Tanınmış metodist alim

 

“Hər kəs öz ömrünü yaşayır, özünün tarixini yaradır. Tale hər insana bir missiya olaraq bəxş olunur. Sən onu yaşaya-yaşaya yaşlaşırsan, amma gərək elə edəsən ki, qocalanda etdiklərin sənə hörmət və ehtiram gətirsin”. Bu sözlər tanınmış metodist alim, pedaqoji elmlər namizədi, dosent Əhməd Kəlbəliyevə məxsusdur. İlk dəfə onunla 1977-ci ilin yay günlərinin birində  Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun Azərbaycan dili şöbəsində görüşmüşdüm. Təbiətən sakit, son dərəcə həlim, mülayim danışığa malik, təmkin və səbr sahibi olan bu böyük insanın yüksək mənəvi keyfiyyətlərinə heyran qalmışdım. O, şöbədə hamıdan yaşca böyük olmasına baxmayaraq, hər kəsə nəvaziş göstərirdi. Aralarında yaş fərqi az olsa da, professor Əziz Əfəndizadəyə xüsusi hörmətlə yanaşırdı. Sonralar bildim ki, bu yanaşma tərzi onların müəllim-tələbə münasibətindən qaynaqlanır: Əhməd müəllim professor Əziz Əfəndizadəyə elmi rəhbəri, müəllimi kimi ehtiram bəsləyir.

 

Çətinlik bir sınaqdır

 

Əhməd Allahverdi oğlu Kəlbəliyev 1930-cu ildə Cəbrayıl rayonunun Horovlu kəndində əkinçi ailəsində anadan olub. Hələ lap uşaqlığından kənd həyatının özünəməxsus çətinliklərində böyüyüb. Tale elə gətirib ki, zəhmətə qatlaşan balaca Əhmədin uşaqlıq və yeniyetməlik həyatı Böyük Vətən müharibəsi illərinə təsadüf edib. O, 1944-cü ildə kəndlərindəki yeddiillik məktəbi bitirsə də, ailəsinə kömək etməli olub.  Bu minvalla 1944-1946-cı illərdə kolxoz təsərrüfatında işləyib. Ailələrinin ehtiyacını ödəməkdə valideynlərinə kömək edib. Müəllim olmaq arzusu ilə  Qaryagin ( indiki Füzuli rayonu) Pedaqoji Məktəbinə daxil olub. 1949-cu ildə oranı bitirərək, ibtidai sinif müəllimi kimi Sabirabad rayon Məmişlər kəndində üç il işləyib.

 

Əhməd müəllim həyatında bütün çətin addımlarını atarkən həmişə uğurlarına əmin olub. Çətinliyin bir sınaq olmasına inanıb. Onlardan heç vaxt qorxmayıb.

 

Məktəb illərindən yadda qalanlar

 

Əhməd müəllim hər zaman, xüsusilə məktəb illərində - yeddiillik məktəbdə oxuduğu zamanlarda,  eləcə də Qaryagin Pedaqoji Məktəbində təhsil alanda öyrənməyi, özünün əsas məşğuliyyətinə çevirib. Həyatında olan heç bir çətinlik onu oxumaqdan çəkindirə bilməyib. Bütün bu çətinliklərə faiq olsa da, amma onların zəhmini unutmayib. Xatırlayıram ki, sonralar söhbət əsnasında bunları məktəb illərindən yadda qalan xatirələr kimi yada salardı. 

 

Müəllim olmaq arzusu

 

Müəllimlik Ə.Kəlbəliyevin həyatından qırmızı xətt kimi keçirdi. O, xarakter etibarı ilə zəngin bir mənəviyyat adamı olduğunu  münasibətlərində təsdiq eləsə də, heç də bunu son hədd hesab etmirdi. Təhsil almaq, peşəkarlığı ilə yüksəlmək, daha yüksək mənəviyyat zirvələrini fəth etmək üçün davamlı olaraq oxuyub-öyrənməyə üstünlük verirdi. Əldə etdikləri, qazandıqları onu qane etmirdi. Müəllim işləyə-işləyə sonradan Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olması da bu zərurətdən irəli gəlmişdi.

 

Əhməd müəllim həmişə Pedaqoji İnstitutda oxuduğu illəri ömrünün qızıl dövrü adlandırırdı. Mikayıl Rəfili, Cəfər Xəndan, Feyzulla Qasımzadə, Əbdüləzəl Dəmirçizadə, Ağaməmməd Abdullayev, Əhməd Seyidov kimi dövrünün böyük alimlərindən təhsil alması ilə fəxr edirdi. Onların düşüncələri ilə tanış olduğu,  söz və cümlələrini eşitdiyi məqamları həyatının ən qiymətli anları kimi xatırlayırdı.

