Fransada qəhrəmanlıq tarixi yazan AZƏRBAYCANLI

2004-cü il. Fransa Sarbon Universiteti. Professor təxminən 100 nəfərdən artıq olan auditoriyada Fransa Milli Müqavimət hərəkatından söz açır. Həmin il Parisin faşist Almaniyasından azad olunmasından 60 il ötürdü. Müqavimət hərəkatında xüsusi qəhrəmanlıq və şücaət göstərən döyüşçülərdən söhbət açan professor bir nəfərin üzərində xüsusilə dayanır. Onun keçdiyi döyüş yolu haqqında danışır. Bəs, kim idi həmin şəxs? Bu şəxs fransızların Armed Mişel, Xarqo kimi tanıdığı həmyerlimiz Əhmədiyyə Cəbrayılov idi. Gizli ləqəbləri ilə işğalçı alman ordusuna qan udduran cəsur gənc Fransanın “Fəxri Legion” ordeni, “Müharibə xaçı”, “Hərbi şücaət xaçı”, “İgidliyə görə”, “Fransa Müqavimət Hərəkatı” medalı ilə təltif edilib. Bu titullar ona Fransada hərbi paradlarda, rəsmi tədbirlərdə generallardan da öndə dayanmaq hüququ verirdi.

 

Şəkidən Fransaya qədər uzanan məşəqqətli həyat yolu

 

Əhmədiyyə Cəbrayılov 1920-ci il 22 sentyabrda Şəkinin Oxud kəndində anadan olub. 1935-ci ildə Şəkidəki Kənd Təsərrüfatı texnikumunun zootexnika və aqronomiya fakültəsinə daxil olur. 1938-ci ildə həmin texnikomu aqronom ixtisası üzrə bitirir. İxtisası üzrə Quba-Qusar-Xaçmaz-Dəvəçi-Yalama rayonlarında işləyir. 1941-ci ildə başlayan Böyük Vətən Müharibəsi bir çox gənc kimi onun da arzularını yarımçıq qoyur. Ə.Cəbrayılov könüllü olaraq cəbhəyə yollanır. Öncə Orconikidze diyarının Nevinnomısk şəhərindəki aviasiya məktəbində hazırlıq keçən gənc Əhmədiyyə bir neçə ay davam edən kurslardan sonra kiçik leytenant rütbəsi alır. Onu Moskva yaxınlığında yerləşən 35-ci divizionun 350-ci bombardmançı eskadriliyasına, texniki xidmət sahəsinə təyin edirlər. 1942-ci ilin aprelində Ə.Cəbrayılov Ukraynanın Donbas şəhərinə göndərilir və orada 350-ci polkun siyasi rəhbərinin köməkçisi təyin olunur. Bu polkun tərkibində o, Ukraynanın Barvinki-Lozovaya-İzyum rayonu ətrafındakı döyüşlərdə iştirak edir. Döyüşlərdə göstərdiyi xüsusi bacarığa görə ona baş leytenant rütbəsi verilir.

 

1942-ci ilin aprel ayında Kursk ətrafında gərgin gedən döyüşlərin birində onun təyyarəsi vurulur. Ağır yaralanan Əhmədiyyə Cəbrayılov almanlara əsir düşür.

 

Nişanlısının verdiyi dəsmal həyatını xilas edir

 

