Mingəçevir Dövlət Universitetində yay semestri başa çatıb

Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yay semestri uğurla başa çatıb. İlk dəfə olaraq online formada təşkil olunan yay semestri çərçivəsində dərslər cari ilin 27 iyul – 28 avqust tarixlərində, imtahanlar isə 31 avqust – 03 sentyabr tarixlərində keçirilib.

 

MDU-dan bildirilib ki, yay semestrinə hazırlıq məqsədilə universitet üzrə verilmiş müvafiq əmrdə aidiyyatı struktur bölmələri arasında rasional iş bölgüsü aparılıb. Mövcud qaydalara uyğun olaraq yay məktəbində tədris prosesinə universitetin müəllimləri könüllülük əsasında cəlb ediliblər.

 

Microsoft Teams platforması üzərindən təşkil edilən yay məktəbində ümumilikdə 46 fənn üzrə 122 tələbə iştirak edib. Pedaqoji fakültədə 13 fənn üzrə 36 tələbə, iqtisadiyyat və idarəetmə fakültəsində 19 fənn üzrə 48 tələbə, mühəndislik fakültəsində 14 fənn üzrə 38 tələbə yay məktəbinə cəlb olunub. Yaz imtahan sessiyasında yaradılmış “Texniki dəstək qrupu”nun üzvləri yay məktəbinin təşkilində də fəal iştirak ediblər.

 

Akademik borcu olan tələbələrə öz təhsillərini normativ təhsil müddətində başa vurmaq imkanı yaratmaq üçün təşkil edilən yay məktəbində tələbələr mütəşəkkil iştirak ediblər. Tələbələrin online dərslərdə akiv və müntəzəm iştirakı sayəsində imtahanlarda yalnız müvəffəq qiymətlər qeydə alınıb. Cari yay semestri üzrə müvəffəqiyyət göstəricisi 100%, keyfiyyət göstəricisi isə 22% olub.

 

 



09.09.2020 | 10:20