“Azərbaycanın tibb istiqamətində inkişafına maksimal şəkildə töhfələrimizi verə bilərik”

Məlumdur ki, qloballaşan dünyada dinamik inkişaf edən təhsil sisteminin formalaşdırılması hər bir ölkənin beynəlxalq rəqabətliliyini təmin edən və gücləndirən  həlledici faktorlardan birinə çevrilib.  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” ali təhsil sisteminin yeni və müasir inkişaf  istiqamətlərinin, strateji hədəflərinin müəyyən edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Belə ki, bu proqramın həyata keçirilməsi gənclərə həm elmi tədqiqatlarla məşğul  olmaq, həm də təhsildə fasiləsizlik prinsipini gerçəkləşdirmək baxımından əlavə imkanlar yaradır.  Dövlət Proqramına müraciət edən, proqramın verdiyi imkanlardan yararlanaraq öz tədqiqatçılıq səriştə və bacarıqlarını daha da təkmilləşdirmək, ali təhsilimizin inkişafına töhfə vermək arzusu ilə yaşayan gənclərdən biri də Amerika Birləşmiş Ştatlarında doktorantura təhsili alan Cəmilə Məmmədovadır.

 

Tanıtım. Cəmilə Telman qızı Məmmədova 1988-ci ildə  Bakı şəhərində anadan olub.  47 nömrəli tam orta məktəbi bitirib. 16 yaşında Azərbaycan Dövlət İqtisad Universitetində bakalavr təhsilinə başlayıb.  2005-ci ildə əmək fəaliyyətinə başlaması ilə əlaqədar təhsilini  qiyabi şöbədə davam etdirib və 2009-cu ildə başa vurub.  2011-ci ildə Budapeşt şəhərində yerləşən Mərkəzi Avropa Universitetində “İqtisadi planlaşdırma”  ixtisası  üzrə magistratura, 2017-2020-ci illərdə ABŞ-nın Florida Universitetində “Mikrobioloiya və hüceyrə elmi”  üzrə ikinci bakalavr təhsilinə yiyələnib.  Hazırda isə ABŞ-ın  Cənubi Florida Universitetində tibb üzrə doktorantura  təhsili alır.

 

“Tibbi təkcə nəzəri olaraq deyil, həm də praktiki tərəfindən uşaqlıqdan izləmişəm”

 

- Tibb sahəsinə nə vaxtdan həvəsiniz yaranıb? Niyə məhz həkimliyi seçmisiniz?

- Tibb sahəsinə marağım uşaqlıqdan var idi. Yadımdadır ki, orta məktəbdə təbiət elmlərinə marağım yüksək idi. Fizika, kimya və biologiya kimi fənləri həmişə yüksək həvəslə oxumuşam və məktəbdən sonra kitabxanaya gedib, əlavə ədəbiyyatlardan məlumatlar alırdım. Bundan başqa, ailəmizin üzvü çətin xəstəlik ilə yaşayırdı. Tibbi təkcə nəzəri olaraq deyil, həm də praktiki tərəfindən uşaqlıqdan izləmişəm. Xəstəxanalara tez-tez getməli idik və tibb xidmətlərinin insanların həyat keyfiyyətinə nə dərəcədə təsir etdiyini yaxından yaşamışıq. Tibbi xidmətlərin təkmilləşdirilməsinin necə mümkün olduğunu həmişə düşünürdüm.

 

Ailəmizin məsləhəti ilə ilk karyera addımlarım iqtisadiyyat və strateji planlaşdırma sahəsində olub. Gələcəkdə isə, tibb üzrə doktorantura təhsilini alandan sonra, həm strateji planlaşdırmanı, həm texniki bilikləri əhatə edən perspektivimi tibb sahəsinin inkişafına yönəltmək istəyərdim.

 

“Həkim məsuliyyəti və işə sədaqətliliyi  öyrəndim”

 

- Həkimlik sahəsində ilk iş təcrübəniz barədə nə deyə bilərsiniz?

