Beynəlxalq olimpiada hərəkatında növbəti İLK

Avqustun 29-30 tarixlərində virtual formatda keçirilən Avropa Coğrafiya Olimpiadasından gələn xoş xəbər Azərbaycan təhsili üçün növbəti ilklərdən biri oldu. Belə ki, şagirdlərimiz 2015-ci ildən etibarən keçirilən bu yarışa ilk dəfə qatılsalar da, böyük uğura imza atdılar. Olimpiadaya həm aşağı, həm də yuxarı yaş qrupu üzrə qatılan Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi Mustafa Bayramlı və Bakı şəhəri 309 nömrəli tam orta məktəbin IX sinif şagirdi Hüseyn Hüseynli bürünc medala layiq görüldülər.  Xatırladaq ki, sözügedən elm yarışına 14 ölkədən 73 şagird qatılıb.

 

“Xoşbəxtəm ki, mənə olan etimadı doğrultdum”

 

Layihə iştirakçıları əvvəlki tədris illərinin Respublika fənn olimpiadaları qalibləri arasından seçilib. Həmin qaliblərdən biri, sözügedən olimpiadanın bürünc medalçısı, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagird Mustafa Bayramlının bu uğurunun başlıca səbəbi coğrafiyaya olan sevgisidir: “Coğrafiyaya marağımı müəllimlərim yaratdı. Müəllimlərim ailəmlə birgə çalışdılar və məhz onların dəstəyi nəticəsində uğur qazandım. Coğrafiya üzrə respublika fənn olimpiadalarında 2 dəfə gümüş, 1dəfə qızıl medal əldə etdim. Bu göstəricilərim sayəsində coğrafiya müəllimi Yaşar Seyidəliyevin də diqqətini cəlb etdim. Aylarca onunla hazırlaşdıq. Bu son uğurum, ən əsası, çəkdiyimiz əziyyətlərin hədər getməməsi məni çox qürurlandırdı. Coğrafiyanı sevdiyimi hamı bilir. Ona görə nəinki müəllimlərim, ətrafımdakı hər kəs məndən bu uğuru gözləyirdi. Bu gözləntilər elm yarışında üzərimə əlavə məsuliyyət də qoyurdu. Həm də ona görə xoşbəxtəm ki, mənə olan gözləntiləri, etimadı doğrultdum”.

 

Mustafa coğrafiya üzrə hazırlıqlarından da həvəslə danışıb: “Hazırlığımız keçən ilin payızında başladı. Biz beynəlxalq coğrafiya olimpiadasına hazırlaşırdıq. Təbii ki, o vaxt hələ pandemiya yox idi. Real hazırlıqlarımızı pandemiyadan sonra virtual davam etdirdik. COVID-19 hazırlıqlarımıza mane olmasa da, olimpiadanın keçirilməsinə mane oldu. Beynəlxalq coğrafiya olimpiadası təxirə düşdü. Biz də Avropa Coğrafiya Olimpiadasına qatıldıq”.

 

M.Bayramlının məktəblilərə tövsiyəsi də var: “Təhsil Nazirliyi müxtəlif fənlər üzrə beynəlxalq olimpiadalara hazırlığı təşkil edir. Bu hazırlıq üçün məktəblilərdən, sadəcə elmə həvəs tələb olunur. Bütün xərcləri dövlətimiz ödəyir. Ona görə də həvəsi və yüksək göstəriciləri olan şagirdlər akademik maraqlarını erkən yaşlarından müəyyənləşdirsinlər və bu yolda bütün resurslardan istifadə etsinlər”.

