Mərkəzi Elmi Kitabxanada Azərbaycanşünaslıq şöbəsi

Azərbaycan Milli Elmlər Akademiyasının  Mərkəzi Elmi Kitabxanası (MEK) müstəqillik dövründə ölkənin həyatında baş verən yenilikləri, islahatları dəqiq əks etdirməklə yanaşı, yeni texnologiyaların informasiya resurslarının, innovativ ideyaların reallaşdırılmasında fəal iştirak edir. MEK Azərbaycanşünaslığa dair bütün elmi resursları əhatə edərək elektron informasiya mühiti ilə dinamik əlaqəyə öz bəhrəsini verə biləcək, rekonstruksiya olunmuş Azərbaycanşünaslıq şöbəsinin yaradılmasına qərar verib.

 

MEK-dən bildirilib ki, şöbənin əsas missiyası azərbaycançılıq dünyagörüşünün təbliğatçısı olmaqla yanaşı, Azərbaycanşünaslıq elminin, milli-ictimai təfəkkürünün etibarlı və ciddi elmi informasiya bazasının formalaşdırılmasıdır.

 

Şöbədə Azərbaycançılıq və Azərbaycanşünaslığa dair  ictimai, humanitar, dəqiq və yer elmləri sahəsinə dair tədqiqatların nəticələri – dissertasiyalar, monoqrafiyalar, kitablar, elmi toplular və s. sənədlər, materiallar toplanılır.

 

Şöbədə, həmçinin, beynəlxalq aləmdə qəbul edilmiş biblioqrfaik standartlara uyğun sistemləşdirilmə, ənənəvi (əvvəlki illərdə artıq dondurulmuş və nöqsanlı olan aparat-kataloqlar yenidən işlənilməklə) və elektron  informasiya-axtarış aparatının yaradılması, ayrıca ən aktual hesab edilən materialların annotasiyalı elektron məlumat bazasının tərtibi, Azərbaycanşünaslıq baxımından xarici dillərdə və fərqli formatlarda olan əhəmiyyətli nəşrlərin xüsusi bölmələrinin əlavə edilməsi nəzərdə tutulur.

 

Azərbaycançılıq və Azərbaycanşünaslığın aktual mövzularına həsr olunmuş, həm Azərbaycan, həm də xarici dillərdə dövri mətbuat materiallarının elektron məlumat bazasının təşkili də  bura daxildir.

 

Bildirilib ki, mütəmadi olaraq cari, retrospektiv, şəxsi və elmi-sahəvi biblioqrafik göstəricilərin nəşri də şöbənin fəaliyyətinin bir istiqaməti olacaq.

 

Yeni yaradılan şöbənin MEK-in kitabxana-informasiya şəbəkəsinin müasir informasiya-kommunikasiya texnologiyaları bazasında modernləşdirilməsini nəzərdə tutan konsepsiya əsasında əsasnamə və nizamnamə  də hazırlanıb.

 

Əsas məqsəd bütün dünya ölkələri ilə beynəlxalq əlaqələrdə informasiya mübadiləsini apara biləcək Azərbaycanşünaslıq üzrə elektron informasiya mərkəzinin yaradılmasıdır.



31.08.2020 | 14:29