BDU-da millət vəkili Hicran Hüseynova ilə görüş

Bakı Dövlət Universitetinin (BDU) beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin professor-müəllim heyəti və magistrantları ilə Milli Məclisin  Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitəsinin sədri, millət vəkili, professor Hicran Hüseynovanın onlayn görüşü keçirilib. 

 

BDU-dan verilən məlumata görə, görüşdə H.Hüseynova “COVID-19 pandemiyasının beynəlxalq münasibətlərə təsiri: mövcud durum, çağırışlar, dövlətlərin və beynəlxalq təşkilatların bu istiqamətdə fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə pandemiya ilə mübarizədə dövlətlərin, beynəlxalq təşkilatların və Azərbaycanın bu istiqamətdə fəaliyyəti, virusa qarşı mübarizədən daha çox güc göstərişinə üstünlük verən Ermənistanın aqressiv və işğalçı mövqeyi, beynəlxalq hüquq normalarının pozulması haqqında ətraflı məlumat verilib. Beynəlxalq təşkilatların, xüsusilə, Birləşmiş Millətlər Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatının qlobal problemlə mübarizə istiqamətində gördüyü işlərdən də danışılıb.

 

Millət vəkili pandemiya dövründə Azərbaycanın regional və beynəlxalq müstəvidə atdığı addımlardan, ölkə rəhbəri İlham Əliyevin qlobal həmrəylik nümunəsi kimi etdiyi çıxışlardan, 30-dan artıq ölkəyə humanitar yardım göstərilməsindən, bununla da Azərbaycanın dünyada sülh və təhlükəsizlik carçısı olması kimi məqamlardan da söz açıb.

 

Videobağlantıya qoşulan BDU-nun rektoru Elçin Babayev informasiya müharibəsi dövründə tələbələrin göstərdiyi xüsusi fəallığa diqqət çəkərək, gənclərin bu fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib. Rektor informasiya təhlükəsizliyinin dövlətin mövcudluğunu təmin edən başlıca şərtlərdən biri olduğunu bildirərək bu sahənin daim cəmiyyətin diqqət mərkəzində saxlanmasının vacibliyini  tədbir iştirakçılarının diqqətinə çatdırıb.

 

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin dekanı Zeynalabdin Həsənəliyevin moderatorluğu ilə keçiriən  görüş qarşılıqlı diskussiya şəraitində davam edib.

 



04.09.2020 | 17:15