- Tibb sahəsində ilk təcrübəmi ABŞ-nın xəstəxanalarında almışam. Burada tibb sahəsinə aid olan elmləri oxuyarkən, həftə sonu və ya boş vaxtlarımda  həm xəstəxanalarda çalışırdım, həm də tibbi  öyrənirdim. İlk təcrübəm ümumi xəstəliklərə baxan ailə həkiminin yanında olub. Daha sonra isə oftalmoloqun yanında İnsanın İmmunçatışmazlığı Virusu xəstələrinin göz problemlərini öyrəndim.  İş təcrübəmdən bu sahəyə aid olan həkim məsuliyyəti və işə sədaqətliliyi  öyrəndim. Texniki biliklərin vacibliyi nə qədər yüksək olsa da, pasiyentlərə qarşı diqqətliliyin və qayğının göstərilməsinin vacibliyini də anladım. Yanında işlədiyim həkim həmişə deyirdi ki, “Pasiyentə diqqətlə qulaq asmaq düzgün diaqnozun yarısıdır”. Bunları izləyərkan anlayırdım ki, tibb xidməti yalnız texniki biliklərdən ibarət deyil və ünsiyyət sənətini, bacarıqlarını da əhatə edir.

 

Tibb sahəsində tədqiqatın önəmliliyini də qeyd etmək istərdim. ABŞ-da qabaqcıl xəstəxanalar yalnız yeni tədqiqatlara əsasən müalicə aparırlar. Bu yanaşmanın uğurunu xəstəxanaların statistik göstəricilərindən dərk etmək olur. Misal üçün Tampa şəhərində yerləşən və xərçəng xəstəlikləri üzrə ixtisaslaşan Moffitt xəstəxanasının pasiyentlərinin sağqalma ehtimalı hər il daha da artır.

 

“Azərbaycanın inkişafına maksimal şəkildə töhfələrimizi verə bilərik”

 

- Doktorantura təhsilinizi  Dövlət Proqramı çərçivəsində davam etdirmək hüququ qazandınız. Proqrama qəbul sizin üçün necə keçdi?

- Proses aydın və səliqəli şəkildə aparılıb. Bütün tələb olunan sənədlər öncədən internetdə qeyd olunmuşdu və bu sənədləri toplayıb göndərmək üçüb kifayət vaxt verilmişdi. Proqramda iştirak etmək üçün onlayn şəkildə hesab açdım (login) və tələb olunan sənədləri yüklədim.

 

Qeyd etmək istərdim ki, Təhsil Nazirliyinin işçiləri prosesi çox professional şəkildə aparıblar. Misal üçün, hansısa qeyri-adi sual yaranarkən, email şəkildə suallarımı göndərirdim və cavabı qısa zamanda alırdım.

 

- Ölkəmizdə  yüksəkixtisaslı mütəxəssislərin hazırlanmasında  Dövlət Proqramının rolunu necə qiymətləndirirsiniz?

- Düşünürəm ki, Dövlət Proqramı qərbdə əldə olunmuş bilikləri Azərbaycana inteqrasiya etmək üçün önəmli layihədir.  Ümid edirəm ki, proqram nəticəsində  xaricdə təhsil alaraq Azərbaycanın inkişafına maksimal şəkildə töhfələrimizi verə bilərik.

 

“Əsas tədqiqatımı xərçəng xəstəliyi üzrə planlaşdırıram”

 

- Tədqiqatlarınız barədə danışaq. Hansı ixtisas  üzrə tədqiqat aparmağı düşünürsünüz?

- ABŞ-da tibb üzrə doktorantura təhsili ölkədə ən rəqabətli proqramlardan biri hesab olunur. Digərləri, hüquq məktəbi və mühəndislikdir. Dörd il proqram çərçivəsində biz bir neçə tədqiqat işini aparırıq və elm jurnallarda dərc olunuruq.  Proqrama 2 həftə öncə qatılmışam və artıq birinci tədqiqat işimi başlamışam. Hazırda, immun çatışmamazlığı və yumurtalıq xərçəngi arasında əlaqəni araşdırıram.

 

Əsas tədqiqatımı yenə də xərçəng xəstəliyi üzrə planlaşdırıram. Həm genetik terapiya, həm xüsusi immun müdaxilə terapiyanı dərindən öyrəndikdən sonra, nəticələri tədqiqat işimdə analiz etməyə planlaşdırıram. 

