NDU-da “Beynəlxalq Müəllimlər Günü”

Naxçıvan Dövlət Universitetində (NDU) 5 oktyabr-Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib.

 

Universitetin rektoru Elbrus İsayev   “Müəllimlər günü”nün dünyada qeyd olunması tarixindən danışıb, Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyinə göstərilən diqqətdən də bəhs edib.   Rektorun sözlərinə görə, ölkəmizdə təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilməsinin nəticəsidir ki, son illərdə bu sahədə mühüm dövlət proqramları icra olunur və kompleks tədbirlər həyata keçirilir. Bildirilib ki, ölkəmiz bu gün dünyada özünün müasir təhsil infrastrukturu və təhsil ənənələri ilə seçilir.

 

“Bu gün bizlər üçün ikiqat bayramdır. Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə Azərbaycan ordusu bir sıra yaşayış yerlərini, strateji postları və yüksəklikləri düşməndən azad edib. Ordumuzun qazandığı zəfər müəllimlər və bütün Azərbaycan xalqının ən qiymətli hədiyyəsidir”-deyən E.İsayev bu münasibətlə də müəllimləri təbrik edib.

 

NDU-nun Beynəlxalq münasibətlər kafedrasının baş müəllimi Arzu Abdullayev vurğulayıb ki,  milli təhsil sisteminin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq son illər ölkəmizdə, o cümlədən muxtar respublikada heç bir dövrdə olmadığı qədər yeni məktəb binaları və müasir təhsil kompleksləri tikilib istifadəyə verilir. Sevindirici haldır ki, bu proses nəinki şəhər və rayon mərkəzlərini, ən ucqar kəndləri də əhatə edir. Diqqqətə çatdırılıb ki, muxtar respublikada müəllimlərin əməyi layiqincə qiymətləndirilir, onların sosial vəziyyətinin yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır. 

 

Sonra universitetə 628 balla qəbul olmuş I kurs tələbəsi Elnarə Abdullayeva çıxış edib.

 

Tələbə teatr studiyasının təqdimatında ədəbi-bədii kompozisiya isə tədbiri daha yaddaqalan edib.

 



05.10.2020 | 17:10