 

“İlk medalçılardan olmağın qürurunu yaşayıram”

 

Avropa Coğrafiya Olimpiadasının bürünc medalçısı Hüseyn Hüseynli isə bu yarışda Azərbaycanı aşağı yaş qrupunda təmsil edib. O, respublika fənn olimpiadasının ikincisidir: “Bu olimpiadada iştirak yer tutmağımdan asılı olmayaraq, məndə çox yaxşı təəssüratlar yaratdı. Yeni insanlar tanıdım. Komandamızın üzvləri və müəllimimiz Yaşar Seyidəliyevlə tanış oldum. Belə şanslar insanın qarşısına az-az çıxır və mən də bu şansı dəyərləndirə bildiyimə görə sevinirəm. Ən çox da Avropada Azərbaycanın ilk medalçılarından olmağın sevincini və qürurunu yaşayıram”.

 

H.Hüseynlinin sözlərinə görə, belə bir yarışda medal qazanmaq onun üçün asan olmayıb: “Bu yarışa onlayn şəkildə bir ay hazırlaşdıq. Beynəlxalq olimpiadaya hazırlıq təcrübəsi olan Yaşar Seyidəliyev komandamızla işlədi. Olimpiadanın çətinliyi burada mövzuların bizim cografiya sistemindən fərqli olması ilə bağlıdır. Az müddətdə tamam fərqli bir sistemə uyğunlaşmağa çalışdıq. Termin fərqliliyi, mövzu fərqi istər-istəməz öz təsirini göstərir”.

 

Bu çətinliyə baxmayaraq, Bakı məktəblisi adını qaliblər sırasına yazdıra bilib. Uğurunun arxasında isə özünün marağının və müəlliminin doğru yönləndirməsi olduğunu deyir: “Coğrafiya mənim üçün maraqlıdır. Dünyaya aid hər şeylə maraqlanıram. Maraqlandığım üçün də suallarıma cavab axtarıram. Cavabı harda tapacağıma dair müəllimimdən tövsiyələr alıram. Məktəbdə müəllimim Vüsalə Qarayeva ilə respublika fənn olimpiadasına hazırlaşdım və ikinci oldum. Coğrafiya üzrə beynəlxalq olimpiadalara hazırlıq mərkəzində hazırlaşmağı çox istəyirəm. Məni də cəlb etsəydilər, çox yaxşı olardı”.

 

Qalib layihənin böyük uğuru

 

Avropa Coğrafiya Olimpiadasına hazırlıq prosesi Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Beynəlxalq Coğrafiya Olimpiadalarına (The International Geography Olympiad (iGeo)) hazırlıq” layihəsi əsasında, Beynəlxalq olimpiadalara hazırlıq mərkəzində həyata keçirilib. Layihənin müəllifi, coğrafiyaçı, şagirdlərin sevimli müəllimi Yaşar Seyidəliyev coğrafiya üzrə təhsil tariximizdə ilk beynəlxalq uğurun qazanılmasından və bu uğura aparan yolda hazırlıq prosesinin təşkilinin önəmindən danışıb: “Təhsildə inkişaf və innovasiyalar üzrə III və IV qrant müsabiqələrində layihəmiz qalib elan olundu. 2019-cu ilin oktyabr ayından etibarən biz hazırlıq dərslərinə başladıq. Hazırlıqlar Nəsimi rayonu 8 nömrəli məktəbdə və Fortis Academy-də təşkil edildi. Hazırlıq dərsləri tamamilə pulsuz idi və xərclər qrant vəsaiti ilə qarşılanırdı. Dərslər şənbə günü keçirilirdi. Bu müddətdə şagirdlər üç dəfə imtahan verdilər. Qeyd edim ki, Beynəlxalq Coğrafiya Olimpiadasına hazırlıq bir prosesdir və bu işdə bir çox insanın əməyi var. Elnur Osmanov, Şövqiyyə Məlikova, Aliyə Süleymanova, Vüqar Mahmudov, Mahir Sərkərli, Fuad Quliyev, 8 nömrəli məktəbin rəhbəri Aytən Baxşıyeva və “Fortis Academy”-nin rəhbəri Ramil Hacıyevin adını xüsusi qeyd etməliyəm”.

