MBA proqramı üzrə BANM-ə qəbul olan tələbələrlə onlayn görüş

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Biznesin idarəedilməsi (MBA) proqramı üzrə BANM-ə qəbul olan tələbələrlə onlayn görüş keçirib. Görüş zaman rektor tələbələrin hər biri ilə ayrı-ayrılıqda tanış olub.

 

Görüşdə yeni tədris ilinə hazırlıq, tədris prosesi, dərslərin gedişatı ilə bağlı məlumat verilib.

 

Qeyd edək ki, cari tədris ilinin qəbul planında Biznesin idarəedilməsi ixtisaslaşması üzrə 50 yer ayrılıb və bütün yerlər tutulub. BANM-in MBA proqramına qəbul olan tələbələr Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət Neft və Sənayə Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, ADA Universiteti, Azərbaycan Dillər Universiteti , Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası,  Azərbaycan Turizm və Menecment Universiteti, Vladimir Dal adına Ukrayna Milli Universiteti və  Azərbaycan Müəllimlər İnstitutunun məzunlarıdırlar.

 

Onlar SOCAR, Milli Məclis, Dövlət Gömrük Komitəsi, İpoteka və Kredit Zəmanət Fondu, Dövlət Sosial Müdafiə Fondu, "Azercell Telekom" MMC, SOCAR-ın "Neftqazelmitədqiqatlayihə" İnstitutu , “Azneft” İB,  Optimal Elektronika, Mozalan Studiya, QSS Analytics , "M bulak BOKT" MMC, Bravo Supermarketlər şəbəkəsi, Odlar Yurdu İctimai Birliyi , “Buta Treydinq” şirkəti , SOCAR Metanol zavodu, Paşa Bank, “AzRe Təkrarsığorta” ASC, H.Z. Tağıyev adına Neft Qaz Çıxarma İdarəsi, “CELT Colleges” şirkəti , "Railvet” MMC, “GeoEnginnering” şirkəti, "SOCAR-Fuqro” MMC və  Odlar Yurdu Sığorta Brokeri MMC kimi müəsisələrdə müxtəlif vəzifələrdə çalışırlar.

 

Tələbələrlə görüş zamanı rektor E.Qasımov MBA proqramına bu il qəbul üzrə ən yüksək balın (88 bal) BANM-in Neft-qaz mühəndisliyi ixtisasının məzunu Murad Süleymanlının və Bakı Mühəndislik Universitetinin Dünya iqtisadiyyatı ixtisasının məzunu Anar Məmmədlinin topladığını bildirib. 

 

Rektor bildirib ki, BANM-də MBA proqramı üzrə tədris prosesi yüksək ixtisaslı elmi-pedaqoji kadrlar, iş adamları, ayrı-ayrı müəssisələrin rəhbər şəxsləri tərəfindən yerinə yetirilir. Bundan başqa, həftənin şənbə günləri təcrübəli və tanınmış mütəxəssislərin iştirakı ilə təlimlər təşkil olunur.

 

 “BANM-in MBA proqramında tələbələr idarəetmə və biznesin müxtəlif sahələri üzrə bilik və bacarıqlar əldə edirlər. Tədris proqramına Strateji İdarəetmə, Marketinq, Statistika, İnvestisiya və digər fənlər daxildir. Kurikulum və dərs vəsaitləri dünyaca tanınmış akademik heyət tərəfindən yalnız Bakı Ali Neft Məktəbi üçün hazırlanıb. Proqrama qəbul olan tələbələr öncədən xüsusi hazırlanmış dərsliklər və digər köməkçi vəsaitlərlə təmin edilirlər. Dərslər həftə içi 3 gün olmaqla, axşam saatlarında təşkil edilir. Bütün dərslər yalnız ingilis dilində tədris edilir. MBA-də əldə olunan bilik və bacarıqlar müxtəlif şirkətlərdə təcrübə proqramlarında uğurla iştirak etməyə və tələbələrin özlərini yeni sahələrdə sınamağa imkan verəcək”. – deyə rektor vurğulayıb.

 

Görüş sualların cavablandırılması ilə başa çatıb.

     

 



22.09.2020 | 14:15