Növbəti qələbə sevinci: 1 qızıl, 3 gümüş

Məlumdur ki, ölkəmizdə istedadlı uşaqların aşkara çıxarılması, onların elmi biliklərə həvəsləndirilməsi və rəğbətləndirilməsində müxtəlif  fənn olimpiadalarının, bilik  yarışlarının  mühüm əhəmiyyəti var.  Məhz bu olimpiadalarda, bilik yarışlarında fərqlənənlər ölkəmizi mötəbər elm yarışlarında layiqincə təmsil edərək Azərbaycan adına bütün dünyadan olan həmyaşıdları ilə mübarizə aparırlar. 

 

Pandemiya təhlükəsinin  bütün dünyanı cənginə aldığı cari il ərzində də biz şagirdlərimizin bir-birinin ardınca qələbə sorağını aldıq. Öz qələbələri ilə təhsil sistemimizə töhfələr verən şagirdlərimizin növbəti uğur xəbəri   “IBO Challenge 2020” 31-ci Beynəlxalq Biologiya Olmpiadasından gəldi. COVID-19 pandemiyası ilə əlaqədar onlayn keçirilmiş elm olimpiadasında Azərbaycanı təmsil edən şagirdlər 1 qızıl və 3 gümüş medal qazanmaqla böyük uğura imza atıblar. 

 

Dünyanın 52-dən artıq ölkəsindən 200-dən çox şagirdin qatıldığı bilik müsabiqəsində Sumqayıt şəhəri 15 nömrəli tam orta məktəbin X sinif şagirdi Mətin Muradlı qızıl, Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü liseyin X sinif şagirdləri Asiman Ziyəddinov, Sədiyar Qafarov və Bakı şəhəri 102 nömrəli tam orta məktəbin X sinif şagirdi Ranal Qurbanov gümüş medala layiq görülüblər. Bununla da sözügedən olimpiadada 1994-cü ildən iştirak edən şagirdlərimiz tərəfindən ümumilikdə 3 qızıl, 9 gümüş və 12 bürünc medal əldə olunub.  Şagirdlərimizin yarışa hazırlıq prosesi artıq 6 ildir ki, fəaliyyət göstərən Beynəlxalq olimpiadalara hazırlıq mərkəzində həyata keçirilir. Müsabiqədə ilk 3 yeri hər biri 3 qızıl, 1 gümüş medal qazanmaqla Rusiya, Çin və ABŞ məktəbliləri tutublar.  Qürurverici məqamlardan biri də odur ki, Azərbaycan komandası 1 qızıl və 3 gümüş medalla Yaponiya və Sinqapur məktəbliləri ilə yanaşı 5-7-ci yerləri paylaşıblar.

 

Qaliblərlə daha yaxından tanış olaq.

 

“Adımız dünya birinciləri sırasındadır”

 

 

Mətin Muradlı, Sumqayıt şəhəri 15 nömrəli tam orta məktəbin X sinif şagirdi

 

2003-cü il noyabrın 6-da Sumqayıt şəhərində anadan olub. 2010-cu ildə Sumqayıt şəhər M.Füzuli adına 15 nömrəli tam orta məktəbin I sinfinə gedib. 2018-2019-cu tədris ilində Respublika fənn olimpiadalarında biologiya fənni üzrə qızıl medal qazanaraq  “Birincilərin birincisi”  adına layiq görülüb.

 

- Hazırda mövcud olan pandemiya şəraiti bu il olimpiadaların təşkili və keçirilməsi ilə bağlı planları  bir az çətinləşdirdi.  Mart ayından dərslərə bir müddət  ara verməli olduq, karantin müddətinin nə vaxt  bitəcəyini bilmirdik.  Daha sonra başa düşdük ki, vaxt itiririk, ona görə də onlayn dərslərə davam etdik.  Baş verənlərə görə bizdə müəyyən ümidsizlik yaranmışdı, builki olimpiada göstəricilərimizin çox da yaxşı olmayacağından narahat idik. Olimpiadaya az vaxt qalmış Türkiyə milli komandası ilə birlikdə hazırlaşmağa başladıq. Çox sağ olsunlar, öz dəstəklərini  əsirgəmədilər. Biz birlikdə çalışdıq, göstəricilərimizdə onların da çox böyük rolu var.

 

 

Olimpiada  özü videomüşahidə ilə birlikdə müvafiq olaraq nəzəri və praktik hissələr üzrə 11-12 avqust tarixlərində oldu. Sadəcə tapşırıqları,  doğru- dürüst  bir şəkildə yazdığımızı  yoxlamaq,  həm bizim videogörüntülərimizi,  həm yazdığımız  sual-cavab kitabçalarının hər birini  incələmək üçün  çox uzun vaxt sərf olundu. Söhbət 12 günlük bir müddətdən gedir.  Bu 12 günü dözmək bizim üçün heç də asan olmadı. 