Yaralı Əhmədiyyə almanların Barvinka və Lvov yaxınlığındakı həbs düşərgələrinə göndərilir. Bununla da gənc Əhmədiyyənin əzablı, dözülməz əsirlik həyatı başlayır. Bir düşərgədən başqa düşərgəyə keçid 3 ay davam edir. Hər gün piyada təxminən 60 km yol qət olunurdu. Nəhayət, uzun sürən yolçuluqdan sonra 1943-cü ildə Daxau ölüm düşərgəsinə gətirilir. Daxau düşərgəsində vəziyyət çox açınacaqlı idi. Əsirlərə olmazın işgəncələr verilirdi. Bir gün düşərgədə əsirləri qaz kamerasına salırlar. Bir müddət sonra gözətçilər əsirləri qaz kamerasından çıxardanda onlardan yalnız bir nəfər sağ qalır. Bu, Əhmədiyyə idi. Onu nişanlısının müharibəyə getmədən öncə verdiyi dəsmal xilas edir. Belə ki, Əhmədiyyə qaz kamerasına salınarkən dəsmalı ağzında saxlayır və bu, onu ölümdən qutarır. Kənd camaatı kanala tökülmüş əsir meyitləri dəfn edən zaman onun bədəninin istiliyini hiss edib basdırmırlar. Amma almanlar onu yenidən həbs edib düşərgəyə gətirirlər.  Əhmədiyyə bu dəfə qaçmağa cəhd edir. Bıçaqla silahlanaraq gecənin qaranlığından istifadə edərək gözətçiyə yaxınlaşır və boğazını kəsmək istəyir. Lakin cəhd baş tutmur və nəticədə almanlar tərəfindən Fransanın cənubunda, Tuluza şəhəri yaxınlığındakı daha ağır şəraiti olan Montoban həbs düşərgəsinə göndərilir. Burada o, 4167 nömrəli əsir idi. Bu həbsxanada o vərəm xəstəliyinə tutulur.

 

Almanlar başına böyük məbləğdə pul təyin edirlər

 

1943-cü ildə həbsxana komendantının qulluqçusu madam Jannanın köməyi ilə fransız vətənpərvərləri almanların diqqətini yayındırmaq üçün tabutda gizlənmiş Əhmədiyyəni xilas edərək Jannanın evindəki zirzəmiyə gətirirlər. Sağaldıqdan sonra Əhmədiyyə faşistlərdən qisas almaq üçün qəti qərara gəlir və özünü buna hazır hesab edir. Fransız dilini öyrənir, madam Jannanın sayəsində onun vətənpərvər dostları və partizan hərəkatları ilə əlaqəyə girir, müqavimət hərəkatının kapitan Delplankın (ləqəbi “Düma”) rəhbərlik etdiyi Tarn və Qaron departamentlərindəki 4-cü eskadronun üzvü olur. Əhmədiyyə Cəbrayılovun gizli fəaliyyət ləqəbləri “Xarqo”, “Fraji”, “Qoçaq”, “Ryus Armed” və s. olmuşdur. İşğalçı alman hakimiyyət orqanları onun başına böyük məbləğdə mükafat təyin etmişdilər.

 

1944-cü il 22 mayda Əhmədiyyəni əvvəlcə Kaberta partizan dəstəsinə, sonra isə kapitan Delplankın komandanlıq etdiyi Düma Gizli Ordusuna keçirirlər. O, bu dəstənin Tarn və Qaronun azad edilməsi uğrunda apardığı bütün döyüşlərdə iştirak edir. 1944-cü il 19 avqustda Montobanın azad edilməsi və buna qədərki digər əməliyyatlara qatılır.

 

Tarixi foto: Şarl De Qoll və Əhmədiyyə Cəbrayılov

 

20 avqust 1944-cü ildə azad edilmiş Parisdə general Şarl De Qoll Əhmədiyyə Cəbrayılov ilə görüşür. Müqavimət hərəkatında De Qoll Əhmədiyyəyə bir çox gizli əməliyyatları həvalə etmiş, onun ən yaxın silahdaşlarından hesab edilirdi. Bu görüşü fotoşəkil təsdiq edir, həmin dövrdə Fransa müvəqqəti hökumətinin prezidenti olan Şarl de Qollun iştirak etdiyi banketdə azərbaycanlı gənci görmək olar.

 

28 avqustda Ə.Cəbrayılov Montobanda yaradılan 3-cü briqadaya daxil olaraq Vozj və Elzasdakı döyüşlərdə iştirak edir. 1945-ci il 1 martda o, 3-cü briqadanın 4-cü eskadronuna daxil olur. Bir sıra tapşırıqlarla yanaşı, Əhmədiyyə Cəbrayılov dəmir yol xətlərini partladaraq düşmənin minlərlə fransızı Almaniyadakı həbs düşərgələrinə apararaq işlətmələrinə mane olmuşdur. O, əməliyyatların birində həbs düşərgəsinə aparılan 500-ə yaxın fransız uşağı xilas edən zaman, yaralanmış və alman zabiti formasında olduğu üçün bir müddət alman hərbi hospitalında müalicə almışdır. Müalicəsi bitdikdən sonra, Albi şəhərinə hərbi komendant təyin olunmuşdur. Bir müddət alman zabiti kimliyində partizanlara çox əhəmiyyətli məlumatlar ötürmüşdür. Daha sonra bütün komendatura zabitlərini əsir götürərək partizanlara təhvil vermişdir. O, körpüləri sıradan çıxarır, alman anbarlarını və faşist zabitlərinin yaşadıqları evləri yandırır. Onun başçılığı altında Lion şəhərinin mərkəzində düşmən tankları yandırılır. Müvəffəqiyyətlə aparılan təhlükəli əməliyyatların müqabilində Fransa Kommunist Partiyasının baş katibi Moris Torez ona tapança bağışlayır.

