Əlyazmalar Fondunda elmi-praktik seminar

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda “2020-ci ildə Əlyazmalar Fonduna daxil olan yeni əlyazma və çap kitablarının qeydiyyatına dair” mövzusunda elmi-praktik seminar keçirilib.

 

Fondun direktoru, filologiya elmləri doktoru Fərman Xəlilov bu elmi quruma cari ildə 60 qədim əlyazma və çap kitabının daxil olması haqqında məlumat verib. Bildirib ki, Naxçıvanın Mədəniyyət Nazirliyi tərəfindən hədiyyə edilən əlyazma və çap kitablarının içərisində dəyərli nümunələr vardır.

 

Diqqətə çatdırılıb ki, “Ənvari-şühəda”, “Zinətül-məcalis”, “Əhsənul-qisəs”, “Qurban bayramı”, “Kitabi-əl bəyan”, “Coğrafiya”, “Dünyanı sarsıdan on gün”, “Nəbatat” adlı əlyazma və çap kitabları bu qəbildəndir.

 

F.Xəlilov qeyd edib ki, həmin əlyazma və çap kitabları üzərində gələcəkdə araşdırmaların aparılması nəzərdə tutulub.

 

Daha sonra fondun şöbə müdirləri- dosent Səbuhi İbrahimov, Fəxrəddin Eylazov və elmi işçi Kübra Vəliyeva çıxış edərək yeni əlyazma və çap kitablarının qeydə alınması, onlara gigiyenik xidmət göstərilməsi, naqis kitabların bərpa olunması,  kataloqlaşdırılması ilə bağlı ətraflı məlumat veriblər.

 



27.09.2020 | 13:27