Mən əldə edilmiş ilk uğurlar münasibətilə Azərbaycan xalqını, Azərbaycan Ordusunu təbrik edirəm

Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır!

 

* Mən əminəm ki, bizim uğurlu əks-hücum əməliyyatımız işğala son qoyacaqdır! Ədalətsizliyə son qoyacaqdır! Otuz ilə yaxın davam edən işğala son qoyacaqdır! Çünki Azərbaycan xalqı öz torpağında yaşamaq istəyir. Azərbaycan vətəndaşı Vətən həsrəti ilə yaşayır. Ermənilər tərəfindən, Ermənistan rəhbərliyi tərəfindən öz dədə-baba torpaqlarından zorla didərgin salınmış insanlar öz doğma ocaqlarına qayıtmaq istəyirlər.

 

* Bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, bu dəstəyi biz daim hiss edirik. Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır. Otuz ilə yaxın öz doğma torpaqlarına qayıda bilməyən soydaşlarımıza da üz tutub deyirəm, biz əlimizdən gələni edəcəyik ki, sizi öz doğma torpaqlarınıza qaytaraq.

 

* Mən Ermənistana xəbərdarlıq etmişdim. Tovuz hadisələrindən sonra bir neçə dəfə xəbərdarlıq etmişdim ki, əgər onlar öz çirkin əməllərindən əl çəkməsələr peşman olacaqlar. Biz onlara 2016-cı ildə, 2018-ci ildə, bu ilin iyul ayında dərs verdik. Amma görünür ki, bu, onlar üçün dərs olmadı. Bu dəfə də dərs veririk və verəcəyik. Bu gün şanlı Azərbaycan Ordusu böyük uğurla əks-hücum əməliyyatı keçirir və bu əməliyyat davam edir.

 

* Onu da bildirməliyəm ki, bizim bütün hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə ruh yüksəkliyi var. Eyni zamanda, ordumuza könüllü yazılanların sayı on minlərlə insanı əhatə edir. Bu, xalqımızın öz dövlətinə sadiqliyini göstərir.

 

* Dağlıq Qarabağ məsələsi bizim milli məsələmizdir. Dağlıq Qarabağ məsələsinin həlli bizim tarixi vəzifəmizdir. Mən dəfələrlə demişəm, bu gün də demək istəyirəm, biz bu məsələni elə həll etməliyik ki, Azərbaycan xalqı bundan razı olsun. Biz bunu elə həll etməliyik ki, tarixi ədalət bərpa edilsin. Biz bunu elə etməliyik ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun.

 

* Dağlıq Qarabağ bizim əzəli tarixi torpağımızdır. Mən Dağlıq Qarabağın tarixi ilə, keçmişi ilə bağlı beynəlxalq tədbirlərdə müxtəlif kürsülərdən dəfələrlə öz sözlərimi demişəm. Tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırmışam. Bizim məqsədyönlü və yorulmaz səylərimiz nəticəsində bu gün Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünyada tam geniş təsəvvür var.

 

* Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik.

 

* Mən əldə edilmiş ilk uğurlar münasibətilə Azərbaycan xalqını, Azərbaycan Ordusunu təbrik edirəm. Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə sentyabrın 27-də keçirilən Təhlükəsizlik Şurasının iclasındakı çıxışından

 



02.10.2020 | 10:15