 

Beynəlxalq Coğrafiya Olimpiadası (iGeo) 1996-cı ildən təşkil olunur. Azərbaycandan ilk dəfə 2015-ci ildə müşahidəçi kimi iştirak edən Y.Seyidəliyevin sözlərinə görə, bu il, 2020-ci ildə növbəti, 17-ci Beynəlxalq Coğrafiya Olimpiadasının Türkiyədə keçirilməsi nəzərdə tutulurdu: “Bu il uğurlu çıxış edəcəyimizə ümidli idik. Şagirdlər çox yaxşı hazırlaşmışdı və kifayət qədər güclü idilər. Lakin mövcud vəziyyəti dəyərləndirən təşkilatçı heyət olimpiadanı təxirə salmaq qərarı verdi. Biz də Avropa Coğrafiya Olimpiadasına müraciət etdik”.

 

Beynəlxalq olimpiadalarda yaş kriteriyası olduğunu, sadəcə 16-19 yaşlı və ən güclü şagirdlərin iştirak etdiyini vurğulayan Y.Seyidəliyev Avropa coğrafiya olimpiadasının şərtlərinin bu cəhətdən daha geniş imkanlar verdiyini deyib. Belə ki, Avropa coğrafiya olimpiadasında iki yaş - kiçik yaş (12-15 yaş) və yuxarı yaş (16-19 yaş) kateqoriyaları var: “Hər iki kateqoriya ilə iştirak etdik. Avropa Coğrafiya Olimpiadasında bu, ilk iştirakımız idi. Halbuki bu yarışa məktəblilərimiz cəmi bir ay onlayn hazırlaşa bildi. Amma biz Azərbaycan komandasına güvənirdik. Komandamızın şagirdlərinin hamısı RFO qalibləridir”.

 

Yaşar müəllim onu da qeyd edib ki, əslində, məktəblilərimizin Azərbaycandan kənarda coğrafiya üzrə yarışı qazanması çox çətindir: “Milli kurikulumla beynəlxalq kurikulum çox kəskin şəkildə fərqlənir. Sadəcə sualların başqa dildə olması deyil, quruluşu da fərqlidir. Avropada dərslər beynəlxalq kurikulum əsasında keçirilir və eyni proqram əsasında qurulan olimpiadalarda iştirak və uğur qazanmaq o məktəblilər üçün çətin deyil. Bizim məktəblilər isə milli kurikulum əsasında dərs keçir və Hüseyn Hüseynli kimi şagirdlərin uzun müddət xüsusi hazırlıq keçmədən belə bir yarışda uğur qazanması “evrikadır”. Qısa müddətdə, cəmi bir ay hazırlıqlara qatılmaqla belə bir nəticə əldə etməsi şagirdimizin böyük potensialının göstəricisidir”.

 

Yaşar Seyidəliyev onu da bildirib ki, bu il də Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsində layihəsi qalib elan olunub və növbəti tədris ilində də hazırlıqlar təşkil ediləcək. “Tezliklə feysbuk üzərindən (https://www.facebook.com/groups/1660060690947078) qeydiyyat barədə elan verəcəyəm. 15-19 yaşlı şagirdlər qeydiyyatdan keçərək onlayn hazırlıqlara qatıla biləcəklər. Hazırlıq prosesinə qatılacaq şagirdlərin sayında hər hansı məhdudiyyət qoyulmayıb. Əsas tələb ondan ibarətdir ki, coğrafiya fənni üzrə nailiyyətləri olsun. Beynəlxalq yarışlarda şagirdin ingilis dili biliyinin olmasının önəmini nəzərə alaraq, bu dili bilənlərə üstünlük veriləcək. Hazırlıqların onlayn olması rayonlarda təhsil alan və sadalanan şərtləri ödəyən şagirdlərin də qeydiyyatdan keçməyinə imkan verəcək”.