 

Fransa təmamilə işğaldan azad olunduqdan sonra Əhmədiyyə bir müddət həmin ölkədə qalır. 1946-cı ildə o qəti qərara gəlir ki, vətəninə qayıtsın. Fransa onun hərbi şücaətlərini layiqincə qiymətləndirir və o, ölkənin medal və ordenlərilə, o cümlədən şəxsi igidliyə görə “hərbi medal”la təltif olunur (bu medal sıravi əsgərə hərbi paradda generaldan irəlidə addımlamaq hüququ verilir).

 

Vətənə qayıdan qəhrəman təqiblərə məruz qalır

 

25 noyabr 1946-cı ildə Şarl de Qollun köməyi ilə Əhmədiyyə Cəbrayılov SSRİ-yə qayıdır. Lakin əfsuslar olsun ki, o burada vətən xaini kimi qəbul olunur və Moskvadakı yoxlamaların birində onun mükafatlarının bir hissəsi əlindən alınır.

 

1947-ci ildə Sürəyya xanımla ailə qurur və bu nikahdan 7 uşaq dünyaya gəlir.

 

Şarl De Qollun Moskvaya səfəri onun həyatını dəyişir

 

1966-cı ilin yazında Fransa Prezidenti Şarl De Qollun SSRİ-yə səfəri nəzərdə tutulur. Həmin ərəfədə Fransa Prezidentinin Moskvaya rəsmi səfəri ilə bağlı bütün hazırlıq işləri sona çatdırılır, ən xırda detallar belə, dəfələrlə nəzərdən keçirilir. Hazırlıqlarla bağlı SSRİ rəhbəri Leonid İliç Brejnevə məruzələr edilir. De Qollun səfərinə az bir müddət qalmış isə Fransa Prezidentinin protokol xidmətindən Kremlə növbəti teleqram daxil olur. Teleqramda bildirilir ki, Şarl de Qoll səfəri zamanı SSRİ vətəndaşı olan, özünə dost və silahdaş saydığı Armed Mişellə görüşməyi arzulayır və istəyir ki, hava limanında qarşılanma mərasimində bu şəxs də iştirak etsin. Bu haqda Brejnevə məlumat verilir.  SSRİ rəhbəri həmin şəxsin dərhal tapılmasına göstəriş verir. Lakin Armed Mişel adlı şəxs tapılmır. Məsələ Brejnevi və bütün Kremli çox narahat edir. Armed Mişelin axtarışı ilə əvvəlcə təkcə bir nəfər məşğul olurdusa, sonradan bütün Kreml məmurları bu işə cəlb olunur. Dövlət Təhlükəsizlik Komitəsinin, Daxili İşlər Nazirliyinin yerli orqanları, bütün icra strukturları Armed Mişelin axtarışına səfərbər olur. Lakin axtarışlar heç bir nəticə vermir. Təsadüfən Mərkizə Komitədə çalışan bir makinaçı bir neçə il bundan öncə belə bir ada rast gəldiyini xatırlayır. Beləliklə həmyerlimiz tapılır və təcili Moskvaya dəvət edilir. Məlum olur ki, həmyerlimiz 3-4 il bundan öncə də Kremldə olub. Kremldə çalışan bir nəfər onun haqqında Leoni İliçə belə danışır: “O Azərbaycanda yaşayır. Çox qəribə adamdır. Müharibə vaxtı farnsızların partizan dəstələrində olub, qəhrəmanlıq göstərib. Günlərin birində farnsızlar ona 100 min dollar pul göndərmişdilər. Bu azərbaycanlı da bu pulları qəbul etmək istəmirdi. Mən onu təcili Kremlə çağırtdırdım. Dedim ki, səni başa düşürəm, qürurlusan, pulu götürmək istəmirsən, amma onu geri qaytarmaq da düzgün deyil. Nəhayət, onu razı saldım ki, pulları Sülh Fonduna köçürək. Razılaşdı. Daha doğrusu mən onu razılığa gətirdim. Mən onu nahara dəvət etdim. Elə bu ərəfədə də Sülh Fondundan lazımi sənədləri gətirdilər və o bu sənədlərə imzasını atdı”.

