BDU ilə Qazax Milli Universiteti arasında ikili diplom proqramı üzrə müqavilə

Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev, hüquq fakültəsinin dekanı Əmir Əliyev Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universitetinin rektorluğunun genişləndirilmiş onlayn iclasında iştirak ediblər.

 

Əl-Fərabi adına Qazax Milli Universitetinin rektoru Qalimkair Mutanov tədbiri giriş sözü ilə açaraq BDU ilə birgə kadr hazırlığının, universitetlərarası ikili diplom proqramının əhəmiyyətindən bəhs edib. Bildirib ki, Azərbaycan və Qazaxıstan dəniz və enerji ölkələri olaraq, istər Xəzəryanı, istərsə də beynəlxalq müstəvidə inkişaf etmiş ölkələr sırasındadır. Bu səbəbdən hüquqi sferada birgə kadr hazırlığı və əməkdaşlıq çox müsbət nəticələr verəcəkdir. O, hər iki ölkənin bu istiqamətdə böyük elmi bazasının olduğunu  vurğulayıb.

 

BDU-nun rektoru E.Babayev ikili diplom proqramının dost və qardaş ölkələr olan Azərbaycan və Qazaxıstan arasında ilk ikili diplom proqramı olduğuna diqqət çəkib. Müqavilənin hər iki ölkənin ilk və aparıcı təhsil müəssisələri olan BDU və Əl-Fərabi adına Qazax Milli Universiteti tərəfindən imzalanmasını yüksək qiymətləndirib.

 

E.Babayev BDU-nun hüquq fakültəsində “Dəniz və enerji hüququ” sahəsində elmi məktəbin formalaşdığını, altı ildir ki, bu sahədə ingilis dilində uğurla kadr hazırlığının həyata keçirildiyini bildirib. “Dəniz və enerji hüququ” üzrə tədris və elmi bazanın qurulmasında, o cümlədən müəllim heyətinin formalaşmasında ABŞ-ın Tüleyn Universiteti ilə əməkdaşlığı xüsusi vurğulayan rektor həmin universitetlə birgə beynəlxalq konfranslar keçirildiyini deyib. Tüleyn Universitetinin dəstəyi ilə hüquq fakültəsində “Dəniz və enerji hüququ” Mərkəzi yaradıldığını deyən E.Babayev bu gün də əməkdaşlığın davam etdiyini, yeni layihə və proqramlar haqqında danışıqların aparıldığını qeyd edib.

 

İclasın sonunda BDU və Əl-Fərabi adına Qazax Milli Universiteti arasında hüquq fakültəsində “Dəniz və enerji hüququ” magistratura ixtisaslaşması üzrə ikili diplom proqramı üzrə kadr hazırlığı sahəsində müqavilə imzalanıb.



22.09.2020 | 10:20