Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsi “Qürurlu ol, əsgər anası!” layihəsində

Məlum olduğu kimi, hazırda  Bakı Slavyan Universitetində (BSU) “Qürurlu ol, əsgər anası!” layihəsi həyata keçirilir.

 

Bu layihənin məqsədi BSU-nun hazırda ön cəbhədə hərbi xidmətdə olan və erməni işğalçıları ilə döyüşən məzun əsgərlərinin ailələrinə mənəvi dəstək vermək, onlarla həmrəylik  nümayiş etdirməkdir. Layihə çərçivəsində BSU-nun beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika  fakültəsinin rəhbərliyi  fakültənin məzunları Murad Sadiqov, Elvin Kazımlı və Rövşən Müslümzadənin valideynlərini ziyarət ediblər.

 

BSU-dan verilən məlumata görə, görüş zamanı adıçəkilən fakültənin dekanı, dosent  Şirinbəy Əliyev, tədris işləri üzrə dekan müavini, dosent Sevil Bağırova, tərbiyə işləri üzrə dekan müavini Kəmalə Nəsirova və tyutor Leyla Həyatova məzun əsgərlərin valideynləri ilə həmrəy olduqlarını  bildirərək məzunlarla qürur duyduqlarını  xüsusi  vurğulayıblar. Qeyd edilib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı, rəşadətli  Azərbaycan Ordusu erməni təcavüzkarlarının yeni hərbi təxribatına cavab olaraq genişmiqyaslı və uğurlu  əks-hücum əməliyyatlarını davam etdirir. Azərbaycan Ordusu bir sıra yaşayış yerlərini, strateji postları və yüksəklikləri düşməndən azad edib. Azərbaycan xalqı mühüm tarixi günlər yaşayır. Xalqımızın  ürəyi ön cəbhədə  mənfur düşmənə sarsıdıcı zərbələr endirən igid əsgər və zabitlərimizlə birgə döyünür.

 

Bütün xalqımız kimi, dövlət və ordu ilə birlik nümayiş etdirən BSU-nun rəhbərliyi, professor-müəllim heyəti və tələbə-gəncləri də düşmən üzərində tam, qəti qələbəni əminliklə gözləyir.

 

Görüş zamanı  məzun əsgərlərin ailələrinə sovqat verilib, eləcə də onların universiteti bitirmələri haqqında diplomları valideynlərinə təqdim edilib. Görüş hamıda xoş təəssürat, yüksək əhvali-ruhiyyə yaradıb.

  

 



06.10.2020 | 15:04