Azərbaycanda Beynəlxalq Təhsil Forumu

1 sentyabr saat 17:00-da “Təhsildə yeni çağırışlar” adlı Beynəlxalq Forum keçiriləcək.

 

TAM - Teaching Advancement Matrix-in (Tədrisdə Ali Matriks) təşkilatçılığı, Təhsil Nazirliyi yanında İctimai Şuranın dəstəyi ilə təcrübə, aktuallıq və mübadilə başlıqları altında keçiriləcək forumun əsas hədəfi yeni dövrün təhsil tələbləri və təhsildə keyfiyyətin yüksəldilməsi ehtiyaclarının müzakirəsidir. "Youtube" üzərindən canlı yayımlanacaq forumda çıxışlar sinxron tərcümə ediləcək. Canlı yayımı bu link vasitəsilə izləyə bilərsiniz: https://bit.ly/31MJkTM

 

Məlumdur ki, COVID-19 pandemiyası nəticəsində 193 ölkədə təhsil müəssisələrinin fəaliyyəti dayanıb. Bir çox ölkələr kimi, Azərbaycan da məsafədən təhsilə keçməyə məcbur olub. Odur ki, mövcud vəziyyəti təhlil, təhsildəki yeni çağırışları müzakirə etməyə ehtiyac yaranıb. Postpandemiya dövründə   təhsildə keyfiyyəti artırmaq üçün nələr etməliyik? Təhsilin keyfiyyətli olması üçün hansı imkanlar var? Təhsilin tərifində, təhsilverənlərin rolunda hansı dəyişikliklər yaranacaq? Təhsilverənlər hansı bacarıqlarını inkişaf etdirməlidir?

 

Forum zamanı çıxışlar və müzakirələr vasitəsilə bu kimi sualların cavablandırılması nəzərdə tutulur.

 

Forumun əsas məruzəçisi (keynote speaker)  PİSA-nın (Program for International Student Assessment - Şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirilməsi proqramı) direktoru Andreas Schleicher olacaq. Azərbaycan 2006-cı ildən həmin proqramın iştirakçısıdır.

 

Bundan başqa, Forumda Azərbaycan Respublikası Təhsil nazirinin müşaviri Elnur Nəsibov, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov, "The Global Prize -2018" müsabiqəsinin qalibi Andria Zafirakou, Britaniya Təhsildə Liderlik, İdarəetmə və İnzibatçılıq Cəmiyyətinin (BELMAS - The British Educational Leadership, Management and Administration Society) rəhbəri, Honkonqdakı ESF Sha Tin Junior məktəbinin direktoru Rehana Shanks, UNICEF Azərbaycanın Təhsil proqramlarının rəhbəri Leyla Həsənova,  Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov, Şimali Kipr Türk Cümhuriyyətinin ikinci prezidenti və sabiq Təhsil naziri Mehmet Ali Talat, xalq yazıçısı Çingiz Abdullayev, Doğu Akdeniz Universitetinin doktorantı, beynəlxalq təlimçi Arzu Soltan, Türkiyənin Yenilikçi Öğrenme Məktəblər Şəbəkəsinin yaradıcısı Kayhan Karlı, Forumun Təşkilat Komitəsinin sədri, TAM-ın baş direktoru Cəfər Mənsimi çıxış edəcəklər.

 

Forumun moderatorları Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tədris işləri üzrə prorektoru Eldar Aslanov və təhsilin idarə olunması üzrə mütəxəssis Salih Sarpten olacaq.

 

Forum günü TAM-ın təsis etdiyi yeni eyniadlı təhsil jurnalı da təqdim ediləcək. Əsas məqsəd bütün öyrənmə proseslərinin maraqlı, yaradıcı, yeni tərəflərindən söz açaraq onları təbliğ etmək, təhsil sahəsində  hiss olunan boşluqları tamamlamaqdır.

 

Forumun informasiya dəstəkçisi Təhsil Forumu-2020 və Təhsil Dünyası/Education World/Мир Образования feysbuk qrupları, Təhsil İdarəçiləri Assosiasiyası, Gənc Müəllimlər Assosiasiyası, "Çinar" Yayımları Nəşriyyatıdır.

 

 



01.09.2020 | 12:41