Coğrafi adların elektron bazasının müzakirəsi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Coğrafiya İnstitutunda “Coğrafi adların müxtəlif dillərdə yazılışını əks etdirən elektron baza”nın müzakirəsi  keçirilib.

 

Tədbirdə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev, Coğrafiya və Tarix institutlarının  direktorları- akademiklər Ramiz Məmmədov və Yaqub Mahmudov, “Geodeziya və Kartoqrafiya” MMC-nin direktoru Nazim İsmayılov, Bakı Kartoqrafiya Fabrikinin direktoru Müqabil Bayramov, Coğrafiya, Tarix və Dilçilik institutlarının  direktor müavinləri iştirak ediblər.

 

N.İsmayılov təqdimatla çıxış edərək rəhbəri olduğu “Geodeziya və Kartoqrafiya” MMC-də AMEA-nın Dilçilik İnstitutunda hazırlanmış milli transliterasiya standartı əsasında ölkəmizə aid coğrafi adların müxtəlif dillərdə yazılışını əks etdirən elektron bazanın yaradıldığını diqqətə çatdırıb. O, bazaya daxil edilən 4590 yaşayış məntəqəsi adları arasında yazılışı şübhə doğuran bəzi adların  dəqiqləşdirilməsinin lazım olduğunu qeyd edib.

 

Akademik R.Məmmədov coğrafi toponimlərin (hələlik yalnız yaşayış məntəqə adlarının) düzgün yazılışının, onların rus dilindən deyil, birbaşa orijinaldan – Azərbaycan dilindən tərcümə və transliterasiya edilməsinin, düzgün hazırlanmış Azərbaycan xəritəsinin elektron variantının rəsmi saytlarda yerləşdirilməsinin və Beynəlxalq təşkilatlara çatdırılmasının vacibliyini qeyd edib.

 

Diqqətə çatdırılıb ki, əgər bu baza yaradılıb geniş istifadəyə verilərsə, hər hansı bir coğrafi toponimin təhrif edilməsinin, bədxah qonşularımız tərəfindən bu adların ermənicə izahının qarşısı alınmış olar. Eyni zamanda bildirilib ki, bu iş böyük həcmə və aktuallığına, gələcəkdə uzun müddət istifadə ediləcəyinə görə tələskənliyə yol vermək olmaz, proses mərhələlərlə həyata keçirilməlidir.

 

Müzakirələrin sonunda bazanın səmərəliliyini artırmaq məqsədi ilə birgə işləmək üçün Coğrafiya, Tarix və Dilçilik institutları mütəxəssislərindən ibarət komissiyanın yaradılması təklifi irəli sürülüb.

 



25.09.2020 | 17:18