“Təhsil sosial mediada” layihəsinin iştirakçıları mükafatlandırılıb

Mayın 31-də Təhsil Nazirliyində “Təhsil sosial mediada” layihəsi çərçivəsində təhsil işçilərinin mükafatlandırılması mərasimi keçirilib.

 

Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov və layihə iştirakçıları iştirak edib.

 

Tədbir iştirakçılarını salamlayan təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, “Təhsil sosial mediada” layihəsi Azərbaycanda təhsilin inkişafı ilə bağlı strateji hədəflərin reallaşdırılması sahəsində həyata keçirilən islahatyönlü tədbirlərin mahiyyətinin təbliğ və təşviqini gücləndirmək, həmin istiqamətdə aparılan maarifləndirmə işlərinin səmərəliliyini yüksəltmək, habelə bu prosesə ictimai dəstəyin genişləndirilməsini təmin etmək məqsədi daşıyır. Bu sahədə yüksək dəyərlərə xüsusi diqqət yetirmək lazım olduğunu deyən nazir müavini  gənclərin tərbiyə olunması istiqamətində fəaliyyətin gücləndirilməsini çox önəmli məsələlər adlandırıb: “Ola bilsin ki, biz savadlı bir gənci formalaşdırırıq, amma onun mədəniyyət  səviyyəsi aşağıdır. Gəlin görək cəmiyyətə bu nə dərəcədə xeyir verə bilər. Bizə lazımdır ki, onun savadı və mədəniyyəti də normal səviyyədə olsun”.   F.Qurbanov vurğulayıb ki, sosial media layihəsinin məqsədlərindən biri də  cəmiyyətdə təhsil sahəsi haqqında düzgün fikir formalaşdırmaqdan ibarətdir: “Bu sahəyə düzgün münasibət olmalıdır. Təhsil ən həssas sahələrdən biridir”. 

 

Təhsil sahəsində aparılan yeniliklərdən danışan nazir müavini təhsilin maddi-texniki bazasından, təhsil müəssisələrinin müasir texniki vasitələr, avadanlıqlarla təmin olunmasından, müasir təhsil komplekslərinin tikilib istifadəyə verilməsindən, müəllimlərin işə qəbulu və onların bilik səviyyəsinin artırılmasından, müəllimlərin diaqnostik qiymətləndirmədən keçirilməsindən, onların sosial durumlarının yaxşılaşdırılması və Təhsil Nazirliyinin həyata keçirdiyi bir çox digər uğurlu layihələr barədə də məlumat verib.  F.Qurbanov çıxışının sonunda  iştirakçıları təbrik edərək onlara  gələcək fəaliyyətində uğurlar arzulayıb.

 

Çıxış edənlər layihə ilə bağlı fikirlərini bölüşüb, aparılan islahatlara öz töhfələrini verməyə hazır olduqlarını bildiriblər. 

 

Daha sonra iştirakçılar “Təhsil sosial mediada” layihəsi çərçivəsində təhsil sahəsində həyata keçirilən islahatyönlü tədbirlər haqqında ictimaiyyətdə obyektiv rəyin formalaşdırılması, bu sahədə səmərəli fəaliyyətlərinə görə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təşəkkürnaməsi” ilə təltif olunublar.

 

Rəşad ZİYADOV



01.06.2018 | 10:09