“Ədəbi-bədii dil və dilçilik araşdırmaları”

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin aparıcı elmi işçisi, dosent Zülfiyyə İsmayılın “Ədəbi-bədii dil və dilçilik araşdırmaları” adlı kitabının I cildinin təqdimatı keçirilib.

 

Bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan dilinin dünya dilləri arasında layiqli yer tutmasında Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən, Prezident İlham Əliyevin Azərbaycan dilinin geniş təbliği istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərdən danışıb. O, bu sahədə müxtəlif illərdə imzalanan mühüm dövlət sənədlərini xatırladaraq, dil siyasətinin Naxçıvanda da uğurla davam etdirildiyini vurğulayıb.

 

Akademik Azərbaycan dilinin müasir dövrün tələblərinə uyğun öyrənilməsinin təmin edilməsi məqsədilə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşları tərəfindən uğurlu tədqiqatlar aparıldığını deyib. Diqqətə çatdırıb ki, Z.İsmayılın ictimaiyyətə təqdim olunan kitabının I cildi Azərbaycan dilinin və dilçiliyinin aktual mövzularını əhatə edir.

 

Daha sonra İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Naxçıvanşünaslığa layiqli töhfə: Ədəbi-bədii dil və dilçilik araşdırmaları” mövzusunda məruzəsi dinlənilib.

 

Qeyd olunub ki, kitabda Azərbaycan ədəbiyyatının böyük simalarının əsərlərindəki dil və üslub xüsusiyyətləri müzakirə müstəvisinə gətirilir, Azərbaycan dilçilik elminə adını böyük hərflərlə yazdıran dilçi alimlərimizlə yanaşı, bu irsə töhfə verən yeni nəsil dilçilərin də elmi yaradıcılıq yoluna nəzər yetirilir.

 

Vurğulanıb ki, vəsait ali məktəblərin filologiya fakültələrində bir sıra əsas və seçmə fənlərin, ədəbi dilin, dilçilik tarixinin tədrisində əhəmiyyətli mənbədir.

 

Sonra institutun Dilçilik şöbəsinin müdiri, dosent Nuray Əliyeva və Folklorşünaslıq şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova mövzu ətrafında çıxış ediblər. Diqqətə çatdırılıb ki, Dilçilik şöbəsində son on ildə sayca 35-ci kitab olan yeni nəşr dilçi alimlərimizin Azərbaycan dilçilik elmindəki uğurlu fəaliyyətlərinin əks etdirilməsi baxımından böyük dəyərə malikdir.

 



16.09.2020 | 16:41