Professor Həsən Sadıqovun 90 illik yubileyi qeyd edilib

Mayın 29-da Sumqayıt Dövlət Universitetində görkəmli alim, Əməkdar müəllim, professor Həsən Sadıqovun  anadan olmasının 90, elmi-pedaqoji fəaliyyətinin 60 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib.

 

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və  ziyalılar  iştirak ediblər.

 

Tədbiri  rektor, professor Elxan Hüseynov açaraq bildirib ki, professor Həsən Sadıqov ömrünün 56 ilini Sumqayıt Dövlət Universiteti ilə bağlayıb. Müəllimlik fəaliyyəti ilə fəxr edən yubilyar yetirmələri ilə çiyin-çiyinə işləməkdən qürur hissi keçirir. Rektor qeyd edib ki, Həsən Sadiqova təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Prezidentin fərdi təqaüdünün verilməsi universitetin professor-müəllim heyəti və  bütün kollektivi tərəfindən böyük sevinc hissi ilə qarşılanıb. Bu, təltif təkcə professor Həsən Sadıqovun əməyinə deyil, bütövlükdə Sumqayıt Dövlət Universitetinin kollektivinin fəaliyyətinə verilmiş yüksək qiymətdir. Əsl alim və əsl insan ömrü yaşayan Həsən Sadıqovun  həyatı, əməlləri gənc nəsil üçün layiqli örnəkdir.

 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək ümummilli lider Heydər Əliyev ideyalarını uğurla həyata keçirən ölkə Prezidenti  İlham Əliyevin elmin inkişafına daim böyük önəm verdiyini vurğulayıb, bu sahəyə göstərilən dövlət qayğısından söz açıb. Bildirib ki, alimin böyüklüyü onun intellekti, yetirdiyi kadrlar, elmə verdiyi töhfələr, yazdığı elmi əsərlərlə müəyyən olunur. Bu baxımdan Azərbaycanın görkəmli alimi, Əməkdar müəllim, professor Həsən Sadıqovun şərəfli ömür yolu elmə xidmətin bariz nümunəsidir.

 

Sonra Zakir Fərəcov Azərbaycan Prezidenti İlham Əliyevin Həsən Şiralı oğlu Sadıqova təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncamını oxuyub.

 

Tarix və coğrafiya fakültəsinin dekanı, professor Adil Baxşəliyev, elm və innovasiyalar üzrə prorektor, professor Ramazan Məmmədov, “Neft kimyası və kimya mühəndisliyi” kafedrasının müdiri, professor Əkbər Ağayev, “Xarici dillər” kafedrasının müdiri,  professor Nigar İsgəndərova, professorlar  Nadir Kazımov, Məhəmmədəli Zərbəliyev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Nemət İbayev və  Həsən müəllimin tələbə yoldaşı professor Atamoğlan Həsənov  alimin mənalı və şərəfli ömür yolundan, elmi fəaliyyətindən bəhs ediblər, onun milli ideayalara bağlı nəcib şəxsiyyət olduğunu vurğulayıblar.

 

Professor Həsən Sadıqov əməyinə verilən yüksək qiymətə görə ölkə başçısına dərin minnətdarlığını bildirib. Qeyd edib ki, dəfələrlə ali mükafatlara layiq görülsə də yubiley ərəfəsində təltif olunduğu bu mükafat onlardan ən alisidir.

 

Tədbirin sonunda professor Həsən Sadıqova hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkdirilib.

 

 

 



30.05.2018 | 17:53