ADPU-da yenidənhazırlanma və təkrar ali təhsil üçün sənəd qəbulu davam edir

Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2020-2021-ci tədris ili üçün elan edilmiş Azərbaycan dili və ədəbiyyatı, ibtidai sinif, məktəbəqədər təhsil, riyaziyyat, fizika, kimya, biologiya, tarix, coğrafiya, informatika müəllimliyi, korreksiyaedici təlim, təhsildə sosial-psixoloji xidmət, musiqi, təsviri incəsənət müəllimliyi, sosial iş ixtisasları üzrə yenidənhazırlanma təhsili üçün 110-a yaxın və təkrar ali təhsil üzrə 60-a yaxın şəxs sənədlərini artıq təqdim edib.

 

Universitetdən bildirilib ki, hazırda qəbul edilmiş sənədlərin təhlili və tədrisə hazırlıq prosesi gedir.

 

Ödənişli əsaslarla əyani təhsilalma formasında həyata keçirilən hər iki təhsil forması üzrə müvafiq ixtisasda bakalavr və ona bərabər tutulan səviyyə üçün mövcud baza təhsil proqramlarındakı dinləyicinin əvvəlcə aldığı baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsili proqramı arasındakı fərq (1 tədris ili 900 saat) nəzərə alınmaqla aparılır.

 

Yenidənhazırlanma təhsili üzrə 1 tədris ili müddətində təhsil alanlar üçün 1-ci semestrdə əsasən nəzəri və metodoloji dərslər tədris olunacaq. 2-ci semestrdə isə tələbələr təcrübəli metodistlərin rəhbərliyi ilə pedaqoji təcrübə keçəcəklər.Təkrar ali təhsil üzrə qəbul olunmuş tələbə II tədris ilinə qəbul edilir və lazım gələrsə, alt qruplarda fənni dinləyərək I tədris ilindəki akademik borcları da ödəyir.

 

Bildirilib ki, ADPU-nun Davamlı təhsil və innovasiyalar şöbəsi tərəfindən hər iki təhsil forması üzrə sənəd qəbulu davam edir. Təhsil almaq istəyənlər pandemiya şəraiti ilə əlaqədar sənədləri onlayn şəkildə təqdim edirlər. Sənədlərin özü isə tədris prosesi başlayandan sonra sözügedən şöbəyə təqdim olunacaq.

 

Sənəd qəbulu başa çatdıqdan sonra sənəd vermiş şəxslərlə müsahibə uğurla keçdikdə namizədlər müqavilə yolu ilə müraciət etdiyi ixtisas üzrə müvafiq olaraq dinləyici və tələbələr sırasına qəbul ediləcək. Qəbul olunmuş şəxslərlə universitetdə tələbələrlə işin məzmunu, tədrisin təşkili, daxili qaydalar və sair məsələlərlə bağlı ilkin təqdimat aparılacaq, qəbul olunmuş şəxslərin sualları cavablandırılacaq.

 

Məlumat üçün bildirək ki, sənədlər ([email protected]) avqustun 25-dək hər gün vaxt məhdudiyyəti olmadan qəbul edilir.  

 

 



19.08.2020 | 13:27