 

- Doktorant kimi aparacağınız tədqiqatların tərəfdaş ali təhsil müəssisəsi üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Cənubi Florida Universitetində (CFU) tədqiqatçılıq fəaliyyəti universitetin ümumi  təhsil siyasətinin mərkəzindədir. Qabaqcıl ali təhsil müəssisəsi olaraq, tədqiqat işlərinə görə Cənubi Florida Universiteti  Amerikada dövlət universitetləri  arasında top-50 universitet siyahısındadır.  Ali məktəb hər il  tibb, təbiət elmləri,  mühəndislik və informasiya  üzrə tədqiqatlar aparır.

 

2017-2018-ci illərdə CFU-nun tədqiqat fəaliyyətinə həsr olunan büdcəsi 500 milyon  ABŞ dollarından artıq idi. Bu,  ona görə önəmlidir ki, yeni tədqiqatlar yeni avadanlıq və bilik ekspertlərini tələb edir. Yaxın zamanlarda   universitetdə  bir elmi konfransda iştirak etmişdim və bəzi alimlər deyirdı ki, tibb sahəsində biliklər hər 18 aydan bir ikiqat artır. İndiki inkişaf sürətinə bərabər inkişaf etmək üçün həm zəhmətkeşlik,  həm də büdcə önəmli faktorlardır.

 

CFU kimi qabaqcıl tərəfdaş universitetlə tədqiqat işlərini aparmağı özümə böyük bir inkişaf imkanı kimi dəyərləndirirəm və böyük məmnuniyyətlə bu işə başlayıram.

 

“Xaricdə yerləşsə də, hər universitet yüksək təhsil təmin edə bilmir”

 

- Azərbaycanlı gənclərin xaricdə təhsil almaq istəklərini nə ilə izah edirsiniz? Xarici universiteti seçərkən nələrə diqqət yetirmək vacibdir?

- Sahədən asılı olaraq, xaricdə təhsil almağın keyfiyyəti böyük üstünlük ola bilər. Misal üçün, hazırda elm yüksək sürətdə inkişaf edir.  Qabaqcıl universitetlər elm sahəsində əldə olunan yenilikləri öz kurikulumuna daxil etmək üçün böyük maliyyə vəsaitləri ayırırlar. Əlavə olaraq, həmən yenilikləri inkişaf etdirmək üçün ali təhsil müəssisələri bir-biri ilə rəqabət aparırlar. Bu rəqabət maliyyə cəhətdən baha başa gəlir və hər universitet lazım olan qədər maliyyə vəsaitlərinə malik deyil. Bu faktor   universitetlər arasında təhsil keyfiyyətinin fərqini bir tərəfdən izah edir. Buna görə, aparıcı universitetlərdə təhsil almaq həqiqətən biliklərin keyfiyyəti üçün böyük üstünlükdür.

 

Eyni zamanda qeyd etmək istərdim ki, təkcə elmi dərəcə deyil, tədqiqat sahəsini də nəzərə almaq lazımdır. Misal üçün, ingilis ədəbiyyatı üzrə PhD proqramına investisiya etmək hazırda prioritet olmaya bilər. Bu cür proqramlar indiki dövrdə  onlayn şəkildə tədris olunur. Ancaq elmi öyrənmək, inkişaf etdirmək üçün xüsusi laboratoriya və avadanlıq tələb olunur. Bu bilikləri yalnız universitetin özündə almaq mümkündür.

 

Bir də universitetin səviyyəsini mütləq nəzərə almaq lazımdır. Xaricdə yerləşsə də, hər universitet yüksək təhsil təmin edə bilmir. Yaxşıdır ki, Dövlət Proqramı yalnız xüsusi universitetləri və ixtisasları nəzərə alır. Mənim fikrimcə, bu, optimal və gələcəkdə böyük fayda verəcək yanaşmadır.

 

“Dövlət qurumları tərəfindən verilən təlimatlara ciddi əməl etməliyik”

 

- Bilirsiniz ki, Azərbaycan hazırda pandemiya ilə mübarizə aparır və bu mübarizədə xaricdə təhsil almış DP məzunları da iştirak edir.  DP məzunlarının bu mübarizədə töhfələrini necə qiymətləndirirsiniz?

