AzTU-nun metallurgiya və materialşünaslıq fakültəsinin filialı açılıb

"Azəralüminium" MMC-nin Gəncə Alüminium Kompleksində Azərbaycan Texniki Universitetinin (AzTU) metallurgiya və materialşünaslıq fakültəsinin tədris filialı açılıb.

 

Universitetdən bildirilib ki, açılış mərasimində AzTU-nun rektoru Vilayət Vəliyev, "Azəralüminium" MMC-nin direktoru Maksim Cavadov, "Azərbaycan Sənaye Korporasiyası" ASC-nin baş direktoru Kamran Nəbizadə, universitetin və kompleksin nümayəndələri iştirak ediblər.

 

Bildirilib ki, Gəncədə AzTU-nun tədris filialının açılması bu bölgədə metallurgiya sahəsində kadr hazırlığının inkişafına təkan verəcək. Gələcəkdə fakültənin filialının bir hissəsinin tədqiqat mərkəzi kimi fəaliyyət göstərməsi, birgə elmi-innovativ işlərin həyata keçirilməsinin nəzərdə tutulduğu vurğulanıb. Eyni zamanda AzTU-nun bazasında kompleksin tədris laboratoriyasının yaradılması barədə razılıq əldə olunub.

 

Qeyd edək ki, kompleksdə AzTU-nun bakalavr və magistr tələbələrinin təcrübələrinin təşkili , lazımi dəstəyin həyata keçirilməsi, onların buraxılış işi və magistr dissertasiyaları  mövzularının bu sənaye sahəsindən götürülməsinin təmini, regionda yaşayan tələbələr üçün ehtiyac yarandıqda tədris prosesinin həyata keçirilməsi imkanları, birgə elmi-tədqiqatların aparılması nəzərdə tutulur. Bundan başqa, Gəncə Alüminium Kompleksi ilə birgə texniki peşə və orta ixtisas təhsilinin təşkili imkanları da planlaşdırılır.

           

 

 



24.09.2020 | 15:39