdiyi tədris ili, təhsil bazası və fənlər üzrə illik qiymətləri qeyd olunan arayış əsasında peşə təhsili pilləsinə qəbul prosesində iştirak edə bilər.

 

Müraciətçinin qeydiyyat prosesi ilə bağlı çətinliyi yaranarsa, şəxsi kabinetində yer alan “təlimat”la, həmçinin “video təlimat”la tanış olmalı, həlli tapmayan digər hallarda Peşə Təhsili üzrə Dövlət Agentliyinin qaynar xətti (012-599-12-77) və sosial media vasitələri üzərindən müraciət ünvanlanmalıdır.
Bildirilib ki, ilk dəfə olaraq cari tədris ilində tələbə qəbul prosesində işəgötürənlərlə birgə ikili proqramlar tətbiq olunacaq. Peşə təhsili almaq istəyənlər arasında ən çox üstünlük verilən ixtisaslar, məhz işəgötürən müəssisələrlə birgə həyata keçirilən ikili proqramlardır.

 

Qeyd edək ki, 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılır.

 

Daha ətraflı məlumatı https://bit.ly/2Q329v6 vasitəsilə, qeydiyyat üzrə təlimatı isə https://bit.ly/3aIvPHP vasitəsilə əldə etmək mümkündür.

 

 



18.08.2020 | 18:27