Yüksək bal toplayan əkizlər Bakı Ali Neft Məktəbini seçdi

Ali təhsil  müəssisələrinin  I ixtisas  qrupuna  daxil  olan  ixtisaslar  üzrə yüksək bal toplayaraq Bakı Ali Neft Məktəbində (BANM) təhsil almaq istəyən abituriyentlər arasında əkiz qardaşlar da var.

 

Kürdəmir şəhər Tofiq İsmayılov adına 1 saylı məktəbdə təhsil almış Vüqar və İlqar Nəsirli qardaşları orta məktəbi 2020-ci ildə fərqlənmə attestatıyla bitiriblər.

 

Təhsil aldıqları müddətdə dəfələrlə “İlin şagirdi” seçilib, müxtəlif fənn olimpiadaları üzrə əsas yerlərin qalibi olublar. 

 

“Poliqon”, “Nə? Harda? Nə zaman?”, “Xəmsə” kimi müxtəlif intellektual yarışlarda, eləcə də “Əlaçı” verilişində iştirak ediblər.

 

Təhsil aldıqları müddətdə məktəbdə dəfələrlə intellektual yarışmalar keçirib və müxtəlif mükafatlarla təltif olunublar.

 

Bu il keçirilən qəbul imtahanlarında İlqar Nəsirli 656,2, Vüqar Nəsirli isə 645 bal toplayıb. Onların hər iksinin də istəyi  BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil almaqdır.

 

Qeyd edək ki, ötən tədris ilində də BANM-ə Kürdəmirdən olan əkiz qardaşlar qəbul olunmuşdu. Həmin qardaşlardan biri Rəşad Azadlı  Neft-qaz mühəndisliyi ixtisası üzrə 679.3 bal toplayaraq Prezident təqaüdünə layiq görülmüşdü.

 



17.09.2020 | 12:23