 

Bu hadisədən sonra Əhmədiyyə Cəbrayılov Moskvaya dəvət olunur. “Moskva” mehmanxanasında 2 otaqlı “lyuks” nömrədə yerləşdirilir. Səhər tezdən isə onu SSRİ paytaxtında o dövrdə ən iri ticarət mərkəzi sayılan “QUM”un 200-cü seksiyasına aparıblar. Bu seksiya SSRİ-nin ən yüksək vəzifəli şəxslərinə xidmət edib. Onun üçün bir neçə kostyum, köynək, qalstuk və digər paltarlar seçilib.

 

Bundan sonra Əhmədiyyə Cəbrayılovun Brejnevlə görüşü təşkil olunur. Leonid İliç onu doğma adamı kimi qarşılayır.

 

Fransa Prezidenti ilə həyəcanlı görüş

 

Nəhayət, səfər günü gəlib çatır. SSRİ rəhbərləri “Vnukovo 2” hava limanında  ali qonağı qarşılamaq üçün sıraya düzülürlər. Fransa Prezidenti Brejnevlə görüşdükdən sonra ətrafa göz gəzdirir və köhnə dostu “Armed Mişel”i görən kimi ona tərəf iri addımlarla irəliliyir.  Əhmədiyyə Cəbrayılov da həyəcanla dostuna sarı irəliliyir və cəbhə dostları bir-birini bağrına basır. Protokol qaydalarına zidd olan bu mənzərə SSRİ rəhbərlərinin təəccübünə səbəb olur.  Fransa Prezidenti SSRİ-də səfərdə olduğu müddət ərzində Əhmədiyyə Cəbrayılovla birgə nahar edir, köhnə dostlar keçmiş xatirələrdən danışırlar. Şarl de Qollun SSRİ-yə rəsmi səfərindən sonra Əhmədiyyə Cəbrayılovun üzərindən “vətən xaini” adı götürülür.

 

Kremldəki görüşdən sonra həyat öz axarına düşür

 

1970-ci ildə Kənd Təsərrüfatı İnstitutunda təhsilini başa vuran Əhmədiyyə Cəbrayılov sonra Şəki rayonu Nərimanov adına kolxozda baş aqronom işləyir. 1971-ci ildə “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunur.

 

Qəhrəman dəfələrlə Fransaya dəvət alır, döyüş yerlərini gəzir

 

Əhmədiyyə Cəbrayılova 1972, 1975, 1982-ci illərdə döyüşlərdə iştirak etdiyi yerləri gəzməyə icazə verilir. O, Montoban, Rodez, Tuluza, Albi şəhərlərinə gedir, həmçinin Paris, Bordo, Strazburq, Lion, Dijon və Marseldə olur, keçmiş döyüş yoldaşları ilə görüşür. 1975-ci ildəki səfəri zamanı o, Fransa Senatında senator Jak Düklo tərəfindən qəbul edilir və ona bu görüşdən xatirə medalı təqdim olunur.

 

1976-cı ildə müharibədəki iştirakına görə “Oktyabr İnqilabı Ordeni” ilə təltif olunur. 1977-ci ildə Tarn və Qaronda Fransa partizan hərəkatında birgə iştirak etdiyi Rene Şambar SSRİ-yə gəlir və Əhmədiyyə Cəbrayılovla görüşür.

