“Ana dili milli varlığımızın əsas göstəricisidir”

Bu mövzuda  fevralın 21-də  Naxçıvan Müəllimlər İnstitutunda  elmi-praktik konfrans keçirilib. İnstitutdan verilən məlumata görə, konfransı giriş sözü ilə  rektor, AMEA-nın müxbir üzvü,  professor O.Həsənli açaraq qeyd edib ki, bu gün böyük sürətlə inkişaf edən müstəqil respublikamızda digər sahələrlə yanaşı ana dilinin saflığına, onun qorunmasına və inkişafına da dövlət tərəfindən böyük qayğı və diqqət göstərilir.

Hər bir xalqın  dili onun  milli sərvətidir. Elə bunun nəticəsidir ki, hələ ötən əsrin əvvəlində 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən 27 iyul 1918-ci il tarixdə Fətəli xan Xoyskinin imzası ilə verilən qərarda da “Türk dili” dövlət dili elan edilmişdir.

  1995-ci il noyabrın 12-də qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində isə qeyd olunub ki, “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir”.

O. Həsənli qeyd edib ki, ümummilli  lider Heydər Əliyev tərəfindən dilimizin inkişafı    üçün bir sıra fərman və sərəncamlar imzalanmışdır. 18 iyun 2001-ci ildə “Dövlət dilinin tətbiqi  işinin təkmilləşdirilməsi haqqında”  Prezident fərmanı, 01 iyul 2001-ci ildə Azərbaycan Respublikası  Dövlət  Dil Komissiyasının təsdiq edilməsi  haqqında  sərəncam və ondan sonrakı  dövrlərdə verilən fərman və sərəncamlar bir daha sübüt edir ki, Azərbaycan dilinin saflığı, qorunması və inkişaf etdirilməsi həmişə dövlətimizin diqqətindədir.

Konfransda tədris işləri üzrə  prorektor, professor Akif İmanlı  “Ana dili gününün təsis edilməsinin əsas səbəbləri”, tərbiyə işləri üzrə prorektor, professor Sədaqət Həsənova  “Ana dilinin aktual problemləri” mövzularında çıxışlar etmişlər.

 

Yusif ƏLİYEV

 



25.02.2018 | 13:00