BSU-nun əməkdaşı erməni hakerlərinin hücumuna məruz qalan saytın fəaliyyətini bərpa edib

Bakı Slavyan Universitetinin (BSU) Monitorinq, qiymətləndirmə və tədrisin keyfiyyətinə nəzarət şöbəsinin mütəxəssisi, pedaqogika və psixologiya kafedrasının müəllimi Nurlan Məmmədov Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Fedai.az saytını erməni hakerlərinin kiberhücumundan sonra dərhal bərpa edib. Beləliklə, informasiya müharibəsi şəraitində Qarabağ həqiqətlərini, Azərbaycanın haqq səsini dünyaya operativ çatdırmaqla daim düşmən hədəfində qalan bu saytın təhlükəsiz və fasiləsiz fəaliyyətini uğurla mühafizə etməyə nail olub.

 

BSU-dan bildirilib ki,  N. Məmmədov 67 mindən çox üzvü olan AVMVİB-nin sədri Füzuli Rzaquliyev tərəfindən Birliyin təsis etdiyi “Milli Ordu — 100” yubiley medalı ilə təltif edilib.

 

Məlumat üçün bildirək ki, N. Məmmədov bu il oktyabr ayının 3-də “Google” koorporasiyasının İnformasiya Texnologiyaları (İT) üzrə beynəlxalq sertifikatını alıb. O, “Google” tərəfindən keçirilən “İT üzrə texniki dəstəyin əsasları” kursunu tam həcmdə, 98.78% bal ilə yüksək nəticə göstərərək informasiya təhlükəsizliyi, kibertəhlükəsizlik, əsas şifrələnmə alqoritmləri və verilənlərin mühafizəsi mövzularında nəzəri, praktik tapşırıqları müvəffəqiyyətlə başa vurub.

 

N.Məmmədov bundan əvvəl isə Toronto Universitetinin və Corciya Texnologiyalar İnstitutunun da müvafiq sertifikatlarına layiq görülüb.  Hazırda Harvard Universitetinin “Python və JavaScript ilə Veb proqramlaşdırma” modulu üzrə distant təhsi alır.

 

İnanırıq ki, N. Məmmədov qazandığı bilik və bacarıqlarını hazırda         uğurlu əks-hücum əməliyyatları ilə yanaşı, informasiya müharibəsi aparan Azərbaycanın rəqəmsal mühitinin kibertəhlükəsizlik şəraitində fəaliyyətinə yönəltməklə bu işə öz töhfəsini verəcəkdir.

 

 



07.10.2020 | 14:25