“Naxçıvan ədəbi mühiti Şərq-Qərb kontekstində”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın “Naxçıvan ədəbi mühiti Şərq-Qərb kontekstində” adlı monoqrafiyasının təqdimatı keçirilib.

 

Bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, bir çox elmi, bədii və tərcümə əsərlərinin müəllifi olan N.İsmayılovanın Türkiyədə çapdan çıxmış sözügedən monoqrafiyası çoxəsirlik ənənələrə malik Naxçıvan ədəbi mühitində Şərq və Qərb meyillərinin tədqiqinə həsr olunmuş ilk sistemli tədqiqat əsəridir.

 

Qeyd olunub ki, vəsaitdə Naxçıvan ədəbi mühitində Şərq və Qərb ənənələrindən istifadə meyilləri, XIX əsrdə, XX əsrin əvvəllərində Naxçıvan ədəbi mühitində Şərq, Qərb ənənələrinə münasibət, müstəqillik dövründə Naxçıvan ədəbi mühitində Şərq, Qərb ənənələrindən istifadənin yeri və əhəmiyyəti araşdırılıb. İlk dəfə naxçıvanlı sənətkarların yaradıcılığında yer alan bədii tərcümə məsələləri elmi tədqiqata cəlb edilib.

 

Daha sonra institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev çıxış edərək bölmədə elmi işçilərə yaradılan əlverişli şərait nəticəsində dəyərli monoqrafiyalar, kitablar və elmi məqalələrin işıq üzü gördüyünü söyləyib.

 

Tədbirdə institutun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, dosent Ramiz Qasımovun “Naxçıvan ədəbi mühitinin Şərq və Qərb kontekstində tədqiqinə töhfə” mövzusunda məruzəsi də dinlənilib.

 

İnstitutun Onomastika şöbəsinin müdiri, dosent Firudin Rzayev mövzu ətrafında çıxış edərək bildirib ki, qədim dövr Naxçıvan ədəbi mühitinə dair qiymətli əsərdə N.İsmayılova o dövr Naxçıvan ədəbi mühitinin tarixini, onu yaradan şəxsiyyətlərin bu mədəniyyətin inkişafındakı rolunu faktlarla təsdiq edib, qədim mənbələrə müraciət etməklə monoqrafiyada xeyli yeni elmi fikirləri ictimaiyyətə çatdırıb.

 

Sonda çıxış edən müəllif gənc alimlərə yaradılan şəraitə görə minnətdarlığını bildirib.



19.09.2020 | 11:20