“Bilik öyrətmənin ən yaxşı üsulu tədqiqatdır”

Mayın 29-da Azərbaycan Dövlət Pedaqoji Universitetində Pedaqoji Forumun artıq bir ənənəyə çevrilən növbəti dinləməsi keçirilib. Forumda təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyevin “Müəllim və pedaqoji təhsil” mövzusunda məruzəsi dinlənilib. Tədbirdə  ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, professor-müəllim heyəti, təhsil mütəxəssisləri, pedaqoji sahədə tədqiqatlar aparan alimlər və pedaqoji ictimaiyyətin nümayəndələri, təhsil ekspertləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və təhsil sahəsindən yazan jurnalistlər iştirak ediblər.

 

Forumu universitetin tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov açaraq məruzəçi Etibar Əliyevin fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verib. Bildirib ki,  Etibar Əliyev 1986-cı ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini bitirib. Təyinatla 1986-1991-ci illərdə Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyində elmi işçi, 1992-2002-ci illərdə Təhsil Nazirliyində aparıcı mütəxəssis vəzifəsində çalışıb. 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitutunun idrak nəzəriyyəsi və elmin fəlsəfəsi şöbəsində böyük elmi işçi vəzifəsində işləyir. 2000-ci ildə “Elmi idrakın inkişafında fiziki ideyaların rolu” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə elmləri namizədi dərəcəsi alıb. “Məktəbli fəlsəfəsi”, “Ədəbiyyat üzrə Nobel mükafatçıları”, “Yeni təhsil, tərbiyə və elm antologiyası”, “Bolonya bələdçisi”, “Müasir təhsil texnologiyalarının tezaurusu”, “Müəllimlərin peşəkar kompetensiyalarının inkişafına dəstək”, “Səriştəli valideyn” kitablarının müəllifidir. “Azərbaycan multikulturalizmi: dərslik” kitabının elmi redaktorudur. Hazırda “Elmin tarixi” kitabını tamamlamaq üzrədir.

 

Etibar Əliyev “XXI Əsr Təhsil Mərkəzi” İctimai Birliyinin sədridir. Onun rəhbərlik etdiyi qeyri-hökumət təşkilatı elm və təhsil sahəsində 15-dən çox layihə icra edib. 200-dən çox elmi-publisistik məqalənin müəllifidir.

 

“Müəllim daim tədqiqatla, intellektual axtarışlarla məşğul olmalıdır”

 

Etibar Əliyev məruzəsində öncə qədim Şərq filosoflarının müəllim haqqında söylədikləri fikirləri səsləndirib. O, Sufi pritçasından sitat gətirərək bildirib: “Bir çox uşağı tərbiyə edən və onlara dərs verən müəllim hünər, fədakarlıq göstərir. Bu, çox ağır və üzücü bir əməkdir. Lakin müəllim bu peşənin məsuliyyətini dərk etməli, təcrübəsiz, savadsız adamların mənəviyyatını pozmamalı və yolverilməz işlər görməməlidir”. Təhsil eksperti müasir müəllim modelindən və onların hazırlanmasından söhbət açaraq qeyd edib ki,  tədris üsulları müxtəlifdir və hər bir tədris üsulunda müəllimin keyfiyyəti, səriştəliliyi ön plana çıxır. O, bu baxımdan yüksək komponentləri özündə birləşdirən müəllimin aşkara çıxarılmasının vacib olduğunu deyib: “Bu gün təhsilimizin əsas məqsədi müəllimin effektivliyinin yüksəldilməsi, qiymətləndirmə sistemində islahatların aparılmasıdır”. 

 

İdeal müəllim modeli

 

Çıxışında ideal müəllim modeli barədə də danışan  E.Əliyev vurğulayıb ki, xalqımızın böyük elm və təhsil xadimi, görkəmli ziyalısı Mehdi Mehdizadə psixologiya və pedaqogikanı müəllimin qoşa qanadı adlandırıb. Çağdaş dövrümüzün müəllimi haqqında danışan E.Əliyev  qeyd edib ki,  müəllim menecer, müşahidəçi, diaqnostik, təşkilatçı, məsləhətçidir: “Müəllim şərh edir, izah edir, ruhlandırır, ilham verir. Müəllim daim tədqiqatla, intellektual axtarışlarla məşğul olmalıdır. Bilik öyrətməyin ən yaxşı üsulu tədqiqatdır”. Müəllimlərin keçdikləri dərslərdən də danışan E.Əliyev diqqətə çatdırıb ki, yaxşı dərs qurmaq üçün saysız-hesabsız vasitələrdən və üsullardan istifadə etmək mümkündür. O bunu belə izah edib: “Müəllim məsləhət verməli, inandırmalı, rəğbətləndirməli, nəsihət verməli, intizama dəvət etməli və sair üsullara əl atmalıdır. Ən əsası isə uşağın dərk etmək istəyinə zidd olmayan bütün vasitələrdən istifadə etməlidir”.