 

Ə.Kəlbəliyev ali təhsilini fərqlənmə diplomu ilə bitirərək təyinatla Cəbrayıla yollanmış, Böyük Mərcanlı, Horovlu kəndlərində müəllim işləmişdi. O, müəllim işlədiyi müddətdə yüksək peşəkarlığa yiyələnmiş, təcrübəli müəllim kimi tanınmış, qabaqcıllığı ilə fərqlənmişdi. Bu illərdə o, Respublika Maarif Nazirliyinin, rayon maarif şöbəsinin fəxri fərmanlarını almış, “Əmək igidliyinə görə” medalı ilə təltif olunmuşdu. Rayon sovetinin deputatı seçilmiş, Respublika Müəllimlərinin V Qurultayının nümayəndəsi olmuşdu.

 

Ə.Kəlbəliyevin bir müəllim kimi qabaqcıllığı, işinə yaradıcılıqla yanaşması, həmçinin müxtəlif elmi məruzələrlə çıxışları professor Əziz Əfəndizadənin diqqətini cəlb etmiş, onun tərəfindən Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutuna  dəvət almışdı. Ailə vəziyyəti ilə bağlı bəzi çətinliklərinin olmasına baxmayaraq, Əhməd müəllim bu dəvəti qəbul etmişdi. 1968-ci ildən müsabiqə yolu ilə Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutuna  gəlmiş, özünün həyat və fəaliyyətinin böyük bir hissəsini həmin institutla bağlamışdı.

                               

Tədqiqatçılığa aparan yol

 

Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda bir elmi işçi kimi fəaliyyətini davam etdirən Ə.Kəlbəliyev eyni zamanda dissertanturaya qəbul olunmuşdu. “Azərbaycan dili dərslərində sorğunun səmərəli təşkili yolları” mövzusunda namizədlik dissertasiyası üzərində işləmişdi. O, apardığı araşdırmalarını ümumiləşdirərək 1971-ci ildə müdafiə etmiş və pedaqoji elmlər namizədi elmi dərəcəsi almışdı. Bir neçə ildən sonra Ali Attestasiya Komissiyası tərəfindən ona dosent elmi adı verilmişdi.

 

Bir metodist alim kimi Əhməd Kəlbəliyevin yaradıcılığında iki istiqamət daha çox diqqəti cəlb edir. Onlardan birincisi, Azərbaycan dilinin tədrisi metodikası, ikincisi isə ümumi pedaqoji məsələlərlə bağlıdır. Elmi-pedaqoji fəaliyyəti dövründə Əhməd müəllimin 80 əsəri, o cümlədən 16 kitab və kitabçası, 64 adda jurnal məqaləsi çap olunmuşdur. Əsərlərinin böyük bir hissəsi, Azərbaycan dilinin tədrisi məsələlərinə, digəri isə pedaqogikanın və məktəbin idarə edilməsinin aktual məsələlərinin şərhinə həsr olunmuşdur.  O, ilkin olaraq bir dil metodisti kimi fəaliyyətə başladığından yaradıcılığında Azərbaycan dilinin tədrisi məsələlərinə daha çox yer ayırmış, bu dövrdə çoxsaylı elmi yazıların müəllifi kimi pedaqoji içtimaiyyət arasında nüfuz qazanmışdır. Azərbaycan dili təliminin məzmunu, prinsip və metodları, orfoqrafiya, orfoepiya, leksika və qrammatikadan bilik, bacarıq və vərdişlərin mənimsənilməsinə dair əsərləri ilə müəllimlərimizə yaxından köməklik göstərmişdir. Onun “Azərbaycan dili dərslərində frontal sorğunun təşkili” (1970), “Yeni proqramla Azərbaycan dili tədrisi məsələləri” (1970), “IV siniflərdə leksika və orfoepiyaya aid əyani vəsaitlər” (1978), “V sinifdə morfologiya və orfoqrafiyanın tədrisinə aid əyani vəsaitlər” (1975) və sair əsərləri bu qəbildəndir.

 

Məlum olduğu kimi, ötən əsrin 70-ci illərində orta məktəblərdə Azərbaycan dili tədrisi məsələlərinin nəzəri və praktik aspektdə sistemli olaraq tədqiq olunması, nəşr edilərək müəllimlərin istifadəsinə verilməsi o dövrün mühüm pedaqoji hadisələrindən biri idi. Bu problemin həll olunmasında dosent Ə.Kəlbəliyev də təcrübəli bir alim kimi iştirak edirdi. Onun müəllif kimi iştirak etdiyi I və II hissələrdən ibarət olan “Orta məktəbdə Azərbaycan dilinin tədrisi” adlı kitab 1976-1977-ci illərdə nəşr olunmuşdur. Eləcə də onun müəllifliyi ilə Azərbaycan dili  tədrisi tarixində ilk dəfə hazırlanan “Azərbaycan dilindən didaktik materiallar” kitab şəklində 1977, 1981-ci illərdə çap edilmişdir. Yeri gəlmişkən, qeyd edək ki, orta məktəb  şagirdləri üçün Azərbaycan dilindən didaktik materialların hazırlanması fənlərin tədrisində praktik istiqamətin gücləndirilməsinə diqqətin artırılmasından irəli gəlirdi və dosent Ə.Kəlbəliyev yaradıcılığında da bu məsələ xüsusi yer tuturdu. Onun “Oxu”(kar məktəblərin 3-cü sinfi üçün) (1997), “Azərbaycan dili” (gürcü məktəbinin 10-11-ci sinifləri üçün) (1998), “Çalışmalar vasitəsilə şagirdlərə nitq etiketindən düzgün istifadə bacarıqlarının aşılanması” (2001), “V sinifdə rabitəli nitqin inkişafına ayrılmış saatların tematik cəhətdən düzgün planlaşdırılmasına dair” (2003), “Şagirdlərin şifahi monoloji nitq vərdişlərinin inkişaf etdirilməsi” (2004) kimi əsərləri məhz bu tendensiyadan yaranmışdır.

