BDU-da yeni tədris ili ilə bağlı müzakirələr

Bakı Dövlət Universitetində (BDU) 2020/2021-ci tədris ilində Elmi Şuranın ilk iclası keçirilib.

 

BDU-dan bildirilib ki, ali məktəbin rektoru Elçin Babayev şura üzvlərini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib və gündəlikdə  olan məsələləri iştirakçıların diqqətinə çatdırıb.

 

O,  “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə” Nazirlər Kabinetinin müvafiq qərarından irəli gələn məsələlərin icrası ilə bağlı qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

 

Pandemiyanın davam etməsi ilə əlaqədar olaraq virusa qarşı təhlükəsizliyin təmin edilməsi məqsədilə təlimat kitabçasının hazırlanması, universitetdə tədrisin distant formada təşkili, karantin rejiminin tələblərinə ciddi riayət olunmasının təmin edilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Daha sonra BDU-nun beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin iqtisadiyyat və idarəetmə kafedrasının yenidən formalaşdırılması, 2021-ci ildə Azərbaycanın müstəqilliyinin 30 illiyi münasibətilə “Müstəqillik dövrü Azərbaycan tarixi” kitabının hazırlanması ilə bağlı müzakirələr aparılıb.

 

Əlavə təhsil üzrə tələbə qəbulunun və BDU-nun “Gənc istedadlar” liseyinə şagird qəbulunun nəticələri, yeni tədris ilində qarşıda duran vəzifələr, təhsilin keyfiyyətinin müasir çağırışlara uyğunlaşdırılması, tədrisin keyfiyyətinin artırılması məqsədilə elektron universitet  modelinin tətbiqi, maddi-texniki bazanın təkmilləşdirilməsi, qarşıya çıxacaq problemlər, onların həlli yolları və görüləcək işlər də müzakirə edilib.

 

 



15.09.2020 | 14:32