 

Nəticələr bizim gözlədiyimizdən də yaxşı oldu, sualları yaxşı cavablandırdığımızı bilirdik, sadəcə olaraq belə bir nəticəni  heç birimiz gözləmirdik. Bu, hər birimiz üçün bir sürpriz oldu, bir-iki il öncə orta məktəbdə  bir sıravi şagird idik, hazırda  adımız dünya birinciləri sırasındadır. Həmçinin,  bu müsabiqə nəticəsində Azərbaycan da kifayət qədər  yaxşı yer əldə etdi, hətta  dünyanın güclü dövlətləri olan Rusiya, ABŞ, Çinlə  yanaşı sıralarda idi.  Bunun özü də bir qürurverici haldır. Bizə bu cür hazırlaşmaq şəraiti yaratdıqları, obyektivliyi təmin etdikləri, ümumiyyətlə, bizi keyfiyyətli şəkildə  olimpiadaya hazırlaşdırdıqları üçün Təhsil Nazirliyinə, olimpiada heyətinə, həm mənəvi, həm də akademik dəstək verdiklərinə görə  Türkiyə milli komandasına təşəkkürlərimi bildirmək istəyirəm.  Onu da  qeyd edim ki, bizi kəşf edən  orta məktəb müəllimləridir.   Mən əvvəllər biologiyanı oxumaq istəmirdim, Aviasiya Akademiyasına getmək istəyirdim, ancaq biologiya müəllimim dedi ki,  yox,  səndə biologiya üzrə istedad var, sən bu istiqamətdə getməlisən. Məni bu  istiqamətə yönləndirdiyi üçün orta məktəb müəllimim Nəzakət  İmaməliyevaya da ayrıca minnətdarlığımı bildirirəm.

 

 

“Təhsilimi xarici universitetlərdə davam etdirməyi düşünürəm”

 

Asiman Ziyəddinov, Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü liseyin X sinif şagirdi

 

2004-cü ildə Şəki rayonunun İnçə-Zunud kəndində anadan olub. 2010-cu ildə İnçə-Zunud kənd tam orta məktəbinin I sinfinə qəbul olub. 2017-ci ildə VII  sinifdə oxuyarkən 3-cü Respublika fənn müsabiqələrinin qalibi olub və  təhsilini Bakı şəhəri Kimya-biologiya təmayüllü Respublika liseyində davam etdirmək şansı əldə edib. 

 

- Liseyə qəbul olduğum ildən  Beynəlxalq Biologiya Olimpiadası hazırlıq komandasında iştirak edirəm. Bu komandada hazırlaşmağın nəticəsi olaraq Respublika fənn olimpiadalarında IX sinifdə gümüş,  X sinifdə isə qızıl medal qazandım. Eyni zamanda, 2019-cu ilin iyul ayında Macarıstanda keçirilən Beynəlxalq Biologiya Olimpiadasında iştirak etdim və həmin ilin dekabr ayında Qətərdə təşkil olunan Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında gümüş medala layiq görüldüm. Bu il isə online keçirilən Beynəlxalq Biologiya Olimpiadasında (IBO Challenge 2020) gümüş medal qazandım. Bu medalı qazanmağımın əsas səbəblərindən biri keçən il İranın olimpiada komandası ilə laboratoriya hazırlıqlarımız və bu il Türkiyənin olimpiada komandası ilə (təxminən 20 gün) online praktiki və nəzəri hazırlıqlarımız idi. Hal-hazırda gələn il Portuqaliyada keçirilməsi planlaşdırılan Beynəlxalq Biologiya Olimpiadasında iştirak edib daha yaxşı nəticə əldə etmək ümidi ilə hazırlaşıram. Gələcəkdə isə təhsilimi xarici universitetlərdə molekulyar biologiya və genetika sahəsi üzrə davam etdirməyi düşünürəm.

 

“Gələcək planlarımdan biri ölkəmə qızıl medal gətirməkdir”

 

Sədiyar Qafarov, Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü liseyin X sinif şagirdi

 

2004-cü il fevralın 22-də Bakı şəhərində anadan olub. Əvvəl 13 nömrəli tam orta məktəbə, sonra isə 308 nömrəli tam orta məktəbə gedib. Məktəblilərarası 3-cü fənn müsabiqəsində iştirak edərək bürünc medal alıb və buna görə də Təhsil Nazirliyi tərəfindən  Kimya-biologiya təmayüllü Respublika liseyində təşkil olunmuş olimpiada sinfinə qəbul olunub. 2018 və 2019-cu illərdə Respublika fənn olimpiadalarında qızıl, 2018-ci ilin dekabrında Botsvanada, 2019-cu ildə Qətərdə keçirilən Yeniyetmələrin Beynəlxalq Elm Olimpiadasında iki dəfə bürünc medal qazanıb. 2020-ci ildə Respublika fənn olimpiadalarında biologiya fənni üzrə qızıl medal qazanaraq “Birincilərin birincisi” nominasiyasına layiq görülüb.

