BDU-da "Gənc istedadlar” liseyinə qəbul imtahanı keçirilib

Bakı Dövlət Universitetinin (BDU) “Gənc istedadlar” liseyinə 5-ci sinif üzrə 2020/2021-ci tədris ili üçün qəbul imtahanı keçirilib.

 

BDU-dan bildirilib ki, liseydə təhsil almaq üçün 555 şagird test üsulu ilə imtahan verib.

 

İmtahan prosesi müvafiq qaydalara uyğun şəkildə keçirilib, şagirdlərə öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

 

İmtahan suallarından 25-i ana dili (Azərbaycan dili və ya rus dili), 25-i riyaziyyat, 10-u isə məntiq üzrə olub. Nəticələr sentyabrın 1-dək elan ediləcək.

 

Xüsusi karantin rejiminin tələblərinə əsasən, şagirdlərin yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına buraxılış rejimi növbə ilə, sosial məsafəni gözləməklə təşkil edilib. İmtahan binasına daxil olan şagirdlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan heyəti müvafiq qoruyucu vasitələrlə (əlcək, tibbi maska) təmin edilib.

 

 



26.08.2020 | 11:00