 

Ümumpedaqoji aspektdə tədqiqatların müəllifi

 

Ə.Kəlbəliyevin pedaqoji fəaliyyətində ADPU xüsusi yer tutur. 1980-ci ildə o, müsabiqə yolu ilə həmin universitetin Orta məktəb direktorlarının ixtisasartırma fakültəsinin nəzdindəki Xalq maarifini idarəetmənin təşkili kafedrasında dosent vəzifəsinə seçilmişdir. Bu kafedrada işlədiyi müddətdə pedaqogika, məktəbşünaslıq, xalq maarifinin idarə edilməsi kursları üzrə məzmunlu mühazirələr oxumuş, fakültənin profilinə uyğun maraqlı tədqiqatlar aparmışdır. Eyni zamanda xeyli jurnal və qəzet məqalələri, kitab və kitabçalar çap etdirmişdir. Bu istiqamətli tədqiqatlarında məktəb direktorunun müəllimlərlə, xüsusən də  sinif rəhbərləri ilə əlbir işinin metodikası, şagirdlərlə fərdi işin məzmunu əhatəli şəkildə araşdırılmış, təlim metodlarının düzgün seçilməsi və tətbiqi, dərsdinləmələrin optimal təşkili, məktəblilərin təlim tapşırıqlarının fərdiləşdirilməsi, müəllim əməyinin stimullaşdırılması, onlarda yaradıcılıq axtarışlarının və təşəbbüskarlığının inkişaf etdirilməsi, müəllimin vaxt büdcəsi kimi pedaqoji problemlər təhlilə cəlb olunmuşdur.

 

Ə.Kəlbəliyevin işlədiyi Orta məktəb direktorlarının ixtisasartırma fakültəsi müvafiq hökumət qərarı ilə ləğv edilərək o vaxtkı Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutuna birləşdirildiyindən o, 1990-cı ilin dekabr ayından ADPU-nun Ümumi pedaqogika kafedrasına dosent vəzifəsinə keçirilmişdir. Bu illər ərzində o, özünü pedaqogika elminin incəliklərinə yaxından bələd olan ustad müəllim kimi göstərməklə yanaşı, səriştəli tədqiqatçı kimi də tanıtmışdır. Təhsilin idarə olunmasının müasir problemlərinə dair yazdığı əsərlərlə idarəetmə mexanizmlərinin optimallaşdırmasına təkan vermişdir. Xüsusilə “Pedaqoji əməyin elmi təşkili” (1996), “Pedaqoji ustalığa yiyələnməyin ilkin şərtləri” (1996),  “Məktəb rəhbərlərinin pedaqoji etikası” (1996), “Təhsili idarəetmənin əsasları” (1998), “Sosial pedaqogika” (1999), “Pedaqoji ünsiyyət” (1999) adlı əsərlərində pedaqoji ustalığın sirlərini öyrənmiş, sosial pedaqogikanın, eləcə də təhsildə idarəetmə mədəniyyətinin və məktəb rəhbərlərinin pedaqoji etikasının elmi-nəzəri əsaslarına dair tədqiqatlar aparmışdır.

 

Əhməd müəllim potensial imkanlarına görə istedadlı alim, bacarıqlı tədqiqatçı idi. O hansı işin tapşırılmasından asılı olmayaraq onu yüksək peşəkarlıq və məmnunluq hissi ilə yerinə yetirərdi. Bütün yaradıcılığı boyu o, elə belə də olmuşdur. Lakin özünün ixtisası ilə bağlı arzularını heç vaxt yaddan çıxarmırdı.   1996-cı ildə onun çoxdan arzuladığı an gəlib çatdı. Azərbaycan dili və onun tədrisi metodikası kafedrasında boş olan ştata dəvət olundu. O, bu dəvətdən imtina etmədi və ömrünün sonuna qədər də həmin kafedrada  çalışdı. Yazdı, yaratdı.

 

Artıq bu il Əhməd Allahverdi oğlu Kəlbəliyevin anadan olmasının 90 illiyi tamam olur. O, cismən bizim aramızda olmasa da, ruhən bizimlədir. Təhsil müəssisələrimizdə onun əsərlərindən bəhrələnirlər.

 

ALLAH ona rəhmət eləsin!

 

Ənvər ABBASOV,

Təhsil İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim

 



18.09.2020 | 15:23