2020-ci ilin Nobel laureatları

Ənənəyə uyğun olaraq hər il Stokholmda İsveç Kral Elmlər Akademiyası yanında Nobel Mükafatları  Komitəsi elmin ayrı-ayrı sahələri, ədəbiyyat, sülh üzrə Nobel mükafatı laureatlarının adlarını elan edir. İlk olaraq oktyabrın 5-də komitə tərəfindən  2020-ci il üzrə fiziologiya və tibb sahəsində  Nobel mükafatı laureatlarının adları  açıqlanıb.  Yüksək elmi mükafata amerikalı Harvi Olter (ABŞ Milli Səhiyyə İnstitutu), Çarlz Rays (Rokfeller Universiteti) və kanadalı  Maykl Houton (Alberta Universiteti) hepatit C virusunun kəşfinə görə layiq görülüblər.

 

Oktyabrın 6-də Nobel Mükafatları Komitəsi 2020-ci il üzrə fizika sahəsində  Nobel mükafatı laureatlarının adlarını açıqlayıb. Yüksək elmi mükafata  2020-ci ildə “qara dəliklər”in formalaşması mexanizmlərinin tədqiqinə görə müxtəlif ölkələrdən olan üç alim  - Rocer Penros (Böyük Britaniya), Raynhard Gensel  (Almaniya) və Andrea Gez  (ABŞ) layiq görülüblər.

 

Oktyabrın 7-də 2020-ci il üzrə  kimya  sahəsində Nobel mükafatı laureatlarının adları məlum olub. Mükafat  CRISPR/Cas9 genomunun redaktə metodunu kəşf etdiklərinə görə 2 alimə - Cenifer Dudnaya və Emmanuel Şarpantyeye təqdim olunacaq. Oktyabrın 8-də ədəbiyyat sahəsində Nobel mükafatı laureatının adı da açıqlanıb. Mükafat “Fərdin mövcudluğunu özünün asketik gözəlliyi ilə universal edən qüsursuz şair səsinə görə” amerikalı şairə Luiza Qlyuka veriləcək.

 

Fiziologiya və tibb üzrə

 

Harvi Ceyms Halter (Harvey Ceyms Alter) 12 sentyabr 1935-ci ildə  Nyu-Yorkda  anadan olub. Amerikalı tibb tədqiqatçısı, virusoloq və həkimdir. ABŞ-ın Roçester Universitetində təhsil alıb və 1956-cı ildə incəsənət üzrə bakalavr, 1960-cı ildə tibb dərəcəsi alıb. 1961-1964-cü illərdə  Milli Səhiyyə İnstitutunda klinik adyunkt kimi çalışıb. 1964-1965-ci illərdə Corstaun Universitetinin xəstəxanasında hematoloq kimi işləyib.

 

1970-ci illərin ortalarında H. Halter  və onun tədqiqat qrupu göstərdi ki, transfuziyadan sonrakı hepatit hallarının əksəriyyəti hepatit  A və hepatit B virusları ilə nəticələnməyib. Bu iş 1988-ci ildə hepatit C virusunun kəşf edilməsinə səbəb olub.  O, hepatitə səbəb olan virusun aşkar edilməsi sahəsində araşdırmalarına görə tanınıb.

 

 

Maykl Houton (Michael Houghton) - 1950-ci ildə Böyük Britaniyada anadan olub. 1972-ci ildə biologiya elmləri üzrə Şərqi İngiltərə Universitetini  (East Anglia) bitirib və 1977-ci ildə London Kral Kollecində biokimya üzrə doktorluq dissertasiyası müdafiə edib.  2019-cu ildə East Anglia Universitetinin fəxri doktoru adına layiq görülüb.

 

Qui-Lim Çu, Corc Kuo və Daniel V. Bredli ilə yanaşı, hepatit genomunu da kəşf edib. Kanadanın  Virusologiya İnstitutunun direktoru, Alberta Universitetinin virusologiya professorudur.  Karl Landştaynerin (1992),  Robert Kox  (1993), Uilyam Bomont  (1994), Lasker (2000), Heydner Fondunun beynəlxalq mükafatlarına (2013) layiq görülüb.  2013-cü ildə dəyəri 100 min dollar olan Heydner Fondunun  mükafatından imtina edən ilk alim olub.

 

 

Çarlz M.Rays  (Charles M. Rice) 25 avqust 1952-ci ildə  ABŞ-ın Sakramento ştatında anadan olub.   ABŞ virusoloqudur.  1974-cü ildə Kaliforniya Devis Universitetində zoologiya üzrə bakalavr,  1981-ci ildə Kaliforniya Texnologiya İnstitutunda biokimya üzrə fəlsəfə doktoru elmi dərəcələri alıb.  1986-cı ildə Vaşinqton Universitetinin tibb fakültəsində dosent kimi fəaliyyətə başlayıb.  2001-ci ildən Rokfeller Universitetində professor vəzifəsində çalışır,  həmçinin Vaşinqton Universitetinin Tibb Məktəbində və Kornell Universitetində adyunkt-professordur. O, Məhsullara və Dərmanlara Nəzarət İdarəsinin, Milli Səhiyyə İnstitutlarının və Ümumdünya Səhiyyə Təşkilatının komitələrində də çalışıb.

 

 

Fizika üzrə

 

Ser Rocer Penros  (Roger Penrose)  8 avqust 1931-ci ildə  Böyük Britaniyanın Kolçester əyalətində Esseks şəhərində anadan olub. Britaniyalı riyaziyyatçı və relyativistdir. London Universitet Kollecini bitirib. 1957-ci ildə Kembric Universitetinin riyazi həndəsə doktoru elmi dərəcəsi alıb. 1973-cü ildən Oksford Universitetində riyaziyyat kafedrasında çalışır.

 

“Zamanın dövrləri: kainata fövqəladə yeni baxış” (2010) kitabında alim konformal tsiklik kosmologiya nəzəriyyəsini ifadə edərək Böyük Partlayışı sonsuz təkrarlanan hadisə kimi tərtib edib.  2008-ci ildə Kral Cəmiyyətinin Kopli medalına layiq görülüb.

 

 

Reynhard Genzel (Reinhard Genzel) 24 mart 1952-ci ildə Almaniyanın  Bad Hamburq şəhərində anadan olub. Astrofizikdir. Almaniyanın Frayburq  və Bonn universitetlərində təhsil alıb.  1978-ci ildə Bonn Universitetində və Maks Plank Radioastronomiya İnstitutunda iki fəlsəfə doktoru dissertasiyasını müdafiə edib. 1999-cu ildən ABŞ-ın Kaliforniya Berkli Universitetində dərs deyir. 2010-cu ildə Maks Plank Cəmiyyətinin Yerdən Kənar Fizika İnstitutuna rəhbərlik edib. Amerika Fizika Cəmiyyətinin həqiqi üzvü (1985), Fransa Elmlər Akademiyasının xarici üzvü (1998), Bavariya Elmlər Akademiyasının üzvü (2003), Leopoldin Akademiyasının üzvü (2002), ABŞ Milli Elmlər Akademiyasının (2000), London Kral Cəmiyyətinin üzvüdür (2012).

 

 

 

Andrea Gez (Andrea Ghez) 16 iyun 1965-ci ildə ABŞ-ın Nyu-York şəhərində anadan olub. Amerikalı astronom fəlsəfə doktorudur.  Əvvəlcə riyaziyyat ixtisası üzrə təhsil alıb, sonradan fizikaya meyil edib. 1987-ci ildə Massaçusets Texnologiya İnstitutunda fizika üzrə bakalavr, 1992-ci ildə isə Kaliforniya Texnologiya İnstitutunda fəlsəfə doktoru elmi dərəcələri alıb.

 

Hazırda Kaliforniya Universitetində fizika və astronomiya kafedrasının professorudur. 2004-cü ildə ABŞ Milli Elmlər Akademiyasının üzvü seçilib. “Discover” jurnalının versiyasına görə, ABŞ-ın aparıcı alimlərinin 20-liliyinə daxil olub.

 

 

Kimya üzrə

 

 

Cennifer Dudna  (Cennifer Dudna)  19 fevral 1964-cü ildə Vaşinqtonda anadan olub. Amerikalı alim, biokimyaçı, genomika  tədqiqatçısı, CRISPR-Cas9 genomunun redaktəsi texnologiyasının yaradıcılarından biridir.  1985-ci ildə Pomona kollecini (kimya üzrə, bakalavr) bitirib. 1989-cu ildə Harvard Universitetinin Tibb Məktəbində biokimya üzrə fəlsəfə doktoru elmi  dərəcəsi alıb.  Kaliforniya Berkli  Universitetinin professoru, Hovard Hughes Tibb İnstitutunun tədqiqatçısı (1997-ci ildən)  ABŞ Milli Elmlər Akademiyasının (2002) və Tibb Akademiyasının (2010) üzvü, London Kral Cəmiyyətinin xarici üzvüdür (2016).  

 

 

 

 

 

Emmanuel Şarpantye (Emmanuelle Marie Charpentier) 11 dekabr 1968-ci ildə Fransada anadan olub. Əsasən mikrobiologiya sahəsində ixtisaslaşıb. Pyer və Mari Küri Universitetini bitirib. 1995-ci ildə Paster İnstitutunun fəlsəfə doktoru elmi dərəcəsini alıb. ABŞ, Avstriya, İsveçdə işləyib. 2013-cü ildən Almaniyada çalışır. 2015-ci ildən Maks Plank Cəmiyyətinin  İnfeksiyon Xəstəliklər İnstitutunda  (CRISPR üzrə) departmanent rəhbəridir. Berlin Brandenburq Elmlər Akademiyasının (2016), Avstriya Elmlər Akademiyasının (2016), İsveç Elmlər Akademiyasının və ABŞ Elmlər Akademiyasının üzvüdür. Honkonq Elm və Texnologiya Universitetinin  fəxri doktorudur  (2017).  Genomun redaktəsi texnologiyalarının inkişafı sahəsində tədqiqatlarına görə dünyanın bir sıra nüfuzlu elmi mükafatlarına layiq görülüb.

 

 

Ədəbiyyat üzrə

 

 

Luiza Qlyuk (Louise Elisabeth Glück) 22 aprel 1943-cü ildə Nyu-Yorkda anadan olub.  2004-cü ildən  Yel Universitetinin ingilis dili professorudur. Amerika Fəlsəfə Cəmiyyətinin üzvüdür.  “Firstborn” adlı ilk şeirlər toplusu 1968-ci ildə çap olunub.  Bu kitab onu müasir Amerika ədəbiyyatının ən görkəmli şairlərindən biri edib. Bir sıra nüfuzlu ədəbi mükafatlara layiq görülüb. Onların arasında Plutser (1993), Milli kitab (2014) mükafatlarını  göstərmək olar.

 

 

 

 

 

 

 

Oruc MUSTAFAYEV

 



09.10.2020 | 12:41