        

Pedaqoji təhsil sistemləri

 

Pedaqogika elmi haqqında da fikirlərini bildirən E.Əliyev qeyd edib ki, pedaqogika xüsusi tədris fənnidir. O, pedaqogikanın bütün elm sahələrindən fərqli olaraq əbədi predmetinin tərbiyə olduğunu deyib: “Pedaqogika bütün elm sahələrinin içərisində ən mürəkkəbidir. Onlarla elm sahəsinin pedaqogika ilə dolayısı və birbaşa əlaqəsi var. Bu sahə haqqında minlərlə kitablar yazılıb. Lakin xüsusilə qeyd etmək olar ki, tərbiyə problemi hələ də həll olunmamış qalır. Bütün bunlarla yanaşı pedaqogika həm də maraqlı elmdir. Bu, təkcə onun predmeti ilə bağlı deyil. Bu həm də insan həyatının tərəddüdləri, səhvləri və insan taleyinin dramı ilə sıx surətdə bağlıdır ”.

 

Dünyada bir çox pedaqoji təhsil sistemlərin mövcud olduğunu və hər birinin fərqləndiyini deyən ekspert onu da bildirib ki, pedaqoji hazırlıq proqramları pedaqogika sahəsində fundamental bilikləri formalaşdırmalı, hər bir müəllim üçün vacib olan pedaqoji bacarıq və vərdişləri aşılamalıdır. E.Əliyev yaxşı proqramların pedaqoji təfəkkürü, pedaqoji mədəniyyət və dünyagörüşünü formalaşdırdığını da sözlərinə əlavə edib. Ekspert dünyanın aparıcı ölkələrində pedaqoji təhsil proqramlarının standartları probleminə birmənalı yanaşma olmadığını bildirib və  bu sahədə dünya təcrübəsindən misallar göstərib.

 

PİRLS-in nəticələrinə görə şagirdlərimiz xeyli irəliləyiblər

 

Ekspert bildirib ki, PİRLS 4-cü sinif şagirdlərinin mətnlərinin analizi və qiymətləndirilməsi üzrə beynəlxalq tədqiqatlar aparır. O, tədqiqat zamanı şagirdlərə oxumaq və yazmaq üçün kitab, dəftər verildiyini bildirib. E.Əliyev tədqiqatların nəticələrinə görə əvvəlki illərlə müqayisədə şagirdlərimizdə xeyli irəliləmə müşahidə olunduğunu diqqətə çatdırıb.

 

Diskussiya şəraitində keçən tədbirdə millət vəkili Fazil Mustafa, hüquqşünas Aydın Kərimov, Bakı Slavyan Universitetinin tədris işləri üzrə prorektoru, professor Telman Cəfərov, ADPU-nun nümayəndələri - professor İramin İsayev, dosentlər Məhərrəm Zülfüqarlı,  Əli Zalov,  Rəcəb Əliyev,  Fəxrəddin Yusifov,  Eldar Hacıyev,  Əhməd Qəşəmoğlu və başqaları çıxış edərək təqdimatı yüksək qiymətləndiriblər. Çıxış edənlər ali məktəb müəllimlərinin peşəkar və mənəvi keyfiyyətləri, ali məktəblərin akkreditasiyası, müəllim hazırlığı, tədris proqramları, alternativ dərsliklər, elmin populyarlaşdırılması və digər vacib məqamlarla bağlı öz fikir və mülahizələrini tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

 

Tədbirin yekununda çıxış edən ADPU-nun rektoru Cəfər Cəfərov vurğulayıb ki, belə elmi-metodiki toplantılar  dialoq imkanlarının, yeni fikir və ideyaların ortaya çıxmasına kömək edir. Təhsil xalqın, millətin təhlükəsizliyi məsələsidir. Azərbaycanın gələcəyi, hərtərəfli inkişafı təhsildən asılıdır. Yüksək keyfiyyətli təhsil xalqımızın dünyanın sivil və mütərəqqi xalqları arasında olmasını şərtləndirən əsas amildir.   Rektor   maraqlı və  məzmunlu təqdimata görə E.Əliyevə təşəkkür edib və uğurlar arzulayıb.

 

Niyazi RƏHİMOV

 

 



01.06.2018 | 11:57