- Səkkizinci sinifdən başlayaraq olimpiadalara hazırlıq məşğələlərinə qatılıram. İldən-ilə biologiya elminə dərindən yiyələndikcə Beynəlxalq Biologiya Olimpiadasında iştirak etməyi arzulayırdım. Keçən ilki komanda seçimlərinin sonuncu mərhələsində kiçik bal fərqi ilə seçilə bilmədim. Hər dəfə beynəlxalq olimpiadalardan digər fənlər üzrə nəticələri eşidərkən biologiyadan da yüksək nəticə əldə edilməsini arzulayırdım. Keçən il şagirdlərimizdən Ramil Xammədov 30-cu Beynəlxalq Biologiya Olimpiadasında bürünc medal almaqla bizim üçün ümid qapısı açdı. Bu tədris ilində sentyabrdan başlayaraq dərslərə daha əzmlə hazırlaşırdım. Sonuncu seçim imtahanında yaxşı nəticə göstərərək komandaya seçilmiş oldum. Bu il biz komanda formalaşandan sonra  hazırlıq prosesini qardaş Türkiyə komandası ilə davam etdirdik. Hazırlıq prosesində gücləndirilmiş rejimdə nəzəri və praktiki biliklər öyrəndik. Olimpiada hər gün ikimərhələli olmaqla 11 -12 avqust tarixlərində keçirildi. İlk gün praktik, sonrakı gün nəzəri test tapşırıqları işlədik. Gələcək planlarımdan biri növbəti biologiya olimpiadasında iştirak edib ölkəmə qızıl medal gətirməkdir. Bununla da hədəfim dünyanın ən qabaqcıl universitetlərinə vəsiqə qazanmaqdır.

 

“Bu çətin günlərdə olimpiadanın təşkilində əməyi olanlara minnətdarlığımı bildirirəm

 

Ranal Qurbanov, Bakı şəhəri 102 nömrəli tam orta məktəbin X sinif şagirdi

 

 

 

2004-cü ildə Lənkəran rayonunda anadan olub. İlk təhsilinə Lənkəran şəhər 4 nömrəli orta məktəbdə başlayıb. Növbəti illərdə təhsilini 6 nömrəli tam orta məktəbdə və “İstək”  liseyində davam etdirib. 

 

-  31-ci Beynəlxalq Biologiya Olimpiadasında gümüş medala layiq görüldüm. Olimpiadada ölkəmi təmsil etdiyim və valideynlərimi sevindirdiyim üçün sevinirəm. Qazandığım olimpiada medalının yaxın gələcəkdə arzuladığım top universitetə qəbul olmağıma imkan yaradacağını düşünürəm. Komanda adından bu nailiyyətimizdə əziyyəti olan bütün müəllimlərimə təşəkkür edirəm.

 

Ümumən, olimpiada ilə bağlı təəssüratlarım çox gözəldir. Pandemiyanın bizə yaratdığı maneələrə rəğmən olimpiadanın təşkil edilməsi çox sevindirici hal oldu. Ruhdan düşmədik, Türkiyə komandası ilə keçdiyimiz dərslər və öz müəllimlərimizlə göstərdiyimiz səylər nəticəsini verdi. Bu çətin günlərdə olimpiadanın təşkilində əməyi olanlara dərin minnətdarlığımı bildirirəm.

 

Medalların sayı artır

 

Qeyd edək ki, Beynəlxalq olimpiadalar Təhsil Nazirliyinin fəaliyyətinin prioritetlərindən biridir. İstedadlı şagirdləri daha erkən yaşlarda müəyyən etmək məqsədilə hər il müxtəlif fənlər üzrə olimpiadalar, müsabiqələr  təşkil olunur. Fənn müsabiqələrinin qalibləri ölkəmizin müxtəlif şəhər və rayonlarında yaradılmış Beynəlxalq Olimpiada Mərkəzlərində xüsusi hazırlıq proqramlarına cəlb edilir. 1992-ci ildən Azərbaycanı müxtəlif olimpiadalarda təmsil edən məktəblilər 29 qızıl, 205 gümüş və 263 bürünc medal olmaqla ümumilikdə 497 medal əldə ediblər. 2013-cü ildən bu günə qədər 8 qızıl, 53 gümüş və 133 bürünc medal olmaqla, 194 medal  qazanılıb ki, bu da bütün medalların təxminən 40 faizini təşkil edir.

 

Xatırladaq ki, riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə təşkil edilən hazırlıq prosesinə hər il müxtəlif yaş qrupları üzrə 300-ə yaxın şagird cəlb edilir. Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə şagirdlər VI-VII sinif şagirdləri arasında keçirilən fənn müsabiqələri və ya Respublika fənn olimpiadalarının  qaliblərindən seçilir.

 

Oruc MUSTAFAYEV

 



28.08.2020 | 14:32