 

1990-cı ildə Şarl de Qollun anadan olmasının 100 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etmək üçün fəxri qonaq qismində Parisə dəvət olunur. Həmin mərasimdə 10 dəqiqəlik çıxış edir.1994-cü il yanvarın 6-da isə Əhmədiyyə Cəbrayılova “Fəxri Legion” ordeni təqdim edilir. O, 10 oktyabr 1994-cü ildə Şəkidə yol qəzası zamanı həlak olur.

 

Qəhrəman atanın qəhrəman oğlu

 

Atalar yaxşı deyib: “Ot kökü üstə bitər”. Əhmədiyyə Cəbrayılovun oğlu Mikayıl hələ uşaq vaxtlarından atası kimi qəhrəman olmağı arzulayırdı. Polis orqanlarında işləyən Mikayıl arzuladığı kimi də oldu. 1990-cı il dekabrın 12-də baş leytenant Mikayıl Cəbrayılov dörd nəfər polis əməkdaşı ilə birgə Qarabağa ezam olunur. Onlar Xocalı rayonu, Cəmilli kəndinin müdafiəsində iştirak etməli idilər. Bu dəstəyə Mikayıl başçılıq edirdi. Polis əməkdaşları əvvəlcə Ağdama gəlirlər. Orada müvafiq tapşırıq aldıqdan sonra Cəmilli kəndinə getmək üçün Şuşaya yola düşürlər. Yolda erməni quldurları tərəfindən bir neçə dəfə hücuma məruz qalırlar. Lakin çətin də olsa təhlükədən sovuşa bilirlər. Bu, o vaxt idi ki, erməni yaraqlıları Dağlıq Qarabağın azərbaycanlılar yaşayan kəndlərinə, eləcə də digər Azərbaycan rayonlarına tez-tez hücum edir, dinc əhaliyə aman vermirdilər. Mikayıl Cəbrayılov dekabrın 15-də mühasirədə qalmış Cəmilli kəndinin əhalisi üçün ayrılmış 4 ton taxılı gətirmək məqsədilə Kosalar kəndinə yola düşür. Onunla birlikdə 15 nəfər də gedirdi. Cəmilli-Kosalar arasında ermənilər qəflətən hücuma keçir. Snayper gülləsi bir polis serjantını yaralayır. Az sonra Mikayıl Cəbrayılov da çiynindən yara alır. O, maşından yerə atılıb, yoldaşlarının həyatını xilas etmək üçün quldurlarla ölüm-dirim savaşına girir. Kənd sakinlərinə döyüş meydanını tərk etməyi əmr edən Mikayıl quldurlarla təkbətək qalır. O, özünü maşının altına verib, avtomatı sinəsinə sıxaraq düşmənə cavab atəşi açmaqda davam edirdi. Artıq kənd sakinləri hadisə yerini tərk edə bilmişdi. Düşmən baş leytenantı mühasirəyə almışdı. Məğlubedilməz qəhrəman artıq son güllələrini istifadə edirdi. Lakin o, yoldaşlarını xilas edə bilsə də, özünü xilas edə bilmədi. Atılan güllələrdən biri onun sinəsinə tuşlandı. M.Cəbrayılov Vətən, xalq yolunda qəhrəmancasına həlak oldu. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Cəbrayılov Mikayıl Əhmədiyyə oğluna (ölümündən sonra) “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

 

Dövlətimiz xalqımızın qəhrəmanlıq tarixində yeri olanlara həmişə xüsusi diqqət yetirir

 

Əhmədiyyə Cəbrayılov dövlətimiz tərəfindən həmişə xüsusi diqqətdə saxlanılmışdır.  Avqustun 11-də ölkə Prezidenti cənab İlham Əliyev Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, 2020-ci ilin sentyabr ayında Azərbaycan xalqının igid övladı, İkinci Dünya müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi, əfsanəvi partizan Əhmədiyyə Mikayıl oğlu Cəbrayılovun anadan olmasının 100 illiyi tamam olur. Əhmədiyyə Cəbrayılov bəşəriyyətin XX əsrdə məruz qaldığı qorxunc faşizm təhlükəsindən xilas edilməsində və nasizm üzərində qələbə çalınmasında böyük xidmətlər göstərmiş Azərbaycan xalqının mərd oğlu kimi rəşadətli döyüş yolu keçmişdir.

 

Niyazi RƏHİMOV



21.08.2020 | 13:21