BMU-dan Silahlı Qüvvələrə Yardım Fonduna 50 min manat vəsait

Bakı Mühəndislik Universitetinin (BMU) Elmi Şurasının iclası keçirilib. İclasda çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov bildirib ki,  Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni şanlı tarixinin növbəti səhifəsi yazılır. Rektor mənfur düşmənin heç bir insanlığa sığmayan təcavüzkar əməllərinə, mülki əhaliyə qarşı müxtəlif cinayətlər törətməsinə baxmayaraq, Azərbaycan Ordusunun düşmənə ağır zərbələr vurduğunu, uğurla irəliyə gedərək əzəli torpaqlarımızı işğaldan azad etdiyini söyləyib.  

 

Azərbaycan Ordusunun öz missiyasını bundan sonra da uğurla icra edəcəyinə, tezliklə ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminliyini vurğulayan H.Məmmədov Vətən uğrunda şəhid olan qəhrəman əsgərlərimizə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

 

İclasda qeyd olunub ki, Milli Ordunun maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəm olmasına və hərtərəfli təmin edilməsinə baxmayaraq, respublikada fəaliyyət göstərən müxtəlif şirkətlər, qurumlar, fiziki və hüquqi şəxslər, bütövlükdə ölkə ictimaiyyəti orduya hərtərəfli dəstək göstərir, Silahlı Qüvvələrə Yardım Fonduna vəsaitlər köçürürlər. Bildirilib ki, Azərbaycan ərazisinin bütövlüyü və təhlükəsizliyi naminə Ordumuza dəstək məqsədilə mövcud vəziyyətdə atılan bu addımlar təqdirəlayiqdir.

 

İclasda Silahlı Qüvvələrinə Yardım Fonduna 50 min manat vəsait köçürülməsi barədə yekdil qərar qəbul olunub.

 



07.10.2020 | 15:30