MDU Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə əməkdaşlıq edəcək

Mingəçevir Dövlət Universitetində (MDU) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən həyata keçirilən “Qafqazda aztəminatlı məcburi köçkünlərin və yerli əhalinin iqtisadi, sosial inkişafı” (EPIC) proqramının əməkdaşları Günel Mustafayeva və Jalə Ələkbərova ilə görüş keçirilib.

 

Ali məktəbdən bildirilib ki, MDU-nun rektoru Şahin Bayramov qonaqlara universitetin inkişaf hədəfləri, əsas prioritetləri və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verib. Rektor təhsil ocağının mövcud ehtiyaclarını diqqətə çatdırıb və həmin istiqamətlərdə GIZ ilə potensial əməkdaşlıqda maraqlı olduqlarını bildirib.

 

Görüşdə MDU-nun əsas benefisiar qismində çıxış edə biləcəyi layihə haqqında geniş fikir mübadiləsi də aparılıb. Yaxın gələcəkdə sözügedən layihə təkliflərinin konkretləşdirilməsi və texniki məsələlərin dəqiqləşdirilməsi barədə ilkin razılıq əldə olunub.

 



18.09.2020 | 09:46