- Əlbəttə ki, dünyanı bürümüş bu təhlükəli pandemiya ilə mübarizədə dünyanın ayrı-ayrı ölkələrində tibb  təhsili almış Dövlət Proqramı  məzunlarının iştirakını çox müsbət qiymətləndirirəm. Onlar çox zəruri bir vaxtda öz töhfələrini verirlər.  İnfeksiya ilə mübarizədə ən vacib məqam odur ki, biz hamımız virus, onun fəsadları və təhlükəli nəticələri barədə informasiyanı etibarlı mənbələrdən almalıyıq. Dövlət qurumları tərəfindən verilən təlimatlara ciddi əməl etməliyik. Bu, bir nəfərin, təkcə həkimlərin və ya yalnız dövlətin mübarizəsi deyil. Mübarizədə hər kəsin böyük rolu var və hər bir şəxs məsuliyyət daşıyır.

 

Çox ümid edirəm ki, bu  böhranı  minimal zərərlə  keçərik. Bu, o zaman mümkündür ki, hamımız dövlət qurumları tərəfindən rəsmi şəkildə verilən göstərişlərə əməl edək. 

 

- Qəfil pandemiya dünya səhiyyə sistemi  üçün də ciddi problemlər yaratdı. Necə bilirsiniz, bu xəstəlik  tibb elmi, həkimlər qarşısında hansı vəzifələri, hədəfləri üzə çıxardı?

- Pandemiyaya səbəb olan koronavirus  hələ kifayət qədər öyrənilməyib. Virusun patologiyasını dərindən öyrənmək üçün hələ kifayət qədər məlumatımız yoxdur, buna vaxt lazımdır. Misal üçün, bəzi simptomlar pasiyentlər arasında oxşar olsa da, yeni və gözlənilməyən simptomları da müşahidə edirik.  Bu simptomların virusun mutasiyasına və ya digər faktorlara aid olduğunu anlamalıyıq.

Tibb elmi sahəsi ilə məşğul olan institutlar, alimlər vaksinlərin əldə olunması sahəsində tədqiqatlarını indiyə qədər olmayan sürətdə inkişaf etdirməyə çalışırlar. Alternativ müalicə yanaşmaları da müzakirə olunur. Bu cür  stress vəziyyətdə səhvlərə yol verməmək çox çətindir və eyni zamanda vacibdir.

 

- Bir mütəxəssis olaraq hazırkı pandemik situasiyanı necə qiymətləndirirsiniz? Vətəndaşlara  indiki mərhələdə  nə kimi tövsiyələriniz olardı? 

- İlk növbədə, deməliyəm ki, hazırda virusla bağlı hər hansı proqnozu vermək üçün kifayət qədər məlumatlarımız və təcrübəmiz yoxdur.

 

Tövsiyələrim, ehtiyat tədbirlərinə əməl etmək, sağlam həyat tərzi yaşamaq, sağlam qida almaq, idmanla məşğul olmaq, bir-birinə məsafədən kömək etmək və informasiyanı  yalnız rəsmi mənbələrdən almaqdır.

 

“Qərbdə olan aparıcı təcrübəni Azərbaycana gətirmək istərdim”

 

- Gələcək planlarınız və arzularınız.

- Planım Azərbaycanda tibb sahəsinin inkişafına öz töhfələrimi vermək, bu sahəni  gücləndirməkdir. Bu planın iki böyük məqsədi var. Birincisi, Azərbaycanda yaşayan vətəndaşlarımız üçün daha yüksək səviyyədə tibb xidmətlərini təmin etməkdir. Oxuduğum qabaqcıl tədqiqatları, müalicə protokollarını və Qərbdə olan aparıcı təcrübəni Azərbaycana gətirmək istərdim. İstərdim ki, vətəndaşlarımız,  ailələrimiz, dostlarımız  yüksək tibb xidməti üçün xaricə getmədən, Azərbaycanın özündə bu xidmətləri ala bilsinlər. Ölkəmizdə də yüksək tibb xidmətləri göstərilsin.

 

İkincisi  isə, Azərbaycanda tibb üzrə qabacıl işçi qüvvəsini formalaşdırmaqla regionda tibb üzrə Mərkəz qurmaqdır. Məncə, ölkəmizin ətrafında yüksək səviyyədə tibb xidmətlərini almaq istəyən qonşularımız çoxdur və Azərbaycan bu istiqamətdə liderlik rolunu  apara bilər.

 

Oruc MUSTAFAYEV



21.08.2020 | 14:12