 

Y.Seyidəliyev onu da əlavə edib ki,  hazırlıq prosesində 3 sınaq imtahanı keçirilir. Həmin imtahanlarda sualların yarısı milli kurikuluma, yarısı isə beynəlxalq kurikuluma uyğun qoyulur. Sınaqda uğursuz nəticə göstərənlər ələnmir. Ancaq uğurlu nəticələri olanlarla bağlı böyük planlar var: “Hazırlıq prosesində daim monitorinq aparılır və şagirdlərin dinamik inkişafı izlənilir. Bildiyiniz kimi, beynəlxalq elm yarışlarında iştirak edəcək komandalar ən çox 4 nəfərdən təşkil olunur. Keçirilən imtahanlarla qiymətləndirilən şagirdlər arasında ortalaması aşağı olanlar ələnmir. Hazırlıqları davam edən şagirdlər arasından komanda üzvləri seçilir və şərtlərin içərisində RFO qalibi olmaq var. Bununla da, qeyd edilən meyarları ödəyənlər beynəlxalq coğrafiya müsabiqələrinə cəlb edilirlər”.

 

Bu, milli olimpiadalarımızın uğurudur

 

Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev də coğrafiya üzrə Avropa səviyyəsində keçirilən bir yarışda məktəblilərin uğurunu ölkə təhsili üçün böyük nailiyyət hesab edir: “Ölkəmiz müstəqillik qazanandan bəri ölkə məktəbliləri 5 fənn üzrə beynəlxalq yarışlara, olimpiada və müsabiqələrə qatılıb, müxtəlif nailiyyətlər qazanıblar. Bu dəfə ölkə məktəbliləri tamamilə fərqli bir istiqamət üzrə, özü də pandemiya dövründə böyük nailiyyət əldə etdilər. İlk dəfə iştirak etməyimizə baxmayaraq, belə bir uğur qazanmağımız kifayət qədər yaxşı nəticədir. Coğrafiya üzrə beynəlxalq olimpiada təcrübəmizin olmamasına, istifadə olunan suallar və məzmunla bağlı məlumatsızlığımıza baxmayaraq, uşaqlarımız olimpiadada çox yaxşı iştirak etdilər”.

 

Şöbə müdiri bu uğurun səbəbini hazırlığın təşkili və respublika fənn olimpiadalarında  izlənilən yolun doğruluğu ilə izah edib: “Bilirsiniz ki, hər il Təhsil Nazirliyi tərəfindən  Təhsildə inkişaf və innovasiyalar üzrə müsabiqə elan olunur. Müsabiqədə “Beynəlxalq coğrafiya olimpiadasına hazırlıq” layihəsini qrant layihələrini qiymətləndirən mütəxəssislər bəyənərək müsbət rəy bildirdilər. Məhz həmin layihə əsasında əvvəlki illərdə respublika fənn olimpiadalarının qalibi olan şagirdlər hazırlığa cəlb edildi. Beynəlxalq olimpiadalara hazırlıq mərkəzi ilə birgə Azərbaycanı coğrafiya fənni üzrə Avropada təmsil edəcək komanda üzvlərinin seçimini həyata keçirdik. Onların hazırlığını təmin edən ayrı-ayrı şəxslərin, müəllimlərin, mütəxəssislərin böyük əməyini qeyd etməliyəm. Bu gün əminliklə deyə bilirəm ki, respublika fənn olimpiadalarını beynəlxalq olimpiadalar səviyyəsində keçiririk. Buna nail olduğumuzun ən böyük göstəricisi də ilk dəfə iştirak etdiyimiz Avropa Coğrafiya Olimpiadasınıda qazandığımız nailiyyətdir. Bu, milli olimpiadalarımızın fərqli nöqteyi nəzərdən uğurudur. Yaxşı təcrübə olan bu yarış göstərir ki, Azərbaycan məktəbliləri gələcəkdə dünya və Avropa üzrə keçirilən olimpiadalarda davamlı olaraq iştirak edəcək və  coğrafiyaya olan marağını, istedad və qabiliyyətini nümayiş etdirəcəklər”.

 

Ruhiyyə DAŞSALAHLI



04.09.2020 | 14:26