Dağlıq bölgələrin dayanıqlı inkişafı elm və biznes adamlarının müzakirəsində

Elm və biznes işçilərini bir araya gətirən Azərbaycan Milli Təşəbbüs Qrupunun (NIG Azərbaycan) regional dialoqun, əməkdaşlığın inkişafı və planlaşdırılması ilə bağlı ikinci onlayn görüşü keçirilib.

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutundan bildirilib ki, görüşün əsas məqsədi dağlıq bölgələrin dayanıqlı inkişafı üçün mövcud problemlərin aradan qaldırılması, o cümlədən təbii fəlakətlərin effektiv idarə olunması və iqlim dəyişikliyinə uyğunlaşma üçün akademik sektor və praktiklər arasında işbirliyini gücləndirmək məqsədilə əməkdaşlıq mexanizmləri, birgə sistematik tədbirlər barədə razılığa gəlmək olub.

 

İlk iclasda moderator Fuad Bağırov, NIG Azərbaycanın həmsədrləri Ramiz Məmmədov (Coğrafiya İnstitutunun direktoru) və Şamil Hüseynov (Ətraf mühit qanunvericiliyi  üzrə ekspert) Azərbaycan Milli Təşəbbüs Qrupu yarandıqdan sonra təbliğat və əməkdaşlıq baxımından görülən əsas işləri və fəaliyyətləri təqdim edib.

 

İclas üç mərhələdə keçirilib. NIG Azərbaycanın ilk iclasından bəri əldə olunan irəliləyişləri nəzərdən keçirdikdən sonra ikinci mərhələ "Qafqaz dağlıq bölgəsində sığorta tariflərinin hesablanması üçün təbii risklərin qiymətləndirilməsi"  sənədinin müzakirəsinə həsr olunub və “Qala Sığorta” ASC-nin məsul əməkdaşı Ülkər Əhmədzadə “Təbii təhlükələr və risklər” mövzusunda məruzə ilə çıxış edib.

 

Üçüncü mərhələdə "Qafqaz dağlarında şabalıd ağacının itirilmə təhlükəsi"  sənədinin müzakirəsi aparılıb.  Coğrafiya İnstitutunun əməkdaşı, aqroiqlimşünas, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov  “Çox qiymətli bitki - şabalıd” mövzusunda təqdimatla çıxış edib. O, “Şabalıdın nəsli kəsilməyə həssas olan bitkilər” kateqoriyasına aid olmasını xüsusilə vurğulayıb.

 

Təqdimat iştirakçıların böyük marağına səbəb olub. Çünki bir tərəfdən bu məhsul etnik kimliyində simvolik məna daşıyıb, qədim dövrlərdən yerli əhali şabalıddan müxtəlif qida məhsulları hazırlayıb, onun odunundan mebel istehsalında, tikintidə, bəzək əşyalarının hazırlanmasında istifadə edilib. Digər tərəfdən, şabalıd ətraf mühitin dəyişməsinə olduqca həssasdır, buna görə də o, iqlim dəyişikliyinin göstəricisi kimi qəbul edilə bilər. Şabalıd xəstəliklərinin regional səviyyədə nəzərə alınması da tövsiyə edilib.

 

Yekun sessiyada Milli Təşəbbüs Qrupunun üzvləri, alimlər,  praktiklər, habelə dövlət  qurumları arasında əməkdaşlığın və dialoqun artırılması üçün təkliflər verilib. Əməkdaşlıq və təbliğat işlərini gücləndirmək üçün təşəbbüs qrupu üzvləri tərəfindən irəli sürülən müxtəlif təkliflərlə əlaqəli məsələlər müzakirə edilib.

 

Qeyd edək ki, görüş İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin (SDC) maliyyələşdirdiyi “Cənubi Qafqazda İqlimə Uyğunlaşma Qabiliyyətlərinin Gücləndirilməsi” (SCAC) layihəsi çərçivəsində keçirilib.

 



26.08.2020 | 16:31