BDU-nun əcnəbi tələbələri “Qarabağ Azərbaycandır!” deyir

Sentyabrın 27-dən bu günə qədər bir çox xarici ölkələr, nüfuzlu beynəlxalq təşkilatlar Qarabağ probleminin aradan qaldırılmasında Azərbaycanın ədalətli mövqeyini, başladığı haqlı savaşı dəstəklədiklərini ifadə ediblər.

 

Bakı Dövlət Universitetindən (BDU) bildirilib ki, ali məktəbdə  təhsil alan əcnəbi tələbələr də Azərbaycanın  ərazi bütövlüyünün təmin edilməsi istiqamətində apardığı mübarizəni alqışlayır.

 

Onlardan bir neçəsinin fikirləri ilə tanış olaq.       

 

Jurnalistika fakültəsinin magistrantı, Misir Ərəb Respublikası vətəndaşı Ehab İsmail:

 

Dağlıq Qarabağ münaqişəsi XX yüzilliyin tarixinə ən faciəli münaqişələrdən biri kimi daxil olaraq milyonlarla insanın taleyində acı iz buraxıb. Təəssüflər olsun ki, Qarabağ probleminin həll olunması məqsədilə BMT-nin qəbul etdiyi dörd qətnamə indiyədək kağız üzərində qalıb. ATƏT-in Minsk Qrupu 28 ildir ki, bu münaqişənin həlli istiqamətində heç bir nəticə əldə etməyib. Buna görə də, Azərbaycanın işğal altında olan torpaqlarını geri qaytarması xəbəri məni çox sevindirdi, qürurlandırdı. Torpaq Vətəndir, müqəddəs dəyərdir, toxunulmazdır. Müqəddəs dəyərlərə əl uzadanların əllərini qırmaq lazımdır! Qarabağ Azərbaycandır!

 

 

Tarix fakültəsin doktorantı, Türkiyə vətəndaşı Oğuz Kağan Bayrakdar:

 

Ermənistanın Dağlıq Qarabağa status məsələsini tələb etməsi, Azərbaycanın qədim torpağı olan Şuşa şəhərində ermənilərin yallı getmələri, onların işğalçılıq siyasətindən əl çəkməyəcəklərini bir daha sübut edir. Azərbaycan öz torpaqlarında vuruşur, haqlı davasını aparır. Mən də Qarabağın Azərbaycan Ordusu tərəfindən tamamilə azad edilməsi gününü böyük səbirsizliklə gözləyirəm, can Azərbaycanın günəşli günlərinin çox yaxında olduğunu hiss edirəm. Qarabağ Azərbaycandır!

 

 

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin tələbəsi, Qazaxıstan vətəndaşı Askar Müzaffar:

 

Ərazi bütövlüyü olmadan Azərbaycanda sülh mümkün deyil. Hər kəsə məlumdur ki, 1994-cü ildən sülh danışıqları nəticəsiz qalıb. 30 il müddətində Kazan anlaşması, Madrid prinsipləri kimi razılaşmalar əldə edilmişdir. Lakin zaman göstərdi ki, Ermənistan sülh danışıqlarını bilərəkdən uzadır. Bu da onu sübut edir ki, Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olunmasına yeganə maneədir.  Haqq yolunda olan Azərbaycanın bütün torpaqlarını işğaldan azad edəcəyinə əminəm. Dünya bilsin ki, Qarabağ Azərbaycandır!

 

 

 

Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin builki məzunu Pakistan vətəndaşı Mahmut Athar:

 

Pakistan Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk dövlətlərdəndir və Dağlıq Qarabağ probleminə görə Ermənistanda səfirlik açmayıb. Azərbaycanlı qardaşlarım bilsin ki, bir-birimizin kədərini və sevincini paylaşan ölkələr olaraq, hər zaman Azərbaycanın yanındayıq. Azərbaycanda özümü vətənimdəki kimi hiss edirəm. Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!

 



08.10.2020 | 15:22