BMU ilə Pakistanın universiteti arasında ilk beynəlxalq onlayn seminar

Bakı Mühəndislik Universitetinin (BMU) və Pakistanın (Karaçi) Sir Syed Mühəndislik və Texnologiya Universiteti arasında imzalanmış anlaşma memorandumuna əsasən, adıçəkilən universitetlərin riyaziyyat kafedraları “Riyaziyyatda sərhədlər” adlı  birgə beynəlxalq onlayn elmi seminar keçirib.

 

Seminar BMU-nun riyaziyyat kafedrasının müəlliməsi Süheyla Bəhlulzadə və Sir Syed Mühəndislik və Texnologiya Universitetindən İngila Rahimin moderatorluğu ilə baş tutub.

 

BMU-nun tədris işləri üzrə prorektoru, professor Həmzağa Orucov  universitet rəhbərliyi adından seminar iştirakçılarını salamlayıb. O, koronavirus pandemiyasının qlobal problemlər yaratdığı dövrdə belə bir seminarın ərsəyə gəlməsini yüksək qiymətləndirib.

 

Azərbaycanın müstəqilliyini tanıyan ilk 3 ölkədən birinin Pakistan olduğunu qeyd edən prorektor ölkələrimiz arasında beynəlxalq səviyyədə mədəni, iqtisadi və elmi sahələrdə geniş əlaqələrin mövcudluğunu dilə gətirib. O, Dağlıq Qarabağ münaqişəsinin həllində Pakistan dövlətinin tutduğu qətiyyətli və prinsipial mövqeyin xalqımız  tərəfindən həmişə böyük rəğbətlə qarşılandığını bildirib.

 

H.Orucov Pakistanın dünya elminə Abdus Salam kimi Nobel mükafatçısı təqdim etdiyini və BMU-nun belə bir ölkənin universiteti ilə əməkdaşlıq  etdiyindən qürur duyduğunu söyləyib. O, keçirilən seminarı universitetlərimiz arasında elm və təhsil sahəsində yarana biləcək əməkdaşlığın başlanğıcı kimi dəyərləndirib. Prorektor bu əlaqələrin qurulmasının gələcəkdə birgə elmi tədqiqatların və ortaq layihələrin həyata keçirilməsinə geniş imkanlar açacağına, həmçinin tərəflərin təhsil sahəsindəki təcrübə mübadiləsindən faydalı nəticələr əldə edəcəyinə ümidvar olduğunu bildirib.

 

Sir Syed Mühəndislik və Texnologiya Universitetinin prorektoru, professor Vali Uddin elmi seminarın 2 universitetin riyaziyyat kafedraları arasında baş tutduğunu və bunun faydalı nəticələrinin olacağını bildirib. O, təmsil etdiyi universitetin Pakistanda mühəndislik texnologiyaları sahəsində başlıca rol oynadığını söyləyib. Universitet tədqiqatçılarının tez-tez elmi seminarlarda iştirak etdiyini, bu seminar vasitəsilə riyaziyyatda yeni sərhədlərin araşdırılacağına ümid etdiyini də deyib. Vali Uddin əməkdaşlığın BMU-nun digər kafedraları ilə də davam etdirilməsinin vacibliyini dilə gətirib və seminarın gələcək əməkdaşlığa müsbət təsir göstərəcəyini vurğulayıb. 

 

Seminarda BMU-nun riyaziyyat kafedrasının müdiri, dosent Rakib Əfəndiyev “Spektral analizin düz və tərs məsələləri”, Sir Syed Mühəndislik və Texnologiya Universitetinin riyaziyyat kafedrasının müdiri, professor Rəşid Kamal Ansari isə “Modulların təsnifatında bəzi funksiyalar və onların rolu” mövzularında  təqdimatla çıxış ediblər.

 

Daha sonra seminar təqdimatlar ətrafında müzakirələrlə davam edib.

 

 



17.09.2020 | 16:27