Fərqlənən məktəblilər

Növbəti tədris ilinə son hazırlıqlar gedir. Bir neçə gün sonra başlayacaq 2020-2021-ci tədris ilinə ötən ilin nəticələrini ümumiləşdirdikdən sonra hazırlanmış yeni yol xəritəsi ilə yola düşürük.

 

Bəs, ötən dərs ilinin nəticələri nədən ibarətdir? Olimpiadalarda uğurlar, beynəlxalq elm yarışlarından ölkəmizə gələn medallar, parlaq qələbələr, böyük nailiyyətlər. Bütün bunları ölkə təhsilinin adına məhz Azərbaycan məktəbliləri yazdı. Məktəbdə öyrəndiklərini yarış və müsabiqələrdə təsdiq edən o gənclərin sırasında Bakı məktəblilərinin çəkisi xüsusilə böyükdür. Ölkə məktəbliləri arasında seçilən həmin şagirdlər öncə öz məktəblərində fərqləndilər. Bu fərq aldıqları təhsil sənədində - attestatında da əksini tapdı.

 

Fərqlənmə attestatı kimlərə verilir?

 

Ümumi orta təhsil və tam orta təhsil haqqında fərqlənmə attestatları müəyyən tələblərə uyğun gələn məzunlara verilir. Bu tələblərə məzunların ümumi orta və ya tam orta təhsil səviyyələrində oxuduğu müddətdə nümunəvi davranışı ilə fərqlənməsi, bütün fənlərdən attestata yazılan illik (yekun) qiymətlərinin 5 (beş) olması; ümumi orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə ən azı 75 (yetmiş beş) bal toplaması, tam orta təhsil səviyyəsində buraxılış imtahanlarında hər bir fənn üzrə 5 (beş) qiymət alması (ən azı 75 (yetmiş beş) bal toplaması) daxildir.

 

1000-ə yaxın Bakı məktəblisi fərqləndi

 

2018-ci ildən qüvvədə olan bu qaydalara uyğun olaraq hər il yüzlərlə şagird məktəb illərində göstərdiyi nümunəvi davranış və topladığı akademik göstəricilərə görə fərqləndirilir. Bu da məktəblilərin oxumağa həvəsinin artırılması, təhsilin stimullaşdırılması baxımından önəmli addım hesab edilir.

 

2019-2020-ci tədris ilinin sonunda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 975 məzunu məktəbi fərqlənmə attestatı ilə bitirib. Belə ki, onlardan 491 nəfər ümumi orta təhsil səviyyəsi, 484 nəfər isə tam orta təhsil səviyyəsi üzrə təhsilini fərqlənmə attestatı ilə başa vurub.

 

Xatırladaq ki, məzunlara ümumi orta təhsil haqqında və ya tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılır və müvafiq qərar qəbul edilir. Ümumi orta təhsil haqqında və tam orta təhsil haqqında fərqlənmə attestatlarının verilməsi məktəb direktorunun təqdimatına əsasən, məktəbin tabe olduğu təhsili idarəetmə orqanının əmri ilə rəsmiləşdirilir.

 

“Nəticələrimin yaxşı olacağına əmin idim”

 

Fidan Quliyeva bu il ümumi orta təhsil səviyyəsini fərqlənmə attestatı ilə bitirən məktəblilərdən biri olub. 15 yaşlı şagird Bakıdakı 319 nömrəli tam orta məktəbin 9-cu sinfindədir. Dediyinə görə, musiqi dinləməyi və filmlərə baxmağı sevir: “İngilis dilini çox həvəslə öyrənirəm. Həyatda gördüyümüz bir çox halın, hadisənin izahını verən fizikanı çox sevirəm. Boş vaxtlarımda onlayn kitablar oxuyuram”.

 

Məktəbdə fəal şagirdlərdən olan Fidan Quliyeva şeir müsabiqələrində iştirak edir, gənclər evində könüllü fəaliyyət göstərir: “Buraxılış imtahanında nəticələrimin yaxşı olacağına əmin idim. Ancaq özümdən bu qədər yüksək nəticə də gözləmirdim. Bu nəticəm və məktəbimin fərqləndirməsi məni xüsusi ilə fərqləndirdi. Növbəti tədris ilindən bütün fənləri həvəslə oxuyub iki il sonra verəcəyim buraxılış və qəbul imtahanlarından da yüksək nəticələr əldə etməyə çalışacağam. XI sinfi də fərqlənmə attestatı ilə bitirmək istəyirəm”.

 

X sinif şagirdinin məktəbdən sonrakı hədəfləri də bəllidir: “Azərbaycan Dövlət Neft və Sənaye Universitetində oxumaq istəyirəm. Yüksək nəticə göstərməliyəm ki, burada ödənişsiz təhsil ala bilim. Gələcəkdə ya neft-qaz, ya da kimya mühəndisi olmaq istəyirəm”.

 

 

“Peşəkar mühasibatçı olmaq istəyirəm”

 

 

Pəri Nudirəliyeva tam orta təhsil səviyyəsini fərqlənmə attestatı ilə yekunlaşdırdı. 202 nömrəli tam orta məktəbin şagirdi məktəblərarası olimpiadaların iştirakçısıdır. 600-dən yuxarı bal toplayan abituriyentlərdəndir:

 

“Məktəbdə humanitar fənləri, xüsusilə tarixi və coğrafiyanı həvəslə oxuyurdum. Bunda da daha çox müəllimlərimin rolu olduğunu düşünürəm. Xüsusən, tarix müəllimim Nurəddin müəllimi çox sevirdim. Ancaq bütün fənlər, o cümlədən texniki fənləri də öyrənməyə çalışırdım. Axı, həyatda bizə nəyin lazım olacağını əvvəlcədən bilmirik. Ona görə də bacardığım qədər bütün fənlər üzrə biliyimi artırmağa, dərslərimdə uğurlu olmağa çalışırdım”.

 

Pəri Nudirəliyeva qarşısına məqsəd qoyub: “II ixtisas qrupu üzrə hazırlaşmışam. Buraxılış imtahanından 268, qəbul imtahanından 337 bal topladım. Peşəkar mühasibatçı olmaq istəyirəm”.

 

 

 

Bu uğurunu ali məktəbdə də davam etdirəcək

 

 

 

17 yaşlı Murad Təhməzli C.Cabbarlı adına 187 nömrəli tam orta məktəbin şagirdidir. Məktəbi fərqlənmə attestatı ilə bitirməyini təhsildə qazandığı ən böyük nailiyyət hesab edir. Bu uğurunu ali məktəbdə də davam etdirmək niyyətindədir: “I ixtisas qrupu üzrə imtahanlarda iştirak etdim. Ümumi - hər iki imtahanın nəticələrinə görə 618 bal yığmışam. Arzum BANM və ya ADA Universitetində təhsil almaq idi. ADA-ya hazırlaşıram. Kompüter mənim ən böyük maraq obyektimdir. Kod yazmaq, kompüterdə müxtəlif əməliyyatlar aparmaq xoşuma gəlir. Düşünürəm ki, ADA Universitetində təhsil alaraq bu arzumu reallaşdıracağam və bacarıqlı kompüter mütəxəssisi olacağam”.

 

 

 

 

“Məqsədimə gedən yolda əzmlə çalışdım”

 

Həsənbala Əliyev isə A.Səfərov adına 114 nömrəli tam orta məktəbin uğurlu məzunlarındandır. Məktəbdə yaradılan texniki və təbiət təmayüllü sinifdə təhsil alıb: “11-ci sinifdə dərslərə daha çox vaxt ayırdığımdan son bir ildə başqa heç bir işlə məşğul ola bilmədim. Asudə vaxtlarımda mütaliə etməyi, rəsm çəkməyi, kompüter oyunları oynamağı sevirəm. Anam və bacımla kitab alış-verişinə getmək hər zaman ən sevimli məşğuliyyətim olub”.

 

Həsənbala Əliyevin həyatdakı ən vacib hədəfi öz problemindən doğub: “Uşaqlığımda gözümdə problem vardı. Müalicə məqsədi ilə akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə gedirdim. Elə o vaxt minlərlə insanın gözünə nur bəxş edən bu gözəl peşə sahiblərini tanıdım. Onların işi və xəstəxanada olan mühit çox xoşuma gəldi. Onlardan biri olmağı arzulamağa başladım. Sonra bu arzum hədəfimə çevrildi və həkim olmağı qərara aldım. Məqsədimə gedən yolda əzmlə çalışdım. Daha çox oxumaqdan, daha artıq öyrənməkdən bezmədim. Çünki bilirdim ki, qarşımdakı məqsədim böyükdür. Əzmlə çalışmasam, nail olmağım çətin olacaq.  Pandemiya səbəbindən ölkəmizdə yaranan vəziyyəti də imkana çevirdim. Dərslər təxirə düşdü və mən bu vaxtı səmərəli istifadə edərək uğur qazandım”.

 

Fəal şagird olan Həsənbala Əliyev biologiya fənni üzrə respublika fənn olimpiadasının iştirakçısı olub. İstedadlı şagird kimi diqqəti həmişə cəlb edib: “2012-ci ci ildə çap olunan “İstedad sorağında” kitabında haqqımda məqalə yazılıb. Bu yazı məni çox həvəsləndirmişdi”.

 

H.Əliyev riyaziyyat və biologiyanı çox sevir.  Ancaq  bütün  fənlərə  həvəslə yanaşıb: “Hər fənnə qarşı məsuliyyətlə yanaşmışam. V sinifdə olarkən müəllimimin mənə etdiyi zarafatı isə heç unutmuram. Ana dili və ədəbiyyatdan BSQ keçirilmişdi. Nəticəsini bilmək üçün həyəcanlanırdım. Müəllimim mənə “3” aldığımı dedi. O ankı hisslərimi sözlə ifadə edə bilmirəm. Ancaq müəllimim sonradan zarafat etdiyini, bütün sualları doğru cavablandırdığımı, 100 faiz nəticə göstərdiyimi dedi. Zarafatdan elə təsirlənmişdim ki, uğuruma görə ikiqat-üçqat sevinmişdim”.

 

Aldığı ikinci fərqlənmə attestatı da birinci qədər dəyərlidir

 

 

İbtidai təhsilini Ağstafa rayonunda alan  Məhəmməd Ağakişiyev təhsilini 5-ci sinifdən Bakının Nizami rayonundakı 229 nömrəli tam orta məktəbdə davam etdirib. Fərqlənmə attestatını artıq ikinci dəfə alır: “IX sinfi də fərqlənmə attestatı ilə bitirmişəm. İlk dəfə bu, öz üzərimdə çalışmağım üçün motivasiya oldu. Bu dəfə də fərqlənmə attestatı aldım və ilk dəfə olduğu qədər dəyərlidir mənim üçün”.

 

Texniki fənləri  - riyaziyyat, kimya, fizikanı və  ingilis dilini çox  sevdiyini deyən Məhəmməd Ağakişiyev Bakı Ali Neft Məktəbində informasiya təhlükəsizliyi üzrə təhsil almağı düşünür.

 

 

 

 

Ruhiyyə DAŞSALAHLI



